Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Dövlət Universitetində Novruz bayramı təntənə ilə qeyd olunub

17 Mart 2017
Bakı Dövlət Universitetində (BDU) Novruz bayramına həsr olunan tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, rektor, akademik Abel Məhərrəmov bayram münasibətilə kollektivi təbrik edib, xalqımızın milli dəyərlərə önəm verməsi baxımından Novruzun keçirilməsinin əhəmiyyətini vurğulayıb.

A.Məhərrəmov ulu öndər Heydər Əliyevin Novruz bayramının dövlət səviyyəsində qeyd olunması məqsədilə atdığı mütərəqqi addımları xatırladıb. O, Prezident İlham Əliyevin hər il paytaxtda keçirilən Novruz şənliklərində iştirak etməsini, xalqımıza təbrik ünvanlamasını bayrama olan dövlət qayğısı kimi xarakterizə edib.

Universitetin “Folklor” dərnəyinin təqdimatında Qarabağ, Bakı, İrəvan, Naxçıvan, Gəncə, Şirvan və Lənkəranda Novruz bayramını əks etdirən səhnəciklər, adət-ənənələr nümayiş olunub. Dərnəyin üzvləri və Asəf Zeynallı adına musiqi kollecinin tələbələri muğamlarımızdan parçalar ifa ediblər.

Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” gənclər kamera orkestrinin çıxışı maraqla qarşılanıb. Orkestr tərəfindən Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib, beynəlxalq müsabiqə laureatları rəngarəng mahnılar ifa ediblