Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xalq-iqtidar birliyi ölkənin uğurlu inkişafını şərtləndirir

02 Aprel 2017
 

Azərbaycan dünya miqyasında müstəqil siyasəti ilə fərqlənir və bir çox ölkələr üçün nümunəyə çevrilir

 

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Dövlət başçısının bəyan etdiyi kimi, ölkəmizin davamlı inkişafı yalnız demokratik yeniliklərin geniş tətbiqindən keçir.
Ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət göstərir.
İlham Əliyevin prezidentlik dövrü ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Ümumiləşdirilmiş tərzdə ifadə etsək, qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri ötən müddətdə Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil etmişdir. Avratlantik məkana inteqrasiya, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi siyasi mühitin, habelə ölkədə güclü insan kapitalının formalaşdırılmasına xidmət edən milli maarifçilik hərəkatının başlanması, cəmiyyətdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi və s. məsələlər də dövlət başçısının xüsusi diqqət mərkəzində olmuşdur.
İdarəetmə sisteminə novator düşüncə tərzi, dinamizm və müasirlik çalarları gətirən dövlət başçısı hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləndirməklə onların icra prosesini şəxsi nəzarətdə saxlamış, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər etmişdir. Bu nöqteyi-nəzərdən son 14 ildə regional inkişaf və qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilmiş tədbirləri xüsusi vurğulamaq olar. Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər də cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas istiqamətlərindən biri kimi diqqəti çəkir.
Son illər dünyada cərəyan edən proseslər - yaradılan süni konfliktlər göstərir ki, “soyuq müharibə”nin əsas aktorları nəinki ayrı-ayrı dövlətləri siyasi və iqtisadi nüfuz dairəsinə salmaq istəyir, hətta onların BMT tərəfindən tanınan qanuni sərhədlərini də dəyişdirir, zorakı üsullarla ərazi ilhaqına nail olurlar. Regionda sülh, sabitlik və iqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda işğalçı dövlətin qeyri-konstruktiv mövqe sərgiləməsi nəticənin əldə olunmasına əngəl yaradır.
Təəssüf doğuran haldır ki, danışıqlar prosesinə real təsir imkanlarına malik aparıcı dövlətlər və təşkilatlar problemin həllinə nail olmaq üçün konkret təzyiq mexanizmlərindən istifadə etmək istəmirlər. BMT qərarlarının səmərəli təsir gücünə malik olmadığını təşkilatın Təhlükəsizlik Şurasının Ermənistanın təcavüzkar siyasəti ilə bağlı qəbul etdiyi dörd qətnamənin kağız üzərində qalması da təsdiqləyir. İşğal faktı ilə barışmayacağını hər zaman bəyan edən Azərbaycan danışıqların nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir.
Ötən il aprelin əvvəllərində cəbhə bölgəsində yaşanan məlum hadisədən sonra rəsmi Bakının danışıqlar prosesindəki hərbi-siyasi, psixoloji mövqeyinin təmin edilməsi ATƏT-in Minsk qrupu həmsədrlərinin, habelə dünyanın əsas güc mərkəzlərinin münaqişə ilə bağlı səylərinin gücləndirilməsi baxımından əhəmiyyətli sayıla bilər. Azərbaycan qısamüddətli hərbi əməliyyatlarda qazandığı real zəfərlərlə münaqişənin həllini süni şəkildə uzatmaq yolu tutmuş qüvvələrə ciddi və sərt mesaj verdi: danışıqlar prosesi sonsuz və mənasız şəkildə uzadıla bilməz və Azərbaycan beynəlxalq hüquq normalarına söykənərək ən qısa müddətdə öz torpaqlarını azad etmək, ərazi bütövlüyünü və suverenliyini təmin etmək əzmindədir.
Azərbaycanın regionda lider mövqeyini qoruyub saxlaması və bütün sahələrdə davamlı inkişaf etməsi ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da artırıb. Bərabərhüquqlu tərəfdaşlıq və müstəqil xarici siyasət prinsiplərinə sadiq olan rəsmi Bakı hansısa dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına qətiyyətlə yol vermir. Azərbaycan qısa müddət ərzində bütün sahələrdə əldə etdiyi uğurlarla Cənubi Qafqazın lider dövləti statusuna yiyələnib. İqtisadi, siyasi, hərbi sahədə qüdrətimizin ildən-ilə əhəmiyyətli dərəcədə artması deməyə əsas verir ki, ölkəmizlə təzyiq dilində danışmaq qeyri-mümkündür. Azərbaycan yalnız onunla bərabərhüquqlu və xoşməramlı əməkdaşlıq etmək istəyən dövlətlərə öz qapılarını açır.
