Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Pambıqçılığın inkişafında dönüş mərhələsi başlayıb

30 Mart 2017
 

“Ağ qızıl” yenidən aqrar sektorun inkişaf prioritetinə çevrilir

 

İxracyönümlü məhsulların istehsalı bu gün ölkə qarşısında prioritet vəzifə olaraq dayanır. Bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilir. Ölkəmizin kənd təsərrüfatı potensialından səmərəli istifadə edilməsi gözlənilən nəticələrin əldə olunmasına imkan yaradacaq.
Pambıq sahələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər əminlik yaradır ki, bu məhsulumuz da ixrac potensialında əsas yerlərdən birini tutacaq. Prezident İlham Əliyevin sədrliyi ilə Saatlıda pambıqçılığın inkişafı məsələlərinə həsr olunan ikinci respublika müşavirəsinin keçirilməsi dövlətin bu sahəyə olan diqqət və qayğısını bir daha göstərdi.
Əsrlər boyu xalqımız pambıqçılıqla məşğul olsa da, bu sahənin ən uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyev tərəfindən kənd təsərrüfatı istehsalında ixtisaslaşma, təmərküzləşmə, zonalaşdırma və rayonlaşdırma, intensivləşdirmə metodlarının tətbiqi uğurların əsas bünövrəsi oldu. Ulu öndər həmin zaman kəsiyində kənd təsərrüfatı məhsullarının inkişafında böyük imkanları olan pambıqçılığın geridə qalmasından ciddi narahatlığını diqqətə çatdırmış, bu sahənin inkişafı üçün əməli tədbirlər həyata keçirmişdi. Məhz həmin illərdə kənd təsərrüfatının inkişafı əsas prioritet sahə olaraq ən yüksək zirvəyə qalxmış, pambıqçılıq ölkə iqtisadiyyatının möhkəmləndirilməsində müstəsna rol oynamaqla əhalinin sosial-iqtisadi vəziyyətinin, bütövlükdə həyat səviyyəsinin yüksəldilməsinə geniş imkan yaratmışdı.
O dövrdə aparılan elmi araşdırmalardan sonra məlum olmuşdu ki, bəzi rayonlarda pambıqçılıq səmərəli olmadığı üçün orada pambıq əkilməsi məqsədəuyğun deyil. Bəzi rayonlarda isə pambıqçılıq səmərəli olmasına baxmayaraq, torpaqlardan lazımınca istifadə edilmir, hamısı əkilmirdi. Böyük strateq Heydər Əliyev kənd təsərrüfatını inkişaf etdirməklə Azərbaycanın ayrı-ayrı bölgələrində kənd təsərrüfatı məhsullarının becərilməsinə xüsusi əhəmiyyət verirdi. Təsadüfi deyil ki, ən faraş tərəvəz məhsulları yetişdirilməsi nəticəsində cənub bölgəsi “Ümumittifaq bostanı” adını almışdı. Bu zonanın inkişafı əhalinin maddi-məişət şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayırdı. Bunun da nəticəsində 1975-ci ildə ümumi kənd təsərrüfatı məhsulu 1969-cu ilə nisbətən 57 faiz artdı. Pambıqçılıq isə yüksək gəlirli sahə oldu və 1981-ci ildə ölkə üzrə 1 milyon ton pambıq tədarük olundu.
70-80-ci illərin əvvəllərində ulu öndər Heydər Əliyevin rəhbərliyi altında bölgələrdə pambıqçılıq üzrə zona müşavirələr keçirilirdi. Pambıqçılıqla bağlı həmin müşavirələrdə çox dəyərli göstərişlər verirdi. Bu müşavirələr və qarşıya qoyulan vəzifələr ölkədə pambıq əkini ilə məşğul olan rayonlarımızda bu sahənin inkişafına müsbət təsir göstərirdi. 1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyev təkcə pambıqçılığın mərkəzi sayılan Sabirabad rayonuna 14 dəfə səfər edərək pambıq sahələrində işlərin gedişi ilə tanış olmuş və 8 dəfə zona müşavirəsi keçirmişdi.
Bütün sahələrdə ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev son 14 ildə kənd təsərrüfatının da davamlı inkişafına xüsusi diqqət ayırıb. Ölkədə müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqaməti kimi iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmini, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi diqqətdə saxlanılmışdır. Qlobal böhran şəraitində daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaltmışdır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu kateqoriyadan olan vətəndaşlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər hesabına on minlərlə yeni iş yeri, minlərlə yeni müəssisə yaradılıb və qeyri-neft sektorunun inkişafı üçün geniş imkanlar açılıb. Cari ilin ötən iki ayında qeyri-neft sənayesi 5 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox artıb.
Prezident İlham Əliyev 2016-cı ilin yanvarında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr edilmiş konfransda pambıqçılığın inkişafı ilə əlaqədar çox ciddi vəzifələr müəyyənləşdirdi. Qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə bütün imkanlar təhlil olunaraq qısa müddətdə pambıqçılıqla məşğul olan rayonlarda qərargahlar yaradıldı, şirkətlərlə, aidiyyəti xidmət təşkilatları ilə birgə əlaqəli iş quruldu. Bu gəlirli sahənin inkişaf etdirilməsi şübhəsiz ki, ölkədə əlavə iş yerlərinin açılmasına və əhalinin yüksək maaşlı işlə təmin olunmasına imkan yaradacaq.
Prezident İlham Əliyevin sədrliyi ilə ötən il Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair birinci ümumrespublika müşavirəsinin keçirilməsi də çox əlamətdar oldu. Qeyd edək ki, 70-80-ci illərdə ölkə üzrə tədarük olunan 1 milyon tondan çox pambığın 110 min tonu Sabirabad rayonunun payına düşürdü ki, bu da həmin ildə respublikada istehsal olunan məhsulun 12 faizini təşkil edirdi. Birinci müşavirədə ölkə başçısı pambıqçılığın inkişafını sürətləndirmək və rayonlar üzrə əkin sahələrinin artırılması üçün konkret vəzifələr müəyyənləşdirdi. Müşavirədən ötən müddət ərzində görülən genişmsiqyaslı işlər artıq öz nəticələrini verib.
Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə həsr olunan ikinci respublika müşavirəsində bildirib: “Pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilmişdir. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər.
Dövlət, əlbəttə ki, öz tədbirlərini görür. Onu da qeyd etməliyəm ki, ilin əvvəlindən ancaq ictimai işlərə 40 mindən çox vətəndaş cəlb edilmişdir, 40 mindən çox yeni iş yeri ancaq dövlət sektorunda yaradılmışdır. Dövlət şirkətlərində, dövlət qurumlarında, yerli icra orqanlarında 40 mindən çox vətəndaş artıq işlə təmin edilib. Bu, təmir-tikinti işləridir, bu, yaşıllıqlara qulluq etmək üçün nəzərdə tutulan iş yerləridir. Biz yeni iş yerləri yaratmalıyıq. Çünki biz işsizliyi daim aşağı səviyyədə saxlamalıyıq. Bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və bu, aşağı səviyyədə qalmalıdır. Bəzi qonşu ölkələrdə işsizlik artıq böhran həddinə çatır, eyni zamanda, orada demoqrafik böhran yaşanır. Bizdə isə əhali artır. Əhali artdıqca biz yeni iş yerləri haqqında düşünməliyik. Əhalinin artımı çox müsbət göstəricidir və müsbət prosesdir. Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaq. Ancaq, eyni zamanda, bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var”.
Xatırladaq ki, pambığın alış qiyməti ötən il 41 qəpikdən 50 qəpiyə qaldırıldı, eyni zamanda hər kq-a 10 qəpik subsidiya verildi. Bu il isə 22 rayonda 136 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Belə ki, Ağcabədi rayonunda 8 min 800, Ağdamda 3 min, Ağdaşda 3 min, Ağsuda 2500, Beyləqanda 8 min 500, Bərdədə 8 min 500, Biləsuvarda 11 min, Cəlilabadda 500, Füzulidə 2 min, Goranboyda 5 min, Hacıqabulda 1200, İmişlidə 18 min, Kürdəmirdə 4 min, Neftçalada 10 min, Saatlıda 17 min 100, Sabirabadda 15 min, Salyanda 7 min, Samuxda 30, Tərtərdə 3 min, Ucarda 2500, Yevlaxda 2 minə yaxın, Zərdabda 3100 hektarda pambıq əkiləcək.
Statistikaya əsasən, hər hektardan orta hesabla 20 sentner pambıq toplanarsa, bu, 270 min ton pambıq tədarükü deməkdir. Xatırladaq ki, ötən il ümumilikdə rayonlar üzrə 51 min hektar pambıq əkilmişdi və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdü. 2015-ci ildə isə cəmi 35 min ton pambıq yığıldığını nəzərə alsaq, ötən müddət ərzində çox böyük göstəricilər əldə olunub. Bu, bir daha pambıqçılığa dövlət dəstəyinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Əkin sahələrinin genişlənməsini nəzərə alsaq, bu il pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunacaq. Bu isə əhalinin məşğulluğunun artırılmasına, işsizliyin azalmasına gətirib çıxaracaq. Dövlət İnvestisiya Proqramında pambıqçılığın inkişafı ilə bağlı böyük vəsait nəzərdə tutulub. Azərbaycana minlərlə yeni texnika gətirilib. Ötən il 100-ə yaxın pambıqyığan kombayn gətirilmişdisə, cari ildə 200-dən çox müasir kombayn sifariş edilib.
İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları da mühüm əhəmiyyət kəsb etmişdir. Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər regionlarda sahibkarlığın inkişafını sürətləndirmiş, oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadəyə imkan vermiş, iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır.

Elnur HACALIYEV,
“Azərbaycan”