Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Novruz bayramı kino sənətində

19 Mart 2017
Azərbaycan kino tarixində Novruz mövzusuna ötən əsrin 60-ci illərinin sonlarında müraciət olunmağa başlamışdır. Qədim kökləri, böyük tarixi olan Novruzun yalnız ötən əsrlərdə kino sənətinə gəlməsi heç də səbəbsiz deyildi. Sovetlərin hakimiyyəti dövründə rejim bilərəkdən bu bayrama dini don geydirərək onu dəfələrlə qadağan etmişdir. Lakin yüz illərin sınağından keçmiş Novruz təbiətin oyanışını, insanın ruh və ovqatının yeniləşməsini əks edən ilkin mifoloji qat kimi xalqın etnoqrafik həyatına qovuşaraq möhtəşəm xalq bayramına çevrilmişdir.

1960-cı illərin sonu, 1970-ci illərin əvvəllərində milli-mənəvi dəyərlərimizlə, o cümlədən Novruzla bağlı sənədli və bədii filmlər çəkilməyə başlandı. Ədəbiyyatın, incəsənətin bütün sahələrində bir dirçəliş, oyanış, yüksəliş dövrü oldu. Kinoya, kino sənətinə maraq, münasibət dəyişdi, milli yaradıcılıq ab-havası gücləndi. “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində, “Azərbaycan kinostudiyası”nın elmi-kütləvi filmlər redaksiyalarında “Novruz”, “Səməni, saxla məni”, “Gəl, gəl a yaz günləri”, “Yaz bayramı - saz bayramı” kimi ekran əsərlərində bayramlarımıza məxsus adət-ənənələri əks etdirən etnoqrafik lövhələr və onların ayrı-ayrı bölgələrimizdə yaşayan tarixi özünəməxsusluğu lent yaddaşına köçürüldü.

1969-cu ildə tanınmış kinorejissor Hüseyn Seyidzadənin görkəmli yazıçı İsmayıl Şıxlının ssenarisi əsasında çəkdiyi “Dəli Kür” filmində Novruz bayramı ilk dəfə ekrana təmtəraqla çıxarıldı. Film bizi keçən əsrin əvvəllərinə aparıb çıxarır. O dövrdə Azərbaycanda maarifçilik ideyalarının xalq kütlələri içərisində yayılması prosesi müşahidə olunur. Novruz bayramı ekran əsərinin dramaturji modelində özünə layiqli yer tutmaqla onun strukturunda mükəmməl epizoda çevrilir. Azərbaycan kino sənətində Novruz elementlərinin olması o dövrdə insanlarda böyük ruh yüksəkliyi yaradır, onları milli bayramlarına daha da bağlayırdı. Filmdə Novruz bayramının xalq tərəfindən böyük coşqunluqla qeyd olunmasını əks etdirən kütləvi səhnələr və ön planda verilən bir neçə fərdi etnoqrafik lövhələr (güləş səhnəsi, yumurta döyüşdürülməsi, bacadan şal sallamaq, üzüksalma mərasimləri və s.) milli koloritin təsviri baxımından olduqca diqqətçəkəndir. Novruz bayramı axşamı Çernyayevski ilə kəndli oğlanın yumurta döyüşdürməsi, gənclərin İlaxır çərşənbədə üzüksalma mərasimi, bacadan torba sallamaq və s. Novruz adət-ənənələri tamaşaçıların böyük marağına səbəb olur. Bundan başqa, filmdə cavanların müəllimlərinə bayram payı gətirməsi, uşaqların Novruz adətləri ilə bağlı müxtəlif oyunları öz əksini tapıb.

Novruzun geniş təsvir edildiyi filmlərdən biri də xalq şairi Səməd Vurğunun “Komsomol” poemasının motivləri əsasında Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə həsr edilən “Yeddi oğul istərəm” filmidir. Görkəmli kinorejissor Tofiq Tağızadənin Yusif Səmədoğlunun ssenarisi əsasında 1970-ci ildə çəkdiyi filmdə Novruzun əkinlə bağlı motivlərindən ustalıqla istifadə edilib. Bundan başqa, ekran əsərində meydan oyunlarının dəqiq verilməsi, bayramın olduğu kimi təsviri maraq doğurur. Kosa və Keçəlin səhnələşdirilmiş tamaşası, aşıq şeir yaradıcılığında Novruzun vəsfi, camaatın bayram hazırlığı və s. epizodlar tamaşaçıda xoş ovqat yaradır.

Digər bir əsər rejissor Fikrət Əliyevin 1980-ci ildə çəkdiyi “Qızıl uçurum” filmidir. Bu film İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında ekranlaşdırılmışdır. Burada da Novruzla bağlı epizodlar ustalıqla öz əksini tapmışdır.

Müasir televiziya filmlərimizdə də həyat tərzimizdə önəmli yer tutan, adət-ənənələrimizi əks etdirən milli-mənəvi dəyərlərimizə, xüsusilə Novruz motivlərinə geniş müraciət edilir. Bu baxımdan Asif Rüstəmovun “Ev” qısametrajlı filmində səməni, tonqal yandırmaq, yumurta boyamaq və s. atributlar sətiraltı yozumlarla özünəməxsus süjet xətti əmələ gətirir.

“Yaddaş”, “Salnamə”, “Buta” və digər studiyalarda indiyədək Novruzla bağlı xeyli sənədli filmlər lentə alınıb, xalqın qədim el bayramının mahiyyəti, dəyərləri, mərasim ayinləri, təbiətin oyanışı, yazın gəlişi ilə bağlı insanın işığa, həyata, yeni günə, xoş güzərana, aydın sabahlara inamı ifadə olunub.

 

Nübar İSAZADƏ