Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakılı məktəbli: “Ordubad rayonu ilə tanışlıq mənim üçün xüsusilə yaddaqalan oldu”

19 Mart 2017
“Füsunkar təbiətə malik, tarixi abidələrlə zəngin Ordubad rayonu ilə tanışlıq mənim üçün xüsusilə yaddaqalan oldu”.

 

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçısı, Bakı şəhəri Binəqədi rayonu 100 saylı tam orta məktəbin X sinif şagirdi Kənan Bəgəliyev deyib.

O bildirib ki, tur-aksiya onların ölkəmiz haqqında biliklərinin artırılmasında mühüm rol oynayır: “Həmyaşıdlarım adından tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm. Həqiqətən də ölkəmizin hər bir guşəsi gözəldir. Azərbaycanın incisi adlandırılan Ordubad rayonu çox xoşuma gəldi. Mən burada tarix kitablarından tanıdığım və ensiklopediyalarda şəkillərinə rast gəldiyim tarixi abidələrlə daha yaxından tanış oldum, onlar haqda maraqlı məlumatlar əldə etdim. Elə Culfa rayon ərazisindəki Gülüstan türbəsi və “Əlincəqala” tarixi abidəsini yaxından gördüyüm üçün də qürur hissi keçirdim. Bakıya qayıdanda bu abidələr barədə  yoldaşlarıma da danışacağam”.