Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan iqtidarı dövlət idarəçiliyinin ən mükəmməl nümunəsini göstərir

29 Mart 2017
 

Dünya miqyasında yüksək inkişaf göstəricilərinin Azərbaycana məxsus olduğunu deyən Prezident İlham ƏLİYEV dayanıqlı tərəqqini təmin edən amilləri belə səciyyələndirdi: uğurlu iqtisadi siyasət, regionların inkişafı, yeni təşəbbüslər və islahatlar

 

* Bizim əsas vəzifəmiz ondan ibarət idi ki, bütün infrastruktur layihələri icra edilsin, müasir infrastruktur yaradılsın, elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorasiya problemləri həll olunsun, kənd yolları, magistral yollar tikilsin və bu, özlüyündə sürətli iqtisadi və sosial inkişafa təkan verəcək. Belə də oldu.

* İnfrastruktur layihələri icra olunandan sonra biznes üçün daha da yaxşı şərait yaradıldı. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl siyasət aparır, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, yeni ixrac bazarlarının araşdırılması və o bazarlara çıxmağımız ölkəmizin hərtərəfli inkişafına gətirib çıxarıb. Biz fəaliyyətimizi gələcəkdə də uğurla davam etdirəcəyik.

* Pambıqçılığın inkişafı artıq reallıqdır və 2016-cı il dönüş ili olmuşdur. Çox ciddi tədbirlər görüldü, texnika alındı, dövlət dəstəyi göstərildi, imkan daxilində meliorasiya işləri aparıldı. Keçən il biz 51 min hektarda pambıq əkmişdik və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdür. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var.

* Bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və aşağı səviyyədə qalmalıdır.

* Azərbaycanda dövlət həmişə sahibkarlara kömək göstərir. Əlbəttə ki, ilk növbədə mənim siyasi dəstəyim xüsusi əhəmiyyət daşıyır. Mən hər il dəfələrlə sahibkarlarla görüşürəm, çalışıram ki, onların problemləri həll olunsun və onlar da ölkə iqtisadiyyatına daha böyük həvəslə yatırım, yəni sərmayə qoysunlar. Eyni zamanda sahibkarlara böyük maliyyə dəstəyi göstərilir.

* Bu gün dünya miqyasında ən yüksək inkişaf göstəriciləri məhz bizim göstəricilərimizdir. Bunu beynəlxalq mötəbər qurumlar da qeyd edir. Onların arasında Davos Ümumdünya İqtisadi Forumu ən mötəbər dünya forumudur və onun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında öz rəqabətqabiliyyətliyinə görə 37-ci yerdədir. Dünyada 200-dən çox ölkə var. Bax, biz bu parametrə görə 37-ci yerdəyik. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Bu, bizim işimizə verilən yüksək qiymətdir və bizi sevindirir.

* Azərbaycanda sabitlik təmin olunur. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir. Azərbaycanda təhlükəsizlik tədbirləri təmin edilir, ictimai proseslər müsbət istiqamətdə gedir, vətəndaş həmrəyliyi möhkəmlənir, iqtisadi inkişaf, regionların inkişafı sürətlə gedir.

* Biz bu gün bir nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır? Bu nümunəni biz göstəririk və əlbəttə ki, bu siyasət xalq tərəfindən də bəyənilir, dəstəklənir. Bizim gələcək planlarımızın reallaşdırılması üçün bu, əsas amildir. Xalq-iqtidar birliyi hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amildir.

* “Made in Azerbaijan” brendi artıq dünyaya yayılıbdır. İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır. Sahibkarlar özləri də fəal olmalıdırlar, özləri yeni bazarlara çıxmalıdırlar.

* Azərbaycanda pambıqçılığı artıq, demək olar ki, bərpa etmişik və bundan sonra gələcək illərdə ancaq inkişaf yolu ilə gedəcəyik.

* Fermerlərimiz üçün yaradılmış şərait heç bir başqa ölkədə yoxdur. Bizim fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Həm investisiya, həm ixrac üçün təşviq mexanizmi artıq işə salınıb. Bu da fermerlərə əlavə stimul verir, onlar üçün əlavə imkanlar yaradır.

* Bu il ancaq pambıq becərən 22 rayonda 200 min yeni iş yeri açılıb və növbəti illərdə bu rəqəm daha da artacaq. Nəticə etibarilə biz 200 min hektarda pambıq yetişdirə bilərik və bu işlərdə minimum 300 min insan işləyəcək və hər gün pul qazanacaq.

* Keçən il 1800 ədəd texnika, o cümlədən 94 pambıqyığan kombayn və 300-ə yaxın traktor alınmışdır. Bu il 3811 ədəd texnika, o cümlədən 209 pambıqyığan kombayn və 810 traktor sifariş edilib. Bu texnikaların alınması üçün keçən il və bu il 150 milyon dollar vəsait xərclənib. Bu, dövlətin pambıqçılığa göstərdiyi real diqqətin təkcə bir əlamətidir.

* Neftdən əldə edilən vəsaiti bu sahəyə qoyuruq ki, camaat daha da yaxşı dolansın, işləsin, pul qazansın, halal zəhmətlə dolansın. Biz yaxşı pul qazanmaq üçün imkanlar yaradırıq. Ona görə pambıqçılığın inkişafı Prezident kimi mənim üçün ilk növbədə sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir.