Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əfv sərəncamı icra olundu

18 Mart 2017
 

Prezident İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamından irəli gələn vəzifələr Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən icra olunub. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25, digərinki 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Sərəncamın icrası Ombudsman aparatının, dövlət qurumlarının, Ədliyyə Nazirliyinin yanında fəaliyyət göstərən ictimai komitənin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki 2 saylı cəzaçəkmə müəssisəsində də həyata keçirilib.

Tədbirdə  Ədliyyə Nazirliyi  Penitensiar Xidmətinin  rəis müavini, ədliyyə polkovniki Məhərrəm Qafarov bildirdi ki, dövlət başçısı İlham Əliyevin Prezidentliyi dövründə əfvlə bağlı imzaladığı sərəncamlarla minlərlə məhkum azadlığa buraxılıb: “Bu, əlbəttə, dövlətin öz vətəndaşlarına qayğısı, xalq-hakimiyyət birliyinin təcəssümüdür. Hazırda icra olunan  əfv sərəncamının xalqımızın milli adət-ənənələrini qoruyub saxlayan, min illik yol gələn Novruz bayramı ərəfəsində imzalanması isə heç də təsadüfi deyil. Bu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, humanizm prinsiplərinə söykənən dövlət siyasətinin tərkib hissəsidir. Yəqin ki, azadlığın nə demək olduğunu hiss edən keçmiş məhkumlar sabaha nikbinliklə baxaraq bir daha cinayət törətməyəcəklər”.

O da diqqətə çatdırıldı ki, əfv sərəncamı bir qayda olaraq cəzaçəkmə müəssisələrində nümunəvi davranışı ilə fərqlənən, həqiqətən, islah olunmuş məhkumlara şamil edilir. 

Azadlığın  həsrətini çəkənlər, məhkumluq  həyatının acılarını yaşayanların hər biri törətdiyi cinayətin cəzasını çəkdiklərini dərk edib, növbəti dəfə imzalanan sərəncamla onları doğmalarına qovuşduran dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Elmar Əliyev 2 saylı cəzaçəkmə müəssisəsində  azadlığa buraxılanlar arasında qismən yaşlı görünürdü. Yəqin ki, bu, onun 11 illik azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə bağlıdır. Ömrünün 8 ilini bu cəzaçəkmə müəssisəsində keçirib. Cəzasının çəkilməmiş 3 ilindən azad edilib.  Özü demişkən, itirdiyi bu illərdə çox düşünüb-daşınıb. İndi azadlığa buraxılanları dünyanın xoşbəxtləri hesab edir. Onu qarşılamağa gələn tələbə-magistr qızı Aysellə necə görüşəcəyi barədə düşündüyünü də dilə gətirdi: “Mən atayam, 3 qızım var. Bu gün ardımca gələn Ayselimin, Xavərimlə Aytacımın, eləcə də ailəmizin qayğılarını çəkməyə məcbur olmuş anaları Aytəkinin illərdir ki, gözləri yollarda qalmışdı. Bu xeyirxahlığa və humanizmə görə, ailəmiz adından dövlət başçısı İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya olduqca minnətdaram”.

Məhkumluq həyatına nöqtə qoyan sənədi - azad olunması barədə  buraxılış vərəqəsini alarkən təşəkkürünü bildirməyə çalışan Elvin Şirinovu qəhər boğdu. Lakin onun qırıq-qırıq ifadə etdiyi fikirlər daha təsirli idi: “...Kimsənin yolu həbsxanadan keçməsin. Azadlığın  qədrini bilək, vətənə layiqli olaq” - dedi.

2 saylı cəzaçəkmə müəssisəsində nigeriyalı Obanna Sebastyan da məhkumluq həyatı yaşayıb. Qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik maddə gətirərkən 2009-cu ildə yaxalanaraq cinayət məsuliyyətinə cəlb olunub. 15 illik həbs cəzasına məhkum edilən O.Sebastyan 8 ildir ki, tikanlı məftillər arasında azadlığın arzusunu çəkib.  Söhbət zamanı  xalqımızın humanistliyini Azərbaycan dilində bildirərək etiraf etdi ki, itirdiyi ömrünün 8 ili, qazandığı xalqımızın dilini öyrənmək olub.

Dünən bu cəzaçəkmə müəssisəsindən 52 nəfər azadlığa buraxıldı. Azadlığa çıxan şəxslərin hamısı, eləcə də qarşılamağa gələn ailə üzvləri, yaxınları, göstərilən humanistliyə görə ölkə rəhbəri İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.  

 

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

“Azərbaycan”