Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Ölkəmizi tanıyaq”: Masallı və Astara rayonlarına ekskursiya

18 Mart 2017
“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Quba, Qusar, Xaçmaz, Ağsu, Qobustan, Ağdaş və Tərtər rayonlarının məktəbliləri Lənkəranla tanışlıqdan sonra martın 18-də Masallı və Astara rayonlarına səyahət ediblər.

AZƏRTAC xəbər verir ki, Masallıda tur-aksiyanın iştirakçılarını rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.

Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb.

Məktəblilər Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Humanitar aksiyanın iştirakçıları Mərkəzin rəqs qrupunun çıxışlarını maraqla izləyiblər.

Sonra tur-aksiyanın iştirakçıları Uşaq İncəsənət Məktəbinə gəliblər.

Məlumat verilib ki, Uşaq İncəsənət Məktəbi ötən il sentyabrın 3-də Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib. Qeyd olunub ki, Masallı Uşaq İncəsənət məktəbi 1979-cu ildən fəaliyyət göstərir. 1994-cü ildən məktəbdənkənar tədris üçün uyğunlaşdırılmış binada fəaliyyət göstərən məktəbin daha müasir və geniş binada yerləşdirilməsi yüksək səviyyədə həyata keçirilib. Ümumi sahəsi 2743 kvadratmetr olan ikimərtəbəli binada 33 sinif otağı var. Sinif otaqlarının hamısı müasir avadanlıqla, təlim-tədris ləvazimatları ilə təchiz olunub. 150 yerlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Kitabxana, rəsm otağı və heykəltəraşlıq emalatxanasında dərslərin keçirilməsi üçün bütün imkanlar nəzərə alınıb. Məktəbdə hazırda 305 şagird təhsil alır və 70 müəllim çalışır.

“Ölkəmizi tanıyaq” layihəsinin yeddinci mərhələsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın iştirakçıları ötən il sentyabrın 3-də istifadəyə verilmiş Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olublar. Muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, muzey 1950-ci ildə yaradılıb və şəhər mərkəzindən 16 kilometr məsafədə yerləşən keçmiş məktəb binasında fəaliyyət göstərib. Ölkəmizdə muzey işinin yüksək səviyyədə təşkil olunması, bu sahədə daha modern layihələrin tətbiq edilməsi, ən əsası da əhali, xüsusilə də gənclər arasında tariximizə marağın artırılması ilə bağlı həyata keçirilən tədbirlərin geniş vüsət alması Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin də fəaliyyətinin yenidən təşkili, muzeyin təyinatına uyğun yeni binada yerləşdirilməsi zərurətini yaradıb. Beləliklə, muzeyin üçmərtəbəli yeni binasının inşası üçün Azərbaycan Prezidentinin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə 2 milyon manat vəsait ayrılıb. 2014-cü ildə tikintisinə başlanan binada inşaat işləri bu ilin iyulunda başa çatdırılıb.

Ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat var. Onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir.

Burada müstəqillik tariximizə xüsusi yer verilib. Müstəqilliyimizin banisi olan xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr qurulub.

Sonra tur-aksiya iştirakçıları "ASAN həyat" kompleksinə gələrək buradakı "İntellektual Mərkəz"də keçirilən Masallı məktəblilərinin "Breyn-rinq" yarışmasını izləyiblər.

Məktəblilər, həmçinin Masallı Olimpiya İdman Kompleksi, Bayraq Meydanı və Azərbaycan Dövlət Rəmzləri Muzeyi ilə də yaxından tanış olublar.

Masallı rayonu ilə tanışlıqdan sonra şagirdlər günün ikinci yarısında Astara rayonuna gəliblər.

Humanitar aksiyanın iştirakçılarını Astara Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Məktəblilər Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətini, böyük rəhbərin Astara rayonuna səfərlərini əks etdirən eksponatlar və fotoşəkillərlə maraqla tanış olublar.

Sonra şagirdlər Astara şəhərində Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksinə gəliblər.

Məktəblilərə Astaranın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı, əhalinin məşğulluğu və sosial-iqtisadi inkişafı barədə məlumat verilib. Qeyd olunub ki, Astara zəngin təbiətə və qədim tarixə malik, nadir el sənətkarlığının, qədim adət-ənənələrin və folklorun qorunduğu qədim yaşayış məntəqəsidir.

Park-bulvar kompleksi ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları “Astaraçay” MMC-nin çay fabrikində çay emalı prosesini izləyib, burada yaradılmış “Çay muzeyi”də nümayiş etdirilən eksponatlara maraqla baxıblar.

Masallı və Astara rayonları ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları Lənkəran rayonuna qayıdıblar.