Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Huawei şirkətinin baş vitse-prezidenti ilə görüşüb

17 Mart 2017
Martın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Huawei şirkətinin baş vitse-prezidenti xanım Ami Lin ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı ümummilli lider Heydər Əliyevin vətəni Naxçıvanda görməkdən məmnunluğunu bildirib, Huawei şirkətinin Azərbaycandakı fəaliyyətinə 2002-ci ildə Naxçıvandan başladığını və ötən dövrdə yaxşı əlaqələrin qurulduğunu diqqətə çatdırıb. Həyata keçirilən qarşılıqlı layihələrdən razılığını bildirən Ali Məclisin Sədri imzalanacaq yeni müqavilənin də bu baxımdan əhəmiyyətini vurğulayıb. Naxçıvan Muxtar Respublikasında yeni innovasiyaların tətbiqindən danışan Ali Məclisin Sədri muxtar respublikanın bütün ərazisinin sürətli internetlə təmin olunduğunu, dördüncü nəsil mobil rabitə şəbəkəsinin fəaliyyət göstərdiyini, Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində rabitə və yeni texnologiyalar üzrə mütəxəssislərin hazırlandığını qeyd edib.

Ali Məclisin Sədri naxçıvanlı tələbələrin Çində “Huawei” şirkətinin yay təlim məşğələlərində iştirakından məmnunluğunu ifadə edib, Naxçıvan Muxtar Respublikası ilə Huawei şirkəti arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Huawei şirkətinin baş vitse-prezidenti Ami Lin Naxçıvana səfərindən və keçirilən görüşdən böyük məmnunluq duyduğunu bildirib. Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafının onda böyük təəssürat yaratdığını diqqətə çatdıran Ami Lin xüsusilə yeni texnologiyaların tətbiqi sahəsində görülən işləri yüksək qiymətləndirib. Dünyanın ən böyük telekommunikasiya şirkətlərindən olan Huawei ilə Naxçıvan Muxtar Respublikası arasında ötən 15 ildə səmərəli əməkdaşlığın qurulduğunu qeyd edən qonaq yeni texnologiyaların iqtisadi inkişafdakı əhəmiyyətinə toxunub, Huawei şirkətinin muxtar respublika ilə əməkdaşlığa bundan sonra da mühüm əhəmiyyət verəcəyini bildirib.

Görüşdən sonra Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyaları Nazirliyi ilə Huawei şirkəti arasında “Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində telekommunikasiya şəbəkəsinin yeni nəsil telefon stansiyaları ilə əvəz edilməsi” haqqında müqavilə imzalanıb.