Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Liberation” portalı: Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməlidir

17 Mart 2017
Fransanın “Liberation” portalı Parisdəki “Azərbaycan Evi”nin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın “Fransa münaqişənin sülh yolu ilə həllinə töhfə verməlidir” sərlövhəli məqaləsini yayıb.

Məqalədə müəllif Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Fransaya rəsmi səfərinə, ölkələrimiz arasında diplomatik münasibətlərə toxunub. O deyib: “Bu səfər iki ölkə arasındakı əlaqələrin dinamizmindən xəbər verir və bunun bir neçə səbəbi var. İlk növbədə, bu illər ərzində Fransa ilə Azərbaycan arasında əlaqələr böyük dinamika ilə inkişaf edib. İkincisi, Azərbaycan böyük maraq doğurur, çünki o, siyasi tərəfdaşdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra daim müasirləşmək, hüquqi dövlət qurmaq, demokratik institutlar yaratmaq məqsədilə çox vacib siyasi, iqtisadi və institusional islahatlar aparır. Azərbaycan 1918-ci ildə qadınlara səsvermə hüququ verib, 1998-ci ildə ölkədə ölüm hökmü ləğv edilib, dünyəvilik və tolerantlıq ənənələri inkişaf edir, burada müsəlmanlar, xristianlar və yəhudilər bir ailə kimi qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bu gün Ermənistanla münaqişə şəraitində olmasına baxmayaraq, 30 minə yaxın erməni mənşəli vətəndaş Bakıda və digər şəhərlərdə tam təhlükəsiz şəraitdə yaşayır”.

Dağlıq Qarabağ münaqişəsindən bəhs edən müəllif yazır: “Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb. Münaqişə 1988-ci ildən 1994-cü ilədək Ermənistan ilə Azərbaycan arasında silahlı qarşıdurmalara səbəb olub və Azərbaycan ərazilərinin 20 faizinin (Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon) işğalı, bu rayonların azərbaycanlı əhalisinin doğma yurdundan didərgin düşməsi ilə nəticələnib. Hazırda ölkə əhalisinin 10 faizi qaçqın və məcburi köçkün həyatı yaşayır”.

Yazıda Xocalı soyqırımına da nəzər salınır. Bildirilir ki, Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasətinin kulminasiya nöqtəsi 1992-ci il fevralın 26-da 613 nəfərin, o cümlədən qadınların, uşaqların və qocaların qətlə yetirildiyi Xocalı soyqırımı olub. Xocalı soyqırımının törədilməsini şəxsən sifariş verən Ermənistanın indiki prezidenti Serj Sarkisyan bu qətliamda əli olduğunu Qərb jurnalistlərinə müsahibələri zamanı özü etiraf edib”.

Müəllif, həmçinin münaqişənin həlli istiqamətində atılan addımlardan danışaraq vurğulayıb: “Münaqişənin həllinin fundamental əsasları BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit edilib. Bu qətnamələrdə Azərbaycana qarşı gücdən istifadə edilməsi, onun ərazilərinin işğalı pislənir, ölkəmizin suverenliyi və ərazi bütövlüyü təsdiqlənir, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir”.

Sonda Fransada yaşayan Azərbaycan icmasının bəyanatından da sitat gətirilib: “Fransada yaşayan azərbaycanlılar icması adından Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə bərpa olunması üçün bu işğalın pislənməsini və bu istiqamətdə əməli tədbirlərin görülməsini ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransadan və beynəlxalq birlikdən tələb edirik. Bütün həqiqətlərin əksinə olaraq, başladığı təcavüzdə özünü hər vəchlə qurban kimi qələmə verməyə çalışan Ermənistanı Dağlıq Qarabağın işğalını sonsuz davam etdirməyin mümkün olmayacağını anlamağa çağırırıq. İnanırıq ki, ümumbəşəri dəyərlərimiz yalnız birgə səylərimiz sayəsində qorunub saxlanıla bilər. Fransa hər iki ölkə ilə olan əlaqələri və ona həvalə edilən vasitəçilik rolu sayəsində münaqişənin həllinə töhfə verə bilər”.

 

AZƏRTAC