Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Sevinirik ki, Mehriban Əliyeva kimi böyük xeyirxahımız, dayağımız var”

02 Aprel 2017
 

Qocalar evinin sakinləri Azərbaycanın Birinci vitse-prezidentinin onlara doğma övlad qədər qayğı göstərdiyini, dərdlərinə əlac olduğunu, ən əziz həmdəmlərinə çevrildiyini deyirlər

 

Ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi, onların layiqli həyat şəraitinin təmin edilməsi Azərbaycan dövlətinin daim güclənən sosial siyasətini xarakterizə edən əsas cəhətlər sırasındadır. Həyata keçirilən uğurlu siyasət Azərbaycan vətəndaşının rifahına hesablanılıb.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu siyasətin prioritetini sosial istiqamət təşkil edib: “Sosial dövlət o dövlətdir ki, sosial sahəyə, insanlara böyük diqqət göstərilir və siyasətinin mərkəzində vətəndaş dayanır. Bu gün müstəqil Azərbaycanda sosial dövlət anlayışı tam şəkildə təmin edilir. Biz bütün sahələrdə nümunəvi ölkə olmalıyıq. Elə etməliyik ki, ölkəmiz hər bir sahədə güclənsin və vətəndaşlar daha da yaxşı yaşasınlar”.
Azərbaycan Prezidentinin ağsaqqal, ağbirçək insanlara qayğıkeş münasibəti bu təbəqədən olan vətəndaşların etibarlı sosial müdafiəsinə yönələn tədbirlərin ildən-ilə geniş vüsətlə davam etdirilməsinə şərait yaradıb. Xüsusən də həyatının ahıl çağında bu və ya digər səbəblərdən tənha və köməksiz qalmağa məhkum olmuş insanlar dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunublar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri üçün pansionatı (Qocalar evi) belə insanların ehtiyac duyduqları diqqət və qayğı ilə təmin edilmələri üçün ölkəmizdə fəal dövlət siyasətinin həyata keçirildiyinin əyani nümunəsidir.
Ahıl vətəndaşlara dövlət qayğısının artırılması, onların sosial müdafiəsinin, habelə pensiya təminatının gücləndirilməsi sahəsində ardıcıl addımlar atılır. Eyni zamanda Müharibə və əmək əlilləri üçün pansionatın da hərtərəfli təminatı üçün məqsədyönlü işlər aparılır. Həyata keçirilən sosial siyasət kursunun uğurlu nəticələri bu pansionatın da
həyatında özünü aydın şəkildə göstərir.
Dövlət başçısının müvafiq tapşırığı əsasında son illərdə Müharibə və əmək əlilləri üçün pansionatda əsaslı təmir və geniş yenidənqurma işləri aparılıb. Pansionatın əsas binasında təmir işləri nəticəsində yaşayış şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmaqla, bütün kommunal sistemlərin yenilənməsi, müəssisənin 7 hektardan ibarət ərazisinin abadlaşdırılması təmin olunmaqla yanaşı, müəssisə üçün müasir tələblərə cavab verən beşmərtəbəli 170 yerlik yeni korpus inşa olunaraq ahılların istifadəsinə verilib.
Yeni korpusda yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın pansionatda yaşayan ahıllarla görüşü həmin insanların sonsuz fərəhinə səbəb olmaqla, onların yaddaşında əlamətdar hadisə kimi qalıb. Ahıllarla görüşdə dövlət başçısı Azərbaycan cəmiyyətində bütün dövrlərdə ağsaqqallara, ağbirçəklərə böyük hörmət olduğunu və dövlətimiz tərəfindən bu ənənələrin yaşadıldığını vurğulayıb: “Güclü sosial siyasət bundan sonra da davam etdiriləcəkdir. Xüsusilə yaşlı nəslə, ağsaqqallara, ağbirçəklərə daim diqqət göstərilməlidir və göstəriləcəkdir. Belə gözəl müəssisələrin yenidən qurulması və bütün işlərin müasir səviyyədə təşkili Azərbaycan dövlətinin siyasətini və iradəsini əks etdirir.
Biz bütün sahələrdə nümunəvi ölkə olmalıyıq. Elə etməliyik ki, ölkəmiz hər bir sahədə güclənsin və vətəndaşlar daha da yaxşı yaşasınlar. Əlbəttə, inkişaf etmiş ölkələrdə yaşlı nəsil üçün evlər, pansionatlar, sanatoriyalar tikilir. Ancaq fərq ondan ibarətdir ki, orada bütün xidmətlər pulludur. Kimin pulu var, gedir orada yaşayır, kimin pulu yoxdursa, necə deyərlər, qalır ağır vəziyyətdə. Burada isə dövlət bütün xərcləri öz üzərinə götürmüşdür. Yəni sizin bütün təminatınız, burada yaradılan bütün şərait və gələcəkdə bu pansionatın istismarı - bütün işlər dövlətin hesabına görüləcəkdir. Bu, bir daha göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, Azərbaycan insanıdır”.
Bu gün pansionatda tənha ahıllar üçün qabaqcıl beynəlxalq təcrübədən irəli gələn meyarlar əsasında yaşayış şəraiti mövcuddur. Ahılların keyfiyyətli tibbi-sosial xidmətlə təmin olunmaları, onların asudə vaxtlarını mənalı keçirmələri üçün lazımi şərait yaradılıb. Burada kitabxana və idman zalları, ahılların özünüməşğulluğu, müəyyən əl işləri hazırlamaları üçün emalatxanalar sakinlərin istifadəsindədir. Burada yaşayan insanların tibbi problemlərinin həlli daim nəzarətdə saxlanılır, onların sağlamlığına xüsusi diqqət göstərilir. Bir sözlə, Bakının Bilgəh qəsəbəsində yerləşən bu pansionata daxil olan hər kəs burada yaradılan şəraiti, göstərilən xidmətləri görərək Azərbaycan dövlətinin öz ahıl insanlarına nə qədər diqqət və qayğı ilə yanaşdığına bir daha əmin olur.
Pansionatın direktoru Qətibə Əsədova deyir ki, ömrünün ahıl çağında bu və ya digər səbəblərdən tənha qalmış insanlar pansionatda özlərini qayğı əhatəsində hiss edərək, tənhalığın acısını unudurlar. Onlar burada daimi və tam dövlət himayəsində olmaqdan könül rahatlığı tapırlar, unudulmaq, tərk edilmək, atılmaq qorxusunu özlərindən birdəfəlik uzaqlaşdırırlar: “Tənha ahıl insanlar pansionatımızda daimi olaraq yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar. Başqa sözlə, bu pansionat onlar üçün daim özlərini qayğı əhatəsində, mehriban münasibət gördükləri doğma bir ev kimidir. Onlar rahat yaşayış şəraitinə malikdirlər, ehtiyac duyduqları sosial xidmətlərlə stasionar şəraitdə layiqli səviyyədə təmin olunmaları üçün bütün işlər görülür”.
Q.Əsədova bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən həyata keçirilən humanist layihələr, nəcib tədbirlər Müharibə və əmək əlilləri üçün pansionatın sakinlərini də əhatə edir: “Heydər Əliyev Fondunun dəstəyi ilə burada ahılların özlərini qayğı, dəstək mühitində hiss etmələri, tənhalıq xiffəti çəkməmələri üçün mütəmadi olaraq xeyirxah aksiyalar keçirilir. Ahıllara fərəhli hislər bəxş edən müxtəlif tədbirlər təşkil olunur. Həmçinin onların sağlamlığına diqqət yetirilir, pansionat sakinlərinin vaxtaşırı olaraq pulsuz tibbi müayinələri təşkil edilir, xəstəliklərinin erkən aşkarlanması və qarşısının alınması üçün müvafiq işlər aparılır. Leyla xanım Əliyeva tez-tez pansionatımıza gəlir, ahıl, ağbirçək insanlarla görüşür, onların ürək sözlərini dinləyir. Bütün bunlar ahıl insanlar üçün ilk növbədə çox böyük mənəvi dəstəkdir. Belə görüşlərin hər biri ahıl insanlarda sonsuz sevinc, fərəh hissi yaradır. Onlar bir daha dərk edirlər ki, heç də həyatda tənha deyillər, Azərbaycan dövləti daim onların himayədarıdır”.
Hazırda müəssisədə 241 nəfər ahıl şəxsin yaşadığını, onlardan 107 nəfərinin kişi, qalanlarının qadınlar olduğunu qeyd edən Q.Əsədova pansionat sakinlərinin asudə vaxtının mənalı keçməsi üçün müvafiq işlərin görüldüyünü də diqqətə çatdırdı.
Pansionatda qocalarla həmsöhbət olduq. Tənha ahıl insanlar onlara göstərilən dövlət qayğısından, o cümlədən burada onlar üçün yaradılan şəraitdən, təminatlarının həyata keçirilməsindən razılıqlarını ifadə etdilər.
Abbas İlyaszadə artıq yaşının 80-i keçdiyini, ölkəmizin, dövlətin daim inkişaf etməsinin bir ahıl vətəndaş kimi onu çox sevindirdiyini, eyni zamanda ahıllara qayğının artmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
Həbib Qənbərov isə vurğuladı ki, əvvəllər tənhalıq dərdi çəksə də, bu pansionata gələndən sonra heç də özünü tənha hiss etmir: “Dövlət qayğımıza qalır, heç bir problemimiz yoxdur. Burada da mehriban bir ailə kimiyik, ona görə də mən heç də tənha deyiləm. Sevinirəm ki, mənə, mənim kimi insanlara daim dayaq duran, yıxılmağa qoymayan, bizi tənhalıq çətinliyindən qoruyan dövlətimiz - Azərbaycan dövləti var və dövlətimizlə, dövlətimizin rəhbəri ilə fəxr edirik. Sevinirik ki, Mehriban xanım Əliyeva kimi böyük xeyirxahımız, dayağımız var. Bu şəxsiyyət sanki bizə doğma övlad qədər qayğı göstərir, dərdimizə əlac olur, ən əziz həmdəmimizə çevrilir”.
O və digər ahıl sakinlər təminatlarının mütəmadi olaraq artırılmasından razılıq etdilər. Ahıllar bu panisonatda yaradılan gözəl yaşayış şəraitinin, hərtərəfli təminatın məhz Azərbaycan Prezidentinin ahıllara yüksək diqqət və qayğısından irəli gəldiyini yekdilliklə vurğuladılar və dövlət başçısına minnətdarlıqlarını ifadə etdilər. Eyni zamanda bildirdilər ki, Heydər Əliyev Fondu da ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaşlı insanlarla, müharibə veteranları ilə görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır. Bu kateqoriyadan olan insanlar üçün müxtəlif tədbirlər təşkil olunur.
Ümumiyyətlə, bu gün Azərbaycan ahıllarla bağlı milli və ümumbəşəri dəyərlərə söykənən dövlət siyasətinin həyata keçirildiyi, ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, onlara dövlət qayğısının artırılması üçün məqsədyönlü işlərin aparıldığı, ahıllara hörmət və ehtiramla yanaşılan ölkələrdən biridir. Dövlət başçısının müvafiq fərman və sərəncamlarına, təsdiq etdiyi müvafiq dövlət proqramlarıına, digər sənədlərə əsasən ölkəmizdə ahılların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də pensiya təminatının daim gücləndirilməsidir. 2006-cı il yanvarın 1-dən ölkəmizdə tətbiq edilən müasir sığorta-pensiya sistemi hər il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur və Prezident İlham Əliyev tərəfindən hər il müvafiq sərəncamlar imzalanır.
Ahıllardan bir hissəsi də İkinci Dünya müharibəsi iştirakçılarıdır. Hər il İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin ildönümü ərəfəsində Azərbaycan Prezidenti tərəfindən müvafiq sərəncam imzalanaraq, həmin müharibənin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilir. Azərbaycan MDB-yə üzv ölkələri arasında 1941-1945-ci illər müharibəsi iştirakçılarına ən yüksək məbləğdə birdəfəlik maddi yardım verilən ölkədir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 aprel tarixli 108 saylı Qərarı ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”na əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun yerli orqanları tərəfindən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlillər və sağlamlıq imkanları məhdud uşaqlara, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilir. Bu sahədə işlərin davamı olaraq 2016-cı ildə 11,6 min nəfərədək müvafiq şəxsə evdə sosial-məişət xidməti göstərilib ki, onlardan böyük əksəriyyətini məhz ahıllar, yəni yaşı 70-dən yuxarı olanlar, digərlərini I və II qrup əlillər təşkil edib. Onlar üçün müxtəlif ictimai-iaşə, ticarət, kommunal xidmətlərlə yanaşı, hüquqi məsləhət yardımları da təşkil olunur. Ahıl şəxslərin dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təminatı sahəsində də tədbirlər görülür. Eyni zamanda ölkəmizdə ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi və layiqli həyat şəraitinin təmin edilməsinə, eləcə də həyatının ahıl çağında bu və ya digər səbəblərdən tənha və köməksiz qalmağa düçar olmuş insanların dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunmasına yönəlmiş kompleks işlər aparılır.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”