Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qubadlılılar Novruz bayramını qeyd etdilər

19 Mart 2017
Məcburi köçkün həyatı yaşayan qubadlılılar Novruz bayramını qeyd etmək üçün martın əvvəlindən hazırlıq görürdülər. Əvvəllər olduğu kimi, bu bayram ərəfəsində də ictimaiyyət nümayəndələri sakinlərin məskunlaşdıqları ərazilərdə olmuş, onlara bayram sovqatı paylamışlar. 600-ə yaxın aztəminatlı ailə, o cümlədən şəhid ailələri, əlillər Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən göndərilən Novruz payını məmnunluqla qəbul etmiş, əlaqədar təşkilatlara minnətdarlıqlarını bildirmişlər. Köçkünlərin yığcam məskunlaşdıqları ərazilərdə, məktəblərdə də bayram şənlikləri təşkil edilmişdir.

 

Martın 18-də Novruz bayramı münasibətilə Sumqayıt şəhərindəki 41-ci məhəllədə yerləşən 28 May mədəniyyət evinin  qarşısında təşkil olunmuş bayram şənliyində iştirak etmək üçün yüzlərlə insan gəlmişdi. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov da burada idilər. Əvvəlcə ərazidə sərgiyə baxış keçirildi. Sərgidə kitablar, rayonun tarixini yaşadan eksponatlar iştirakçılar tərəfindən maraqla qarşılandı. Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin işçiləri bildirdilər ki, 1930-cu ildə yaradılan Qubadlı rayonunun ərazisi 802 kvadratkilometrdir. Qarabağ yaylasının cənub-şərqində yerləşir. Ermənistanla o vaxtkı Dağlıq Qarabağ Muxtar vilayəti arasındakı ərazini əhatə edir. Şimaldan Laçın, şərqdən Cəbrayıl, cənubdan Zəngilan rayonları ilə həmsərhəddir. Tarixən Qubadlının iqtisadiyyatı yerləşdiyi coğrafi şəraitlə əlaqədar olub. Bol sulu Həkəri və Bərgüşad çayları vadisində yerləşən kəndlərin əhalisi münbit torpaqlardan əkinçilik məqsədilə istifadə edib, taxılçılıq, xüsusilə çəltikçilik əhalinin əsas məşğuliyyət sahəsi olub.

Sərgidə xalq qəhrəmanları Qaçaq Nəbi və Həcərin şəxsi əşyaları da nümayiş etdirildi. Barələrində söylənən əfsanələr xatırlandı, bayatılar və nəğmələr səsləndirildi.

Sərginin kitab guşəsində təzə çapdan çıxan nəşrlər, xüsusilə nəşr tarixi keçən əsrin əvvəllərinə gedib çıxan kitablar iştirakçıların marağına səbəb oldu.  

Mərasimdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirdi ki, bu gün xalqımız Novruz bayramını qeyd edir. Məcburi köçkünlər həmişə dövlət tərəfindən onlara göstərilən dəstəyi hiss edir. Prezident İlham Əliyev hər zaman sosial məsələlərin həllini xüsusi diqqət mərkəzində saxlayır. Qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğı Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edir. Bu siyasi kursun təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyev mütəmadi olaraq qaçqın və məcburi köçkünlərlə görüşür, onları düşündürən məsələlərlə yaxından tanış olur və problemlərinin həlli üçün göstərişlər verir.

M.İsaqov daha sonra dedi: “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı bu baxımdan böyük qayıdışın ilk rəsmi müqəddiməsidir! Cənab İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamda birinci mərhələdə 50 fərdi yaşayış evin, məktəb binasının və müvafiq infrastrukturun tikintisini nəzərdə tutur. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb. Qarabağ dönüşünə qubadlılılar öz paylarını verməyə hazırdırlar. İllər keçməsinə baxmayaraq vətən həsrəti hər bir qubadlılının qəlbində yaşayır və tezliklə doğma torpaqlara onlar da dönmələrini arzulayırlar. Onlar əmindirlər ki, ölkə rəhbərinin apardığı siyasət nəticəsində torpaqlarımız tezliklə işğaldan azad ediləcək və belə tonqallar hər kəsin öz yurdunda, öz həyətində alovlanacaq.

Bayram şənliyi respublikanın tanınmış incəsənət xadimlərinin və “Bərgüşad” ansamblının üzvlərinin ifasında şən mahnılarla davam etdi. Novruzun simvolu olan Kosa və Keçəlin, kəndirbazın əyləncəli hərəkətləri şənliyə xüsusi rəng qatdı.

 

Akif ƏLİYEV,

“Azərbaycan”