Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əfv Novruz sevincini ikiqat artırdı

19 Mart 2017
Cəmiyyətdə milli birlik və həmrəyliyin möhkəmləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Şərqdə ilk dəfə olaraq ölüm hökmünün ləğvi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 1995-ci il noyabrın 12-də isə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasında öz təsdiqini tapmışdır.

 

Möhkəm təməllər üzərində əsası qoyulan, humanizm prinsiplərinə əsaslanan bu siyasəti uğurla davam etdirən dövlət başçısı İlham Əliyev hələ 2003-cü ildəki seçkilərdə hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağına verdiyi vədə layiqincə əməl etdiyini birmənalı şəkildə təsdiqlədi. Əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətinin təmin edilməsi də məhz bunun təcəssümüdür.

1995-ci ildən indiyədək Azərbaycanda əfvlə bağlı imzalanmış  sərəncamlara əsasən, həbsxanalardan 7 min nəfərədək məhkum azadlığa buraxılıb. Son 22 il ərzində qəbul edilən amnistiya aktı 120 min nəfərə yaxın məhkuma şamil edilib.

Dövlət başçısının humanizm prinsiplərinə söykənərək ölkə vətəndaşlarının qayğısına qalması bu əziz günlərdə özünü bir daha təsdiqlədi. “Məhkum  edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Prezident İlham Əliyevin imzaladığı 16 mart 2017-ci il  tarixli sərəncamı ilə 430-a yaxın məhkum həmin humanizmdən bəhrələndi.

Əfv sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi  Penitensiar Xidmətinin Binə qəsəbəsindəki  9 saylı cəzaçəkmə müəssisəsində  keçirilən tədbirdə ictimai təşkilatların nümayəndələri də iştirak edirdilər. Novruz bayramı ərəfəsində imzalanan növbəti əfv sərəncamının yaratdığı xoş əhvali-ruhiyyə burada da yüksək dərəcədə hiss olunurdu. Ədliyyə  polkovniki  Məhərrəm Qafarov bildirdi ki, vətəndaş həmrəyliyinin təmin olunması, eləcə də etimad mühitinin formalaşdırılması istiqamətində dövlət başçısının atdığı mühüm addımlar ədalətli rəhbər obrazını şərtləndirən amillərdəndir: M.Qafarov sonra üzünü əfv olunanlara tutub dedi: “Hər biriniz bu humanist addımı yüksək dəyərləndirməli, bir daha cinayət əməli törətməməli, vətənin layiqli vətəndaşı olmalısınız. Bu bayram günlərində hər bir ailə istər ki, Novruz şənliklərində birlikdə iştirak etsin. Xalqımızın adət-ənənələrindən biri də məhz Novruz bayramı günlərində ailə üzvlərinin bir yerdə olmasıdır. Dövlət başçısının  növbəti əfv sərəncamı  bu baxımdan olduqca düşünülmüş addım, milli-mənəvi dəyərlərin əsas götürülməsi deməkdir”.

Məhbus həyatının nə demək olduğunu bilən, dost-doğmalardan, ailədən, sevgi-məhəbbətdən uzaq düşmüş məhkum Sabit İsmayılov dedi ki, Cinayət Məcəlləsinin ölümə cəhd maddəsi ilə 12 il azadlıqdan məhrum edilib. 8 il məhbus həyatı yaşayan Sabit keçmiş hərbçi kimi Vətənə həmişə gərəkli olsa da, törətdiyi cinayət əməlinə görə cəzaya məhkum olub. Amma burada itirdiyi illər ərzində peşmançılıq hissi keçirdiyini, bu əziz günlərdə onu bağışlayan, əfv edərək doğmalarına qovuşduran ölkə rəhbərinə minnətdarlığını bildirdi.

Onun sözlərinə şərik olduğunu deyən Əjdər Ağammədov Qubada doğulub. Qarabağ veteranı, respublikamızın şimal bölgəsinin sabiq hərbi komendatı olub. Törətdiyi cinayətə görə 3 il 6 aylıq həbs cəzasına məhkum edilən keçmiş döyüşçü cəzasının son 6 ayından azad olunduğunu söylədi.

Sərəncamın məhkumların həyatına gətirdiyi sevincdən ağcabədili Hikmət Vəliyevin də qismətinə pay düşüb. Əslində, onların əfv edilməsinin bağışlanmasının da müəyyən səbəb və şərtləri var ki, ən əsası, tutduğu əməldən peşmançılıq hissi keçirməsi, ailə vəziyyəti və islah olunmasıdır.

Bakıda dünyaya göz açan Nikolay Limberkinin də bu sərəncamla 9 illik həbs cəzasına son qoyuldu. Ömrünün 7 ili tikanlı məftillər arxasında  keçdiyindən, o, bunu həyatının ən səmərəsiz dövrü sayır.

Əfv olunan Namiq Salahovun qardaşı Ramin söz alaraq əfv sərəncamı ilə buraxılan insanların yaxınları, doğmaları adından dövlət başçısına  dəfələrlə göstərdiyi humanistliyə görə minnətdarlığını bildirdi. O, belə sərəncamların yaratdığı sevincin heç bir sözlə ifadəsinin mümkün olmadığını vurğuladı.

Binə qəsəbəsindəki  17 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan 11 nəfərin əksəriyyəti, demək olar ki, gənclərdən ibarət idi. Onların arasında Eyvaz Cəbrayılov, Elman Əsədov, Elvin Mahmudov, Mirasəf Kərimli, Hacıbala Qasımov, Ruslan Bayramov kimi cinayət əməllərindən peşmançılıq hissi keçirənlər az deyildi.

Ruslan Bayramovun atası Ənvər kişi Şabrandan gəlmişdi. 4 il azadlıqdan məhrum  edilən oğlunun 2 il vaxtından əvvəl doğmalarına qovuşmasına imza atan dövlət başçısına təşəkkürünü bildirdi. 

Xaçmazdan Binə qəsəbəsinə, məhbus oğul görüşünə gələn Rəxşəndə Babayevanı isə danışdırmaq mümkün olmadı.  Qəhər onu boğdu. Belə oğul dünyaya gətirdiyi üçün ana sanki üzülürdü.  Elman Əsədovun narkotikaya görə 3 illik məhbəs həyatının xəcalətliyini çəkdiyi üçün fikrini ifadə etməyə söz tapmadı. Yalnız onu  dedi ki,  o, bu yaşda düşmənlə üzbəüz olmalıydı: “Kaş, 18 yaşlı Elman mənim keçirdiyim iztirabları duyaydı...”

Göz yaşlarını saxlaya bilməyən daha bir ana  da həmin gün diqqəti çox çəkdi. O, əfv edilən Fəyas Məhəmmədovun anası Mətanət xanım idi. Qubadlı rayonunun Xanlıq kəndindən olan  ana oğlunu qarşılamağa özü gəlmişdi. Ürək sözlərini ölkə rəhbərinə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqla  çatdırdı.

 Məhkum Ceyhunun anası Sevda xanım dedi ki,  cinayət törədib həbs ediləndən bir ay sonra dünyaya gələn, artıq 4 yaşına keçən İlkin dözməyib, atası Ceyhunun görüşünə gəlib: Allah ölkəmizin başçısının yollarını həmişə açıq etsin. Allah bilir, mənim kimi neçə-neçə ananı, atanı, dilək diləyən qardaş-bacını, körpəni sevindirdi...

Ölkə rəhbərinə bərkə-boşa düşməyən, məhbus həyatı yaşayan gənclərin valideynlərinin sözləri də bitib-tükənmək bilmirdi.

 

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

“Azərbaycan”