Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısının iştirakçılarına

18 Mart 2017
Hörmətli toplantı iştirakçıları!

Sizi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən Dünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısının açılışı münasibətilə salamlayır, tədbirin işinə uğurlar arzulayıram.

Dünya Su Şurası İdarə Heyətinin növbəti toplantısının, eləcə də 8-ci Dünya Su Forumunun Beynəlxalq Aparıcı Komitəsinin 4-cü iclasının regionda ilk dəfə Bakı şəhərində təşkili təqdirəlayiq hadisə olub, beynəlxalq aləmdə Azərbaycana göstərilən yüksək etimadın nümunəsidir.

Hazırda dünyada qlobal su çatışmazlığı probleminin kəskinləşməsi su resurslarından səmərəli istifadə və su ehtiyatlarının inteqrasiyalı idarə olunmasını, transsərhəd su resurslarının istifadəsi və qorunmasında birgə əməkdaşlığı zəruri edir. Ölkəmiz bu sahədə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atmışdır.

Azərbaycanda əhalinin keyfiyyətli içməli su ilə davamlı təmin edilməsi, insanlara göstərilən sanitariya xidmətlərinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Yeni texnologiyalara əsaslanmaqla icra olunan içməli su və kanalizasiya layihələri əhalinin sağlamlığının qorunmasına, həmçinin ekoloji təhlükəsizliyin təmin edilməsinə xidmət göstərir.

Ölkəmizin dünya su sektorunda nüfuzlu təşkilatlardan sayılan Dünya Su Şurasında təmsil olunması bu sahədə əlaqələrin genişləndirilməsi və qarşıya çıxa biləcək problemlərin birgə səylərlə aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümidvaram ki, toplantı beynəlxalq miqyasda su ehtiyatlarından, transsərhəd su mənbələrindən səmərəli və inteqrasiyalı istifadə ilə bağlı aktual məsələlərin birgə həllinə, qarşılıqlı faydalı əməkdaşlığa və perspektiv fəaliyyət istiqamətlərinin müəyyənləşməsinə öz töhfəsini verəcəkdir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 mart 2017-ci il.