Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Franko Frattini: Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələri yerinə yetirilməlidir

20 Mart 2017
Qlobal Bakı Forumu dünyada tüğyan edən münaqişələrin müzakirəsi baxımından olduqca əlverişlidir. Şübhəsiz ki, dünyanın bir çox qaynar nöqtələrində gərginliklər artmaqdadır. Bütün bunların fonunda məni bir avropalı olaraq, Avropanın gələcəyi narahat edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Beşinci Qlobal Bakı Forumunun iştirakçısı, İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini bildirib.

Franko Frattini deyib: “Azərbaycan ilə İtaliya arasında əlverişli sıx əlaqələr mövcuddur. TAP layihəsi ilə biz münasibətlərimizi daha da irəliyə apardıq. Layihə ilə bağlı işlər ardıcıllıqla, qrafik üzrə davam edir. Əməkdaşlığımız müxtəlif sahələrdə yüksək səviyyədədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə İtaliyada mədəniyyətin təbliği istiqamətində silsilə tədbirlər keçirilməkdədir. Mehriban xanımın İtaliyada dünya mədəni irsinin qorunmasına verdiyi töhfələr böyükdür”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışan Franko Frattini bildirib ki, son hadisələr Dağlıq Qarabağ münaqişəsinin necə təhlükəli olduğunu bir daha sübut etdi. Münaqişənin həlli ilə bağlı BMT-nin qətnamələri mövcuddur. Prezident İlham Əliyevin çıxışında bildirdiyi kimi BMT, ATƏT və digər qurumların bu problemin həlli ilə bağlı mövqeləri bəllidir. Sadəcə həmin qərar və qətnamələr yerinə yetirilməlidir”.

AZƏRTAC-0-