Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyada iştirak edən şagirdlər yaşadıqları rayonlara yola düşüblər

19 Mart 2017
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə birinci mərhələsi uğurla başa çatıb.

AZƏRTAC xəbər verir ki, Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Gəncə, Gədəbəy, Göygöl, Samux və Şəmkir, Kəlbəcər, Goranboy, Xocalı və Yevlax məktəblilərindən ibarət 9 qrupun üzvləri martın 19-da Qəbələ və Şəki şəhərlərindən yaşadıqları rayonlara yola düşüblər.

Rayon icra hakimiyyətlərinin və təhsil şöbələrinin məsul işçiləri tərəfindən yola salınan tur-aksiya iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Sonra “Qafqaz Karvansaray” və “Marxal” otellərinin qarşısından şagirdləri yaşadıqları rayona aparan avtobus karvanı yola düşüb.

Qeyd edək ki, 9 şəhər və rayondan olan 360 məktəbli tur-aksiyanın proqramına uyğun olaraq, martın 16-19-da Qəbələ, Şəki və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm obyektləri, tarixi-mədəni abidələri haqqında məlumat verilib

Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub. Ekskursiya zamanı gözəl təbiət qoynunda istirahət edən, mənzərəli guşələrdə xatirə şəkilləri çəkdirən məktəblilər Qəbələ, Şəki və Zaqataladan xoş təəssüratlarla ayrılıblar.