Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Caz-muğam sintezinin yaradıcısı

18 Mart 2017
Vaqif Mustafazadə sənətinə həsr edilən miniatür kitabda dünya cazmenlərinin fikirləri də yer alıb

 

Vaqif Mustafazadənin adı yalnız caz musiqisini sevərlərin yox, həm də muğam aləminin biliciləri tərəfindən daim yüksək dəyərləndirilib. Vaqif sənətdə  eksperimentlərə həmişə hazır olub, öz sözünü layiqincə deyib. Bu xüsusiyyət, əlbəttə, heç də həmişə birmənalı qəbul edilməyib. Çünki bütün sənətlərdə belədir: yeniliklər, adətən, çox çətinliklərlə özünə yol açır.

Vaqif Mustafazadə sənətinə həsr edilən miniatür kitabın Miniatür Kitab Muzeyində keçirilən təqdimatı da yaddaqalan tədbirlərdən biri oldu. Muzeyin təsisçisi Zərifə Salahova təqdim olunan kitab haqqında məlumat verərək dedi ki, nəşrin ideyası Vaqif Mustafazadənin ev-muzeyinin direktoru, sənətkarın dayısı qızı Afaq Əliyevaya məxsusdur: “Bir neçə il əvvəl Moskvada Rafiq Fərhadovun Vaqif Mustafazadə haqqında kitabı nəşr edilib. A.Əliyeva böyük formatda olan bu kitabın üzərində işləyib və nəticədə həmin materiallar əsasında miniatür kitaba Vaqif Mustafazadənin yaradıcılığından bəhs edən məqalələr daxil edilib. Nəşrə “Ön söz”ü xalq yazıçısı Anar, epiloqu Afaq Əliyeva yazıb”. Rus dilində, 100 nüsxə tirajla çapdan çıxan, 55x60 millimetr formatda olan kitab 256 səhifədən ibarətdir. Nəşrə rəngli və ağ-qara 29 fotoşəkil daxil edilib.

Təqdimat mərasimində tanınmış cazmen Cavan Zeynallı virtuoz sənətkar haqqında fikirlərini bildirərkən xatırlatdı ki, Vaqif Mustafazadə Azərbaycanda caz-muğam sintezinin əsasını qoyub: “Bu janrı Qərbdə tanıtmaq üçün val yazdırıb. Nyu York caz klubunun direktoru Bakıya gələndə Vaqif Mustafazadəni onunla görüşməyə qoymasalar da, o, valları Tbilisiyə aparıb və orada konsert verən amerikalı cazmenlərə təqdim edib. 1976-cı ildə ABŞ cazmeni və bəstəkarı Herbi Henkokun ifa etdiyi kompozisiyada muğam elementləri də vardı. Çünki o, Vaqifin valına qulaq asmışdı. V.Mustafazadənin musiqisini hələ bundan sonra da öyrənəcəklər”.

Görkəmli televiziya və kino rejissoru, xalq artisti Vasif Babayev dedi ki, muğama maraq Vaqifə anası Zivər xanımdan keçib. V.Mustafazadə sovet dövründə yaşamağına baxmayaraq, Qərb musiqisinə və üslubuna maraq göstərməsi ilə ətrafdakılardan seçilirdi. Onu sevir və hörmət bəsləyirdilər.

Tədbirdə xalq artisti Ramiz Quliyev, əməkdar jurnalist Elmira Əliyeva, ekspert Cahangir Səlimxanov, saksofonçu Rafiq Seyidzadə, şair Maşallah Məftun və digər çıxış edənlər Vaqif Mustafazadənin Azərbaycan musiqi mədəniyyətinə töhfələrindən söz açaraq, onunla bağlı xatirələrini bölüşdülər.

Böyük sənətkarın ev-muzeyinin direktoru Afaq Əliyeva tədbir iştirakçılarına təşəkkür edərək bildirdi ki, cazla muğamı sintez etmək böyük hadisədir. Hər bir musiqiçi yenilik etmək üçün daim axtarışda olur: “Vaqif Mustafazadənin “76” adlanan bir kompozisiyası var. Əsərdə 76 takt olduğuna görə belə adlanır. O, bu caz kompozisiyasını ifa edərkən birdən-birə “Bayatı-Şiraz” muğamına keçir. Bununla da cazla muğamı sintez edə biləcəyini anlayır.

Dünyanın məşhur caz ustalarının Vaqif Mustafazadə sənətinə ölümündən sonra verdiyi qiymət həm də xalqımızın ünvanına yazıldı.

Virtuoz cazmenin ailəsində onun sənətini sevə-sevə yaşadanları qaldı. Ömür-gün yoldaşı Elza Mustafazadə “Sevil” instrumental ansamblının solisti kimi tanındı. Böyük qızı Lalə Fransada opera sənətinə yiyələnərək, Paris Konservatoriyasının məzunu oldu. Bu gün o, məşhur Qrand-operanın solistidir. Kiçik qızı Əzizə Mustafazadə isə, dünyanın məşhur caz ifaçısı və bəstəkarlarındandır.

 

Nübar İSAZADƏ