Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüş

20 Mart 2017
Martın 19-da Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində muxtar respublikada səfərdə olan bakılı məktəblilərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl şagirdlər Gənclər Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəz 2014-cü ildə muxtar respublika gənclərinin istifadəsinə verilib. Dördmərtəbəli binada elektron lövhəli 3 linqafon sinfi, kompüter otağı, elektron kitabxana, intellektual və stolüstü oyun zalları, interaktiv tir və kafe var. Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilib, 104 kompüter dəsti quraşdırılıb, mərkəzi server sistemi və daxili şəbəkə yaradılıb, kompüterlərin hər birinin internetə çıxışı təmin edilib. Gənclər burada istənilən xarici dil üzrə həm nəzəri biliklərə, həm də praktik olaraq düzgün tələffüz vərdişlərinə yiyələnirlər.

Gənclər Mərkəzində keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov və təhsil naziri Məmməd Qəribov çıxış ediblər.

Novruz bayramı münasibətilə tur-aksiya iştirakçılarını təbrik edən natiqlər ekskursiyanın önəmindən danışaraq bildiriblər ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən tur-aksiya böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların dünyagörüşünün formalaşması baxımından böyük əhəmiyyətə malikdir.

Vurğulanıb ki, bu gün muxtar respublikada təhsilin inkişafı, bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, müasir idman infrastrukturunun yaradılması, gənclərin idmana marağının artırılması daim diqqət mərkəzində saxlanılır. Yeni-yeni məktəb binaları inşa edilir və ya əsaslı şəkildə yenidən qurulur, idman infrastrukturunun gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Bakı şəhərindən olan məktəblilərin muxtar respublikaya səfərinin onların bu qədim diyarın tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmalarına geniş imkan yaratdığı bildirilib.

Tədbirin sonunda tur-aksiya iştirakçılarına hədiyyələr təqdim olunub.

Dörd gün ərzində bu qədim diyarın tarixi və mədəniyyəti ilə tanış olan məktəblilər martın 19-da Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınıblar.

X X X

Bakı şəhərində səfərdə olan naxçıvanlı şagirdlər də həmin gün muxtar respublikaya qayıdıblar.