Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət idarəçiliyinin Azərbaycan modeli

31 Mart 2017
 

İLHAM ƏLİYEV çevik və səmərəli idarəetmənin, xalqa layiqli xidmətin ən mükəmməl nümunəsini yaradıb

 

Qlobal böhranın mənfi təsirlərinə rəğmən, Azərbaycan öz sosial-iqtisadi nailiyyətləri ilə yenə də bütün dünyada ən yaxşı inkişaf göstəricilərinə malik ölkə statusunu qoruyur. Martın 28-də Saatlı rayonunda keçirilmiş müşavirə zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu davamlı tərəqqi formulunu dörd başlıca amillə izah etdi: uğurlu iqtisadi siyasət, regionların inkişafı, yeni təşəbbüslər və islahatlar.
Məhz bu amillərin vəhdəti ən çətin şərtlər altında belə ölkəmizin inkişafını təmin edir, iqtisadi böhran vəziyyətlərinin məqsədyönlü şəkildə idarə edilməsində qazandırdığı təcrübə ilə Azərbaycanı daha da gücləndirir.
Bu gün qlobal iqtisadiyyatda baş verən proseslər istər-istəməz 1929-cu ildə Amerikada başlanaraq 1939-cu ilə qədər davam edən və miqyasına görə bütün dünyanı saran “Böyük depressiya”nı xatırlatmaqdadır. Müasir böhran mənzərələrini “Böyük depressiya” illərindəki reallıqlarla bir çox ortaq cəhətlər birləşdirir. O zaman da maliyyə sektorunda başlanan mənfi tendensiyalar tədricən real iqtisadiyyata keçərək fond bazarını iflas etmiş, istehlakçı tələbatı asağı düşmüş, müəssisələr müflis olmuş, işsizlik yüksəlmiş, pul dəyərini itirmiş və bu böhranın dalğalarından ən çox sənaye şəhərləri zərər çəkmişdi. İndi də qlobal iqtisadi məkanda bənzər meyillər izlənməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəni qlobal maliyyə böhranından qoruya bildi. Aparılan düzgün siyasət nəticəsində Azərbaycan bu böhranın mənfi təsirlərindən ən az ziyan çəkən ölkələrdən oldu. Respublikamızın qlobal böhranın növbəti dalğalarından da mümkün qədər ziyansız ötüşməsindən ötrü məqsədyönlü dövlət siyasəti indi daha böyük əzmkarlıqla davam etdirilir. Son illərdə dünya birjalarında neftin qiymətinin aşağı düşməsi faktının, makroiqtisadi həyatında neft amili mühüm rol oynayan digər ölkələr kimi, Azərbaycan üçün də yaratdığı müxtəlif problemlərin aradan qaldırılmasından ötrü müvafiq addımlar atılır. Azərbaycan iqtidarı bu sahədə də dövlət idarəçiliyinin ən mükəmməl nümunəsini göstərir.

 

Dünya yeni sənaye inqilabı qarşısında

 

2014-cü ildən etibarən dünya bazarında neftin qiyməti ilə bağlı yaranmış böhranın bir sıra siyasi amillərlə bağlılığı çoxumuza məlumdur. Bununla belə, mövcud vəziyyətdə, fikrimizcə, tarixi təkamül prosesinin də müəyyən təzahürlərini axtarmaq olar.
Dünyanın artıq 3-cü sənaye inqilabının astanasında olması bir reallıqdır. Cəmiyyət üzvlərinin böyük əksəriyyətinə ən azı nəzəri şəkildə tanış olduğu “süni intellekt”, robotlar, “əşyaların interneti” fenomeni, “3-D printer” məhsulları, nanotexnologiya, biotexnologiya, kuantum hesablamalar, enerjinin stoklanması, bərpaolunan enerjidən istifadə, özünüidarəedən nəqliyyat vasitələrinin meydana çıxması və s. növbəti sənaye inqilabının artıq həyatımıza daxil ola bilmiş ilk nümunələridir.
Üçüncü sənaye inqilabı konsepsiyasının əsas müəllifi sayılan Amerika iqtisadçı-sosioloqu Jeremi Rifkin yaxın gələcəkdə bütün dünyada formalaşacaq yeni iqtisadi sistemi “paylaşılan iqtisadiyyat” kimi şərh edir. Sadə dildə desək, bu gün adi insanlar heç bir maddi mənfəət güdmədən öz yazılarını, biliklərini, qısa videolarını, şəkillərini, musiqi nümunələrini və s. sosial şəbəkələr üzərindən başqaları ilə paylaşdıqları kimi, çox yaxın zamanlardan etibarən istehsal etdikləri alternativ enerji ehtiyatlarını, “3-D printer” vasitəsilə yaratdıqları maddi məhsulları da qarşılıqlı şəkildə bölüşə biləcəklər. Tarixdə yeni sosial-iqtisadi eranı mümkün qədər hazırlıqlı şəkildə qarşılamaq, onun yaratdığı yeni reallıqları böhran kimi deyil, imkan qismində dəyərləndirərək onlardan faydalanmaq hər bir cəmiyyətin bu ərəfədə apardığı köklü islahatlardan, yeni mühitə uyğunlaşma proseslərindən keçir.
Son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi, yüksək qətiyyəti sayəsində və irəli sürdüyü əsas istiqamətlər üzrə ölkəmizdə həyata keçirilən genişmiqyaslı, davamlı islahatlar məhz bu məntiqə əsaslanır. Ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, idxaldan asılılığın azaldılması, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafının təmin olunması, insan kapitalının formalaşdırılması və ondan səmərəli istifadə belə həlledici bir məqamda Azərbaycanı nəinki neqativ təsirlərdən qoruya, üstəlik, dövrün qlobal çağırışlarına çevik reaksiyalar ölkəmizi qlobal inkişaf proseslərinin önünə çıxara bilər.

 

Aydın məqsəd, dəqiq hədəf, səfərbəredici güc

 

Belə bir mərhələdə Azərbaycanın ən böyük uğuru Prezident İlham Əliyevin timsalında peşəkar menecer təfəkkürünə, aydın vizyona, gələcəklə bağlı dəqiq strateji hədəflərə və bu hədəflərə çatmaq üçün səfərbəredici gücə malik qüdrətli rəhbərə malik olmasıdır. Əksər dünya və region ölkələrini sarsıdan qlobal maliyyə-iqtisadi böhranının mənfi təsirlərinin aradan qaldırılması məqsədilə son 3 ildə respublikamızda həyata keçirilən sistemli və məqsədyönlü tədbirlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin praqmatik və rasional liderlik keyfiyyətlərini bir daha qabarıq şəkildə üzə çıxarır.
Ölkə rəhbərliyi hər bir konkret mərhələdə respublika qarşısında hansı əsas problemlərin, vəzifələrin dayandığını yaxşı bilir. Onların həlli üçün mükəmməl konsepsiyaların hazırlanaraq icrasını təmin edir. Bunun sayəsində respublikamız qlobal təlatümlərin ən gərgin dönəmlərində də öz yolunu davam etdirməyə, inkişafın yeni mərhələsində nailiyyətlərin sırasını genişləndirməyə müvəffəq olur.
Böhranın real miqyasını və mümkün nəticələrini ilk gündən rasional düşüncə ilə nəzərə alan dövlət başçısının mövcud resurslardan maksimum səmərəli şəkildə bəhrələnməklə yürütdüyü antiböhran strategiyası dərin elmi əsaslara söykənir. Ölkə başçısının irəli sürdüyü vəzifələrə uyğun olaraq bu gün Azərbaycanın qeyri-neft sektorunda aparılan genişmiqyaslı, sürətli islahatların əsas prioritetləri məlumdur. Respublikamızda sənaye istehsalı gücləndirilir, texnoparklar, regionlarda sənaye zonaları formalaşdırılır. Xarici investisiyaların Azərbaycana, xüsusilə iqtisadiyyatın qeyri-neft sektoruna daha böyük həcmdə cəlb edilməsi, bunun hesabına əlavə müəssisələrin və iş yerlərinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. İqtisadiyyatın ixrac qabiliyyətinin artırılması, idxaldan asılılığın aradan qaldırılması, keyfiyyətli kənd təsərrüfatı məhsullarının ixracı sahəsində ənənəvi bazarlarda mövqeyin gücləndirilməsi, yeni bazarların müəyyənləşdirilməsi məqsədilə ardıcıl addımlar atılır. Ölkədə biznes mühiti yaxşılaşdırılır. Bu sahədə bürokratik əngəllər tədricən aradan qaldırılır. Sahibkarlığın inkişafına dövlət dəstəyi davam etdirilir. İş adamlarına güzəştli kreditlər verilir. Yerli sahibkarların Azərbaycan iqtisadiyyatına, xüsusilə kənd təsərrüfatına, sənaye və xidmət sektoruna daha çox investisiya yatırması üçün stimullaşdırıcı tədbirlər görülür. Əlavə istehsal sahələri yaradılır. İnformasiya-kommunikasiya sektorunun inkişafı istiqamətində işlər görülür. Bu sektorun böyük potensialından səmərəli istifadə edilir.
Azərbaycana böyük gəlirlər gətirəcək nəqliyyat dəhlizlərinin daha da səmərəli işləməsi ilə bağlı qərarların qəbulu, ölkəmizin regionun tranzit mərkəzi statusunun möhkəmləndirilməsi, böyük turizm potensialına malik respublikamızda bu sektorun inkişafı üçün yerli və xarici sərmayənin cəlbi, Azərbaycanın digər məqbul zonalarında turizmin inkişaf etdirilməsi də aparılan sosial-iqtisadi islahatların mühüm tərkib hissəsidir.
İslahatların ikinci mühüm istiqaməti isə maliyyə sektorunu əhatə edir. Qarşıda duran əsas vəzifələrdən biri kimi maliyyə sisteminin və valyuta bazarının tənzimlənməsi istiqamətində qəti addımlar atılır. Bank sektorunda islahatlar aparılır, nağdsız ödəmələrin genişləndirilməsi məqsədilə tədbirlər həyata keçirilir. Fiskal təşviq mexanizmləri tətbiq edilir. Gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaflaşdırılması yönündə işlər gedir.

 

Sınaq ilinin uğurlu nəticələri

 

Antiböhran tədbirlərinin ilk müsbət nəticələri artıq ortadadır. Bu nəticələri çağdaş tariximizdə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “dərin islahatlar ili” kimi xatırlanacaq 2016-cı ilin yekunlarında izləyə bilərik. Bütün obyektiv çətinliklərə rəğmən Azərbaycan iqtisadiyyatı 2016-cı ildə də inkişaf edib, qarşıya qoyulmuş bütün əsas vəzifələr icra olunub. Ölkədə kənd təsərrüfatı 2,6 faiz, qeyri-neft sənayesi 5 faiz artıb, regionların inkişafına 4 milyard manat vəsait yönəldilib. Azərbaycanın şəhər və rayonlarında sosial-iqtisadi inkişafın sürətləndirilməsi, bəzi mühüm layihələrin icrası məqsədilə imzalanmış 67 sərəncam əsasında 261 milyon manat vəsait ayrılıb. Ötən il verilmiş 84 investisiya təşviqi sənədi ilə reallaşdırılacaq layihələr nəticəsində regionlara 1 milyard manatdan çox investisiya yatırılacaq və 6700 yeni iş yeri açılacaq. Layihələrin 38 faizi kənd təsərrüfatı, 62 faizi sənaye sahələrində reallaşdırılacaq. Onların 40 faizi Bakıətrafı qəsəbələrə və Abşeron rayonuna, 60 faizi isə digər şəhər və rayonlara aiddir.
Regionların qeyri-bərabər inkişafının qarşısının alınması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı sənədlərin icra vəziyyəti ilə tanış olmaq, sıravi insanlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq məqsədilə Azərbaycanın müxtəlif rayonlarına vaxtaşırı səfərlər edən cənab İlham Əliyev bu ənənəni hər zaman davam etdirir. Vətəndaşlarla birbaşa təmasa üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən və dərhal həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırır. Azərbaycan Prezidentinin 2016-cı ildə 21 şəhər və rayona şəxsən səfər etməsi, 64 yeni obyektin açılışında, 3 təməlqoyma mərasimində iştirakı xalqa, dövlətə sədaqətlə xidmət prinsipinin, bölgələrə qayğı siyasətinin bütün dövrlərdə davamlı olduğunu bir daha təsdiqləyir. Görülən işlərin nəticəsidir ki, bu ildən dövlət büdcəsindən dotasiya almayan şəhər və rayonların sayı 7-dən 34-dək, yəni 5 dəfəyədək artıb.
Əvvəlki dövrlərlə müqayisədə obyektiv səbəblərdən maliyyə imkanlarının məhdudluğuna rəğmən bir sıra sosial infrastruktur layihələri 2016-cı ildə də uğurla davam etdirilib. İl ərzində 485 məktəb təmir olunub, 29 yeni məktəb, 41 xəstəxana tikilib və ya təmir edilib. Bölgələrdə əhalinin içməli su probleminin, elektrik enerjisi və təbii qaz təchizatının daha da yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Ölkə üzrə böyük yol layihələrinin icrası yerinə yetirilib. Respublikamızın bir neçə şəhərində içməli su layihələri başa çatıb. Bütün infrastruktur layihələrinin icrası, müasir infrastrukturun yaradılması, elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorasiya problemlərinin həlli, kənd yollarının, magistral yolların çəkilməsi hökumət üçün prioritet məsələlərdir. Sürətli sosial-iqtisadi inkişafa təkan verən bu layihələrin perspektivlərini, eləcə də biznes mühitinin daha da yaxşılaşdırılması üçün görülən işləri Saatlı rayonunda keçirilmiş müşavirədə Prezident İlham Əliyev belə əsaslandırdı: “İnfrastruktur layihələri icra olunandan sonra biznes üçün daha da yaxşı şərait yaradıldı. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl siyasət aparır, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, yeni ixrac bazarlarının araşdırılması və o bazarlara çıxmağımız ölkəmizin hərtərəfli inkişafına gətirib çıxarıb. Biz fəaliyyətimizi gələcəkdə də uğurla davam etdirəcəyik”.
Bütün bunlar vətəndaşlarımız üçün yeni iş yerlərinin yaranması, əhalinin rifah halının yüksəlməsidir. Qeyd edək ki, bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki ölkəmizdə işsizlik çox aşağı səviyyədədir və dövlət rəhbərinin tapşırıqlarına uyğun olaraq bu problemin aşağı səviyyədə saxlanmasından ötrü mümkün bütün addımlar atılır.
Ölkəmizin zəngin pambıqçılıq ənənələrinin bərpası ilə əlaqədar olaraq bu il ancaq pambıq becərən 22 rayonda 200 min yeni iş yeri açılıb. Növbəti illərdə bu rəqəm daha da artacaq. Cənab İlham Əliyev təhlillərə əsaslanaraq bəyan etdi ki, nəticə etibarilə biz 200 min hektarda pambıq yetişdirə bilərik və bu işlərdə minimum 300 min insan işləyərək pul qazanacaq: “Neftdən əldə edilən vəsaiti bu sahəyə qoyuruq ki, camaat daha da yaxşı dolansın, işləsin, pul qazansın, halal zəhmətlə dolansın. Biz yaxşı pul qazanmaq üçün imkanlar yaradırıq. Ona görə pambıqçılığın inkişafı Prezident kimi mənim üçün ilk növbədə sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir”.
Azərbaycan dövləti sahibkarların qüdrətli hamisidir. Təbii ki, bu da Azərbaycan Prezidentinin sahibkarıq fəaliyyətinə diqqət və qayğısından, bu sahəyə siyasi dəstəyindən irəli gəlir. Ölkə başçısı hər il sahibkarlarla görüşlər keçirir, problemlərinin həllinə dəstək olur, onları ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymağa həvəsləndirir, eyni zamanda dövlət sahibkarlara böyük maliyyə dəstəyini də əsirgəmir.
Əlverişli biznes mühitindən irəli gələrək ötən il ölkə iqtisadiyyatına 8 milyard dollar xarici, 3,7 milyard dollarsa daxili sərmayə qoyulub. Beləliklə, 2016-cı ildə qoyulan sərmayələrin həcmi 11 milyard 700 milyon dollar olub. Azərbaycanı bu istiqamət üzrə dünya miqyasında ən qabaqcıl yerlərdə qərarlaşdıran belə bir göstərici ölkəmizin etibarlı tərəfdaş imicini qoruduğunu, cəmiyyətimizdəki sabitlik və inkişaf mühitini göstərir.
“Made in Azerbaijan” brendi artıq dünyaya yayılmaqdadır. İndi ölkə rəhbərliyinin xarici ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi bütün görüşlərdə Azərbaycan məhsullarının xaricə ixracı məsələsi xüsusi prioritet təşkil edir. Bu məsələdə sahibkarlara böyük siyasi dəstək nümayiş etdirən Azərbaycan Prezidenti sahibkarların özlərini də fəal olmağa, yeni bazarlara çıxmaq üçün çalışmağa çağırır.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında inkişaf proseslərinin növbəti illərdə daha da intensiv şəkildə davam edəcəyini bildirib: “İqtisadi sahədə 2016-cı ildə önəmli addımlar atılmışdır. 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Bu il ərzində qəbul edilmiş qərarlar, qanunlar, mənim tərəfimdən imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir və bizə imkan verir ki, gələcəkdə qeyri-neft sektorunun hesabına inkişaf edək. Qəbul edilmiş qərarlar artıq öz nəticəsini verməkdədir. Əminəm ki, bu nəticələr bu il və bundan sonrakı illərdə daha da qabarıq şəkildə özünü göstərəcək”.
Bu əminlik Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı ilə bağlı aydın hədəflərə, düzgün istiqamətlərə, bu hədəflərin əldə olunması üçün ortaya qoyulmuş siyasi iradəyə əsaslanır. Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” sərəncamı bu baxımdan milli dövlətçilik tariximizin son dərəcə mühüm sənədlərindən sayıla bilər. Əsas məqsədi keyfiyyətcə yeni mərhələdə iqtisadi inkişafı stimullaşdırmaq və böhranın mənfi təsirlərini aradan qaldırmaqdan ibarət olan bu sərəncamda, müvafiq olaraq, milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Hesablamalara görə, 2020-ci ilədək nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsi üçün iqtisadiyyata təxminən 27 milyard manat investisiya qoyuluşu proqnozlaşdırılır. Bu investisiyalar Azərbaycan iqtisadiyyatı üçün 2020-ci ilədək müəyyən edilmiş hədəflərdən əlavə, gələcək üçün nəzərdə tutulmuş hədəflərə təsir baxımından da təməl rolunu oynayacaqdır. Prioritet sektorlar və ya iqtisadiyyatın digər sektorları üzrə yeni strateji hədəflərin müəyyənləşdirilməsi Azərbaycana Strateji Yol Xəritəsinin prioritetlərinin müsbət trayektoriyası ilə daha yüksək hədəflərə çatmağa kömək edəcəkdir.
Bütün bunlar göstərir ki, Azərbaycan dövləti müasir dünyamızda nə istədiyini bilir və qlobal inkişaf proseslərindən milli maraqlar naminə faydalanmaq üçün aydın, əsaslandırılmış və ardıcıl fəaliyyət kursuna malikdir.

 

Yeni islahatlar modeli

 

Ölkəmizdə həyata keçirilən siyasət iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni - Azərbaycan modelinin formalaşmasına zəmin yaradıb. Son 14 ildə tam şəkildə formalaşan və dünyada tanınan bu modelin fərqləndirici xüsusiyyətini inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması, sosialyönümlüyün gözlənilməsi, mütərəqqi dünya təcrübəsindən istifadə təşkil edir.
Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafına zəmin yaradan ən mühüm faktorlardan biri bu prosesin hüquqi-siyasi təkmilləşmə və demokratikləşmə ilə paralel aparılması, bu iki istiqamətin bir-birini uğurla tamamlamasıdır. Tarixdən də məlumdur ki, iqtisadi inkişaf sarıdan geri qalan cəmiyyətlərdə demokratik meyarların öz yerini tutması mümkün olmadığı kimi, mükəmməl hüquqi-siyasi prinsiplərin prioritet sayılmadığı ölkələrdə də əsaslı sosial-iqtisadi nailiyyətlərin qazanılması mümkünsüzdür.
Bu iki istiqamət arasındakı paralelliyi təmin edən ən mühüm amil ilk növbədə Azərbaycandakı sabitlikdir. Bu sabitliyin təminatçısı isə Azərbaycan xalqıdır. Dövlət rəhbərimizin də qeyd etdiyi kimi, Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir. Azərbaycanda təhlükəsizlik tədbirləri təmin edilir, ictimai proseslər müsbət istiqamətdə gedir, vətəndaş həmrəyliyi möhkəmlənir: “Biz bu gün bir nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır? Bu nümunəni biz göstəririk və əlbəttə ki, bu siyasət xalq tərəfindən də bəyənilir, dəstəklənir. Bizim gələcək planlarımızın reallaşdırılması üçün bu, əsas amildir. Xalq-iqtidar birliyi hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amildir”.
Azərbaycanda davamlı şəkildə həyata keçirilən hüquqi islahatlar, o cümlədən konstitusiya islahatları da demokratik inkişaf və iqtisadi tərəqqi arasında paralelliyin, uzlaşmanın təmin olunmasına yönəlib. Bu mənada Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən və ötən ilin sentyabr ayının 26-da ümumxalq səsverməsinə çıxarılaraq yekdilliklə qəbul edilən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının mühüm tarixi əhəmiyyəti oldu. Konstitusiya islahatlarına əsasən, Ana Qanunumuzun 23 maddəsində dəyişiklik edildi. Eyni zamanda sənədin mətninə 6 maddə əlavə olundu. Bu dəyişiklik və əlavələr əsasən insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi, siyasi idarəçilik təsisatlarının fəaliyyətinin inkişafı kimi məsələləri əhatə edirdi. Xüsusilə qeyd etməliyik ki, 23 dəyişikliyin 16-sı, yəni dörddən üçü insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Bu mənada ümumxalq səsverməsi Azərbaycan dövlətinin və xalqımızın demokratiya yolu ilə inamla irəliləməsini bir daha sübut etdi. Seçicilərin böyük mütəşəkkilliklə səsvermədə iştirakı, mütləq əksəriyyətin əlavə və dəyişikliklərə müsbət münasibət bildirməsi ilə Prezident İlham Əliyevə ümumxalq dəstəyinin daha bir ifadəsinə çevrilən bu referendumun nəticələri bütün parametrlər üzrə Azərbaycanın gələcək inkişafı üçün çox böyük əhəmiyyət daşıyır.
Çünki ümumxalq səsverməsi ilə Konstitusiyaya edilən əlavə və dəyişikliklər nəticə etibarilə insan hüquq və azadlıqlarının daha etibarlı təminatına, sosial-iqtisadi inkişafın davamlığına, dövlət idarəçiliyinin daha da təkmilləşməsinə, yeni modelə əsaslanan inzibati institutların formalaşmasına mühüm töhfədir.
Keyfiyyətcə yeni mərhələdə elə Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi başlıca hədəflərdən biri də məhz aktual iqtisadi çağırışlara cavab verə biləcək hökumət idarəetmə modelinin formalaşdırılması, şəffaflığın və hesabatlığın artırılmasıdır. Aparılan islahatların mühüm bir istiqamətini də məhz struktur dəyişiklikləri, idarəetmənin təkmilləşdirilməsi və neqativ hallarla mübarizə təşkil edir. Bir-birini təkrarlayan, yaxud bir o qədər də lazım olmayan qurumlar dövlət orqanlarının strukturunun optimallaşdırılması, fəaliyyət mexanizminin operativliyinin, çevikliyinin təmin olunması məqsədilə birləşdirilir, yaxud ləğv edilir. Korrupsiya, rüşvətxorluq və digər bu kimi neqativ hallara qarşı mübarizə gücləndirilir, bu gün bütün dünyada mükəmməl bir Azərbaycan brendi kimi rəğbət doğuran “ASAN xidmət”in fəaliyyəti genişləndirilir. Maliyyə nəzarəti daha da gücləndirilir. Dövlət qurumlarının xərclərinə ciddi nəzarət həyata keçirilir. Səmərəsiz xərclərin, eləcə də süni qiymət artımının qarşısı alınır.
Bütün bunlar mövcud resurslardan daha məqsədyönlü şəkildə faydalanmağa, dövlət idarəçiliyi sisteminin çevikliyinin, səmərəliliyinin artırılmasına, dövrün çağırışlarına uyğun yeni menecment modelinin formalaşmasına kömək göstərir. Şübhəsiz, belə bir hökumətin formalaşdırılması istər ictimai münasibətlər sisteminin normal məcrada tənzimlənməsi, vətəndaşların hökumətə etimadının daha da artırılması, istərsə də vətəndaş-məmur münasibətlərinin keyfiyyətcə yeni müstəviyə yüksəldilməsi baxımından mühümdür.

 

İdarəetmə sistemi modernləşir

 

Son aylar ölkə həyatında baş verən ən əhəmiyyətli hadisələrdən biri də müvafiq konstitusiya dəyişikliklərindən irəli gələrək dövlət idarəçilik sistemində təsis edilmiş Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə görkəmli ictimai xadim Mehriban Əliyevanın təyin edilməsi oldu. Ölkə vətəndaşlarının böyük sevinc və ümidlə qarşıladıqları bu təyinat respublikamızda aparılan islahatların məntiqi davamı və ölkədə yeni bir tarixi reallığın başlanğıcıdır. Bu reallığın xarakterini, Azərbaycanın gələcəyi üçün yaratdığı möhtəşəm perspektivləri ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş şəxsiyyətin mənəvi keyfiyyətləri, Azərbaycan xalqına və dövlətinə olan sevgisi, indiyə qədər daşıdığı bütün vəzifələrdə cəmiyyətimizə və ümumən bəşəriyyətə qazandırdığı nailiyyətlər təyin edir.
Bu, təsadüfi bir təyinat olmayıb, uzun illərdən bəri ölkəmizin, eləcə də dünyanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan Mehriban Əliyevaya ümumxalq rəğbətindən, cəmiyyətin sosial sifarişindən, eyni zamanda belə həlledici mərhələdə islahatlar prosesinə böyük dəstək ola biləcək bacarıqlı təşkilatçı, yüksək səriştəli menecer kimi Mehriban xanımın peşəkar imkanlarından dövlət idarəçiliyində də istifadə zərurətindən irəli gələn bir qərardır.
O, indiyə qədər yerinə yetirdiyi bütün vəzifələrdə öz potensialını, yüksək məsuliyyət hissini, təşkilati-idarəetmə məharətini ortaya qoyduğu parlaq nəticələrlə təsdiqləyib. Mehriban Əliyeva sıralarında 700 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının sədr müavini kimi xeyli müddətdən bəri siyasi proseslərin fəal iştirakçısıdır. Onun partiyanın ali rəhbərliyində təmsilçiliyi bu qurumun gücünü daha da artırıb, cəmiyyətin ictimai-siyasi həyatında qadın fəallığı ənənələrinin inkişafına stimul yaradıb. Mehriban xanım Əliyeva ötən əsrin 90-cı illərinin ortalarından bəri genişmiqyaslı, sistemli, ardıcıl layihələrlə milli mədəniyyətimizi bütün dünyada təbliğ edir. 2004-cü ildən fəaliyyət göstərən və bu gün regionun ən böyük və nüfuzlu ictimai təşkilatlarından birinə, insanların ümid yerinə çevrilmiş Heydər Əliyev Fondunun prezidenti kimi o, hər biri Azərbaycan və ümumilikdə bəşəriyyət üçün tarixi əhəmiyyət daşıyan proqramlar, layihələr gerçəkləşdirir. Bu proqram və layihələrin nəticələrindən milyonlarla adam faydalanıb və bu gün də faydalanmaqdadır.
Təlqin etdiyi xeyirxahlıq, mərhəmət, maarifçilik kimi ali dəyərlər, yer üzündə sülhə, mədəni dəyərlərin qorunmasına, sivilizasiyalararası dialoqa verdiyi töhfələr beynəlxalq aləmdə Mehriban xanım Əliyevaya böyük nüfuz qazandırıb. UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi o, bütün dünyada Qərb və Şərq dünyasının bu iki yüksək statusunu eyni vaxtda daşıyan ilk və yeganə şəxsiyyətdir.
Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü kimi Mehriban xanım Əliyevanın Azərbaycan idmanının inkişafında da böyük rolu var. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin, 2015-ci ildə I Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi bu mühüm tədbirlərin Təşkilat Komitəsinin rəhbəri kimi Mehriban Əliyevanın gərgin zəhmətinin, yüksək təşkilatçılıq qabiliyyətinin, ölkə rəhbərinin böyük əminliklə ona həvalə etdiyi mühüm vəzifəni qısa bir müddətdə layiqincə yerinə yetirməsinin nəticəsi idi. O, bu il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təşkilinə hazırlıq işlərini də eyni məsuliyyətlə yüksək səviyyədə davam etdirməkdədir.
2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatı olan Mehriban xanım Əliyevanın deputatlıq fəaliyyəti də parlament tariximizin şərəfli bir səhifəsidir. Seçicilərə diqqət və qayğısı, təmsil etdiyi ərazilərin sosial problemlərinin həlli yönündə gördüyü misilsiz işlərlə əsl millət vəkilliyinin nümunəsini yaradan Mehriban xanım Milli Məclisin müzakirəsinə təqdim etdiyi layihələrlə milli qanunvericiliyimizin təkmilləşməsinə böyük töhfələr verib. Cəmiyyət üçün ciddi təhlükə törətməyən minlərlə insanın onun təşəbbüskarı olduğu amnistiya aktı layihələri əsasında məhbəsdən azadlığa çıxması Mehriban xanımın deputatlıq fəaliyyətinin xoş bir məqamı kimi hər zaman böyük rəğbətlə xatırlanacaq.
O, bütün cəhətləri ilə xalq adamıdır, vətəndaşlarımızın birmənalı dəstəyini qazanmış dövlət xadimidir, ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması xalqın ürəyindən xəbər verən uğurlu bir şəxsiyyətdir. Bu sətirləri yaza-yaza Mehriban xanım Əliyevanın Milli Məclisdəki vida çıxışını xatırlayıram: “Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır. ...Əminəm ki, hər bir qələbənin, hər bir böyük nailiyyətin arxasında eyni fikirli, eyni niyyətli, etibarlı, güclü, layiq komanda durur. Mən yeni vəzifəyə təyin olunduqdan sonra öhdəmə düşən məsuliyyəti çox yaxşı dərk edirəm və əlbəttə, həyəcan da keçirirəm. Lakin mən gələcəyə böyük nikbinliklə baxıram. Çünki mənim sizin kimi həmkarlarım, məni dəstəkləyən soydaşlarımız var və ölkəmizin İlham Əliyev kimi bacarıqlı, cəsarətli, zəkalı, eyni zamanda ən yüksək insani keyfiyyətlərə malik olan Prezidenti var. Biz birgə əyilməz bir gücük. Əminəm ki, Azərbaycanın gələcək inkişafı üçün əlimizdən gələni bundan sonra da tam gücümüzlə birlikdə, bir komanda kimi həyata keçirəcəyik”.
Bir xalqın nəzərində əsl şəxsiyyət dəyərinə çevrilməyin formulu da, yəqin ki, elə insanın özünə seçdiyi məhz belə bir həyat kredosu, xalqın xoş gələcəyi ilə bağlı qarşıya qoyulmuş böyük ideallar və insanların dəstəyi ilə bu idealları reallaşdırmaq əminliyidir.
Prezident İlham Əliyevin qətiyyətli qərarları ilə yaratdığı yeni tarixi reallıq bu amallarla, bu əminliklə, xalqla bu birgəliklə Azərbaycanı indikindən də qüdrətli gələcəyə doğru aparacaq.

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, texnika elmləri doktoru, professor