Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

V Qlobal Bakı Forumu çərçivəsində Qara dəniz-Baltik dənizi təhlükəsizlik icmasının yaradılması məsələsi müzakirə edilib

17 Mart 2017
“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” devizi altında keçirilən V Qlobal Bakı Forumu çərçivəsində “Qara dəniz-Baltik dənizi təhlükəsizlik icmasının yaradılması: Fəaliyyət planına doğru” adlı panel iclasında mövzu ətrafında geniş müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, iclasın moderatoru – Rusiya Federasiyasının sabiq dövlət katibi, Baş nazirin keçmiş müavini Gennadi Burbulis Bakı Forumunun dünyanı düşündürən mühüm məsələləri müzakirə etmək və gələcəyə baxış üçün əlverişli platforma olduğunu deyib. Bildirib ki, Forumda müzakirə edilən mövzular bu gün dünyanın qarşılaşdığı ən mühüm problemləri və baş verən prosesləri əhatə edir.

Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov qeyd edib ki, Qara dəniz-Baltik dənizi ətrafı ölkələrdə hazırda müəyyən problemlər qarşıya çıxır və bu regionda təhlükəsizliyin təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Ona görə də həmin regionda təhlükəsizlik icmasının yaradılması aktualdır və bu prosesdə müəyyən irəliləyişlər müşahidə olunur.

Moldovanın sabiq Prezidenti Petru Luçinski deyib ki, Avropanın müəyyən regionlarında təhlükəsizlik icmalarının yaradılması nəinki qitə ölkələri üçün, ümumilikdə dünyada baş verən proseslər fonunda mühüm əhəmiyyətə malikdir. Çünki bu, çox aktual və vacib məsələdir.

Latviyanın sabiq Prezidenti Valdis Zatlers qeyd edib ki, Bakı Forumunda belə bir məsələnin müzakirəsi təqdirəlayiqdir. Çünki Forumda Qara dəniz-Baltik dənizi regionu ölkələri daha çox təmsil olunur. “Düşünürəm ki, həmin ölkələr regionda təhlükəsizlik icmasının yaradılması və fəaliyyət planının inkişaf etdirilməsi üzrə səylərini artıracaqlar”, – deyə Valdis Zatlers qeyd edib.

Paneldə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.