Prezident İlham Əliyev bu günlərdə Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsində bildirib: “Azərbaycanda sabitlik təmin olunur. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir. Azərbaycanda təhlükəsizlik tədbirləri təmin edilir, ictimai proseslər müsbət istiqamətdə gedir, vətəndaş həmrəyliyi möhkəmlənir, iqtisadi inkişaf, regionların inkişafı sürətlə gedir. Biz bu gün bir nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır? Bu nümunəni biz göstəririk və əlbəttə ki, bu siyasət xalq tərəfindən də bəyənilir, dəstəklənir. Bizim gələcək planlarımızın reallaşdırılması üçün bu, əsas amildir. Xalq-iqtidar birliyi hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amildir”.
Əgər 1993-2003-cü illərdə dövlət müstəqilliyinin daxili və xarici təhdidlərdən qorunub saxlanılması, iqtisadiyyatın dirçəldilməsi, ölkəmizin beynəlxalq arenada tanıdılması praktiki məqsədlər idisə, son 14 ildə obyektiv həyat reallıqları yeni hədəflər müəyyənləşdirmişdir. Cənab
İlham Əliyevin prezidentliyi illərində respublikamız qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir.
Azərbaycanın qlobal böhranın yeni fazaya keçdiyi bir mərhələdə əldə etdiyi davamlı inkişaf aparılan iqtisadi islahatların məqsədyönlüyündən xəbər verir. Qlobal məkanda mürəkkəb siyasi və iqtisadi proseslərin davam etdiyi, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi hazırkı şəraitdə ölkəmizdə həyata keçirilən sistemli tədbirlər böyük əhəmiyyət kəsb edir. Ötən dövrün iqtisadi qiymətləndirməsi deməyə əsas verir ki, hökumətin maliyyə sabitliyinin təmini yönümündə həyata keçirilən tədbirlər praktik baxımdan özünü doğrultmuş, Azərbaycan qlobal böhranın təsirinə ən az məruz qalan dövlətlərdən olmuşdur. Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdənsə əvvəlki illərdən yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmışdır.
İqtisadi dayanıqlığın mühüm əsaslarından olan makroiqtisadi və maliyyə sabitliyinin dərinləşdirilməsi, habelə qlobal böhranın təsirlərinin zəiflədilməsi də hökumətin fəaliyyətinin prioritet istiqamətlərindən birinə çevrilib. Böhran şəraitində daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaldıb. Ötən il kənd təsərrüfatı 2,6, ölkəmizin qeyri-neft sənayesi isə 5 faiz artıb.
İqtisadi aktivliyin hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın dayanıqlığını təmin etmiş, xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, makroiqtisadi sabitlik qorunmuşdur. Eyni zamanda iqtisadiyyatın qeyri-neft sektoruna da investisiyalar yatırılmışdır. Qeyri-neft sektorunun davamlı inkişafı, sahibkarlığın inkişafına göstərilən diqqət beynəlxalq miqyasda təqdir olunur. Azərbaycan, ABŞ-ın www.usnews.com portalının və Pensilvaniya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sorğunun nəticələrinə görə, dünyanın ən yaxşı ölkələrinin reytinqində yer alıb. Reytinqdə ölkələr turizm sektorunun inkişafı, innovasiyalar, mədəniyyət, iqtisadi artım, əlverişli biznes mühiti və tarixi irs meyarları üzrə seçiliblər.
Azərbaycan bu gün Avropanın tolerantlıq, sülh və inkişaf mərkəzlərindən biri kimi tanınır. Ölkəmizdə aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə və mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər. Azərbaycan tolerantlıq ölkəsidir. Respublikamızda yaşayan bütün xalqların və dinlərin nümayəndələri arasında tərəfdaşlıq və qardaşlıq ruhu yaratmaq məqsədilə səylər gündən-günə artırılır. Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir.
Azərbaycan dövləti demokratikləşmə yolunda qazandığı uğurlarla Avratlantik məkana inteqrasiya edir. Demokratik ideallara, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini sübuta yetirir. Təcrübə də göstərir ki, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr qarşıya qoyduqları bütün məqsədlərə tez bir zamanda yetişə bilirlər.

Elnur HACALIYEV,
“Azərbaycan”