Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

30 Mart 2017
Martın 30-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə komitənin sədri Ziyad Səmədzadə iclasın gündəliyinə daxil olan 7 məsələ barədə məlumat verib. Bank sektorunun real sektora təsirindən söz açan komitə sədri Ziyad Səmədzadə gündəlikdəki qanun layihələrinin bu sahəni tənzimləyəcəyini, Azərbaycanda bank sisteminin səmərəli formalaşmasına təsir göstərəcəyini qeyd edib.

Sonra iclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı “Banklar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə məlumat verib, deputatları maraqlandıran məsələlərə aydınlıq gətirib. Palata sədri xüsusilə Qanunun 57-ci maddəsinə təklif olunan dəyişiklikləri geniş şərh edib. Bildirib ki, son illər ölkəmizdə fəaliyyət göstərən bankların qarşılaşdıqları problemlərin aradan qaldırılması, bankların sağlamlaşdırılması üçün qanunvericiliyin dəyişdirilməsi zərurəti meydana gəlib. Parlamentə zərf halında daxil olmuş qanun layihələrinə görə, İnzibati Prosessual, Mülki Prosessual və Mülki məcəllələrdə də müvafiq dəyişikliklər ediləcək.

Müzakirələr zamanı deputatlar aktual məsələləri ehtiva edən qanun layihələrinin qəbulunu məqsədəuyğun hesab ediblər və təkliflərini səsləndiriblər.

Komitədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Müflisləşmə və iflas haqqında” qanunlarda, həmçinin Mülki Məcəllədə dəyişikliklər edilməsi barədə qanun layihələri də müzakirə olunub.

Geniş fikir mübadiləsinin yekununda baxılan bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə edilib.