Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İLHAM ƏLİYEV müstəqillik dövrünün böyük əfvini elan etdi

18 Mart 2017
 

Prezident bu dəfə 423 ailəni sevindirdi

 

Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına yönəlmiş kompleks tədbirlərin davam etdirilməsi bu sahədə yüksək nəticələrin əldə olunmasına imkan yaradır. İnsan hüquqlarının təmini istiqamətində həyata keçirilən tədbirlər vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsas şərtlərindən biri kimi çıxış etməklə, nəinki respublikamızda, həmçinin beynəlxalq arenada da yüksək qiymətləndirilir.
Ölkəmiz insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulub. Bundan başqa, ulu öndərin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur. Ölüm hökmünün ləğvi ilə əlaqədar Azərbaycan Respublikası Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın ikinci Protokoluna da qoşulmuşdur. O vaxt hətta Avropa Şurasının üzvü olan bir sıra dövlətlər də analoji addımı hələ atmamışdılar. Yüksək humanizmin və insanpərvərliyin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmişdir.
Hər bir fərdin mənafeyinin əsas götürüldüyü hüquqi dövlət quruculuğu prinsiplərinə həssas münasibətin əyani təcəssümü olaraq Azərbaycanda məhkumların əfv edilməsi - bağışlanması təqdirəlayiq ənənəyə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət və lider kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də məhz bu idi ki, o, günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı, islah etməyi də bacarırdı. Əfvetmə institutunun bərpası və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının yaradılması bu istiqamətdə atılmış mühüm addım kimi vurğulanmalıdır. Şəffaf və demokratik əsasda fəaliyyət göstərən komissiyada ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiliyinə lazımi şərait yaradılmış, əfv fərmanlarının imzalanması və məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlı müraciətlərinə həssaslıqla yanaşılır, onlar zaman keçdikdə, cəzalarının çəkilməmiş hissəsindən tam və ya qismən azad edilirlər.
Şəxsiyyət azadlığına humanist münasibətin formalaşdığı respublikamızda ulu öndər Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış və bu, 3104 məhkuma şamil edilmişdir. Həmçinin 1996-2003-cü illərdə 7 dəfə amnistiya elan edilmişdir. Amnistiya aktları törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirən 77 mindən çox insana şamil edilmiş, 21 min 325 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur.
Ulu öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu siyasətin varisliyini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son on dörd ildə əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin etmişdir. Dövlət başçısının ötən müddətdə əfvlə bağlı imzaladığı sərəncamlar Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir.
Prezident İlham Əliyevin martın 16-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalaması da bu baxımdan əhəmiyyətlidir. Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq humanizm prinsiplərinin əsas götürüldüyü qeyd edilib. Bu sərəncam bir daha Azərbaycan dövlətinin humanizm siyasətinə üstünlük verdiyini göstərir. Martın 17-də cəzaçəkmə müəssisələrində əfv fərmanının icrası həyata keçirilmişdir. Sərəncam ümumilikdə 423 nəfərə şamil olunub.
Prezident İlham Əliyevin bu əfv sərəncamı Novruz bayramı ərəfəsində qohum-əqrəbası həbsdə olan ailələrə sonsuz sevinc bəxş etdi. Müxtəlif səbəblərdən azadlıqdan məhrum edilərək həbsə alınan və artıq cəzalarının müəyyən bir hissəsini çəkən, eyni zamanda, islah olunma istiqamətində müsbət nəticələr əldə edən şəxslər azad cəmiyyətə qovuşdular və şübhə yoxdur ki, onlar ictimai həyatda öz yerlərini tutacaqlar. Bu, həmin insanlara bundan sonra həyatda öz yollarını düzgün seçməklə bağlı verilmiş şansdır. Belə bir şansın verilməsi dövlətimizin humanizm siyasətinin mahiyyətindən və məzmunundan doğur. Əfv sərəncamının bayram ərəfəsində imzalanması isə xüsusilə xoş ovqat yaradır. Çünki həm əfvə düşən insanlar, həm də onların ailə üzvləri və yaxın qohumları bayramı daha yüksək əhvali-ruhiyyədə qeyd edirlər. Məlumat üçün bildirək ki, dövlət başçısı son 14 ildə sonuncu da daxil olmaqla 30 əfv sərəncamı imzalayaraq 3805 nəfərə azadlıq bəxş edib.
Prezident İlham Əliyevin ötən illərdə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyi və sülhünün təmin olunması, etimad mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar onun ədalətli rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər. Bu məqam ölkə başçısının idarəçilik fəlsəfəsində humanizm və insanpərvərlik ideyalarının parlaq xətt təşkil etdiyini bir daha təsdiqləyir. Azərbaycan Prezidenti bu addımlarının mahiyyətini ölkə ictimaiyyətinə çox düzgün, dürüst şəkildə izah edir.
Azərbaycanlı milli düşüncəsində xeyirxahlıq, nəciblik, mərhəmət, yaxşı əməl və mənəvi saflıq kimi kateqoriyalar xalqımızın əsrlərlə formalaşan adət-ənənələrində, dəyər və düşüncə sistemindən qırmızı xətlə keçir. Humanizm və insanpərvərlik ideallarını rəhbər tutan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Birinci-vitse prezident Mehriban xanım Əliyeva da bu istiqamətdə mühüm addımlar atmışdır. İnsanların zehninə, düşüncəsinə xeyirxahlıq toxumu səpərək fədakarlığı ilə tək Azərbaycana deyil, bütün dünyaya son dərəcə gözəl bir örnək - mərhəmət və humanistlik nümunəsi sərgiləyən Mehriban xanım Əliyeva amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü ilə çıxış edərək Milli Məclisə qərar layihələri göndərmişdi.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ötən ilin mayında da 28 May - Respublika Günü münasibəti ilə amnistiyanın elan edilməsi təklif ilə çıxış etdi. Bununla bağlı qərar layihəsi parlamentin mayın 20-də keçirilən iclasında müzakirəyə çıxarıldı. Müzakirələrdən sonra “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edildi. İyunun 15-dən icra olunan qərara əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər cəzadan azad edildilər. Bundan əlavə, bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, yetkinlik yaşına çatmayanlar, əlillər, qoca və ahıllar, öhdəsində yetkinlik yaşına çatmayan və ya əlil övladı olanlar və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad edildilər. Amnistiya aktı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxsləri, həmçinin bu döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarını da əhatə etdi. Bundan başqa, islah işlərinə, ictimai işlərə, cərimə cəzalarına məhkum edilmiş şəxslərə də amnistiya şamil edildi. Ümumilikdə 10 min məhkum amnistiya aktının təsiri altına düşdü ki, onlardan 3 min 500-ə yaxın şəxs cəzaçəkmə müəssisələrindən azad edildilər.
Beləliklə, 1995-ci ildən sonra imzalanan 62 əfv fərman və sərəncamları ilə 6909 nəfər əfv edilib. 11-ci amnistiya aktının icrasından sonra isə ötən 20 ildə amnistiyaya düşmüş şəxslərin sayı 116 min nəfərdən çox olub.
Dövlət başçısının ötən müddətdə qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması, insan və vətəndaş hüquq və azadlıqlarının təminatçısı kimi çıxış etməsi, eyni zamanda onun yüksək humanizminin ifadəsidir. Azərbaycan Prezidenti İlham Əliyev praqmatik siyasətçi olaraq əməli addımları ilə hər bir fərdin maraq və mənafelərinin qorunmasına dövlət təminatının olduğunu praktik surətdə təcəssüm etdirir.

Elnur HACALIYEV,
“Azərbaycan”