Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Avropanın enerji xəritəsini dəyişir

18 Mart 2017
 

Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi və beynəlxalq birliyin ən etibarlı tərəfdaşı olan Azərbaycan daxili imkanları hesabına böyük iqtisadi, maliyyə resursları tələb edən beynəlxalq layihələr həyata keçirir. 

Regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən ölkəmiz həm də dünya miqyasında sabit iqtisadiyyata malik olan bir dövlət kimi xarakterizə olunur və son illərdə öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən, daxili-xarici investisiyalarından uğurla faydalanaraq dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilib. Bir vaxtlar investisiya qoyulan Azərbaycan indi Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahibdir və ölkəmizin adı qaz ixrac edən böyük dövlətlər sırasında çəkilir.

 

“Cənub qaz dəhlizi” - Azərbaycanı İtaliya sahilləri ilə birləşdirən kəmər sistemi

 

Son 12 ildə Azərbaycanın iştirakı ilə mühüm qlobal layihələr həyata keçirilib və bu gün daha böyük layihələrin inşası davam etməkdədir. Bu ilin fevralında isə Bakıda “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirildi. Layihənin inşası, əhəmiyyəti və gələcək planların müzakirə olunduğu mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev uğurla həyata keçirilən proseslə bağlı öz fikirlərini bildirdi. Dövlət başçısı vurğuladı ki, bu layihə Azərbaycanın sərmayələrə dəyər verən və onları müvafiq şəkildə qoruyan etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir. “Cənub qaz dəhlizi”nin bütün dörd seqmenti paralel şəkildə həyata keçirilir. Buna görə də layihənin dəqiq icrası və vaxt qrafikinə riayət olunması ən vacib məsələlərdəndir.
“Şahdəniz-2” layihəsi üzrə işlərin 90 faizi, Cənubi Qafqaz Boru Kəməri üzrə 80 faizə yaxını, TANAP 65 faiz və Transadriatik kəməri üzrə isə 34 faizi icra edilmişdir. Bu isə yaxşı irəliləyişin, layihənin uğurlu icrasının vacib göstəricisidir.
Martın 13-də isə Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü zamanı Prezident İlham Əliyev ölkəmizin son illərdə həyata keçirdiyi strateji layihələr barədə geniş məlumat verərək bir daha Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirdi. “Cənub qaz dəhlizi” barədə də geniş məlumat verən dövlət başçısı diqqətə çatdırdı ki, bu, hazırda Avropada ən böyük infrastruktur layihəsi hesab olunur. Layihənin dəyəri 40 milyard dollara yaxındır. Bu, 6 ölkədən keçməklə Azərbaycanı Bakıdan İtaliya sahilləri ilə birləşdirən inteqrasiya olunmuş kəmər sistemidir. Avropa Komissiyası bu layihəyə güclü dəstək verir və Azərbaycan bu layihədə aparıcı rola malikdir. Bu layihə Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçılarına yeni alternativ təbii qaz mənbələri gətirəcək. “Bu layihənin həyata keçirilməsində bir çox şirkətlər iştirak edir. Bu, enerji şaxələndirilməsi, enerji təhlükəsizliyi layihəsidir və bu, həqiqətən də XXI əsrin layihəsidir. Çünki layihənin həyata keçirilməsini təşkil etmək nə texniki, nə də maliyyə nöqteyi-nəzərindən asan məsələdir. Bu layihə beynəlxalq maliyyə institutları, əsasən də Dünya Bankı tərəfindən dəstəklənir və mən şadam ki, Fransa bankları da bu layihənin həyata keçirilməsinin maliyyələşməsini təmin edir” - deyə dövlət başçısı vurğulamışdır.

 

Region üçün hava nəqliyyatı ilə yükdaşımalar qovşağına çevrilən Azərbaycan

 

Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycan artıq sahib olduğu müasir nəqliyyat infrastrukturu ilə də böyük maraq cəlb edir. Ölkəmizin diqqət yetirdiyi başqa bir strateji istiqamət isə Azərbaycanda nəqliyyat qovşağının yaradılmasıdır. Ölkəmizin əlverişli coğrafi mövqeyi bu qovşağın yaradılmasına tam imkan verir. Eləcə də Azərbaycanın hər növ təyyarə, o cümlədən ən böyük yük təyyarələri qəbul edə bilən 6 beynəlxalq hava limanı mövcuddur. Ölkəmiz artıq region üçün hava nəqliyyatı ilə yükdaşımalar qovşağına çevrilib, eləcə də bütün qonşu ölkələrlə dəmir yolu əlaqələrimiz var.
MEDEF-in biznes şurasının üzvləri ilə görüşü zamanı dövlət başçısı Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi növbəti layihə barədə də məlumat verərək qeyd etdi ki, ölkəmiz bu il Gürcüstan vasitəsilə Türkiyə ilə dəmir yolu əlaqəsi yaradacaq. Bu, Xəzər dənizi, Azərbaycan vasitəsilə Çindən Avropaya dəhliz açır və yüklərin daşınması vaxtını iki dəfə azaldır: “İlk sınaq qatarı artıq bizim ərazimizdən keçib. Ötən il biz, həmçinin Hindistandan Pakistan, Fars körfəzi, İran, Azərbaycan, Rusiya, Şimali Avropaya uzanan Cənub-Şimal nəqliyyat dəhlizinin yaradılmasına çoxlu investisiya yatırmaqla, bizi İranla birləşdirən dəmir yolu xəttinin çatışmayan hissəsini tamamlamışıq. Biz üzərimizə düşən hər şeyi etmişik”.
Prezident qeyd etdi ki, bu dəhlizin çatışmayan hissəsi tikilən kimi Azərbaycan Hindistandan Şimali Avropaya yüklərin indiki 40-45 gün əvəzinə 14 günə daşınmasına imkan verən yeni marşrut açacaq. Şimaldan Cənuba, Şərqdən Qərbə olan bu dəhlizlərin hər ikisi təkcə coğrafi mövqeyi sayəsində deyil, həyata keçirilən müstəqil, məqsədyönlü siyasət sayəsində Azərbaycan ərazisindən keçir.

 

Xəzərdə yükaşırma qabiliyyəti 25 milyon ton olan ən böyük dəniz limanı

 

Prezident İlham Əliyev Parisdə bir daha Azrəbaycan dövlətinin malik olduğu imkanlar, həyata keçiriləcək növbəti layihələr barədə məlumat verərək vurğuladı ki, infrastruktursuz coğrafiya çox da böyük məna kəsb etmir. Hazırda Azərbaycan Xəzərdə yükaşırma qabiliyyəti 25 milyon ton olan ən böyük dəniz limanını inşa edir. Birinci mərhələ bu il tamamlanacaq: “Qeyd etdiyim kimi, 6 beynəlxalq hava limanı, müasir yük gəmiləri, hər növ gəmi istehsal edə bilən gəmiqayırma zavodu, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi və əlbəttə ki, qonşularla çox yaxşı əlaqələr. Çünki qonşularla əməkdaşlıq etməsən nəqliyyatda hədəflərə nail ola bilməzsən. Bizim bütün qonşularımızla - Şimal, Cənub, Qərb və Xəzər dənizindən o yana Şərq qonşularımızla əla siyasi və iqtisadi əlaqələrimiz var, bu həmçinin regionun sabitliyi üçün vacibdir. Daxildə sabitlik, daxildə inkişaf və sərhədlərimizdən kənarda proqnozlaşdırıla bilən vəziyyət, qonşularla yaxşı əlaqələr - bütün bunlar artıq baş verir. Bu reallıqdır. Başqa sözlə, bizim siyasətimiz regionda yeni reallıq və ilk növbədə, qeyd etdiyim kimi, qonşularımızla yeni əməkdaşlıq formatı yaradıb”.
Dövlət başçısı eyni zamanda söylədi ki, Azərbaycan həmçinin təkcə ikitərəfli deyil, həm də artıq üçtərəfli regional əməkdaşlıq formatı yaradıb. Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-İran və son olaraq Azərbaycan-İran-Rusiya üçtərəfli iqtisadi və siyasi əməkdaşlığı regionda çox müsbət siyasi və iqtisadi mühit yaradan üçtərəfli əməkdaşlıq formatıdır. “Cənub qaz dəhlizi” də bu baxımdan çox cəlbedicidir.
Potensial iri sərmayəçi kimi mövqeyini möhkəmləndirən Azərbaycan regionda xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə bu gün MDB-də aparıcı dövlətlərdən birinə çevrilib. Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında respublikamız bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilmiş ölkə kimi səciyyələndirilir. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya yatırılıb. İndi xarici şirkətlər təkcə neft və qaz sahəsinə deyil, həm də xidmət, turizm, hotel biznesinə, kənd təsərrüfatına investisiya yatırırlar. Xarici və yerli şirkətlərin bütün investisiyaları lazımi şəkildə qorunur. Buna görə də bu, Azərbaycana investisiya yatırmaq üçün əlavə stimul və maraq yaradır. Hər bir xarici sərmayə isə Azərbaycanın gələcəyi, sabahın etibarlı maliyyə təminatı deməkdir. Xarici dövlətlərə yatırılan sərmayələr Azərbaycan üçün böyük əhəmiyyətə malikdir və dəyəri milyard dollarlarla ölçülən investisiyalar ölkəmizin gələcək güclü maliyyə rezervləridir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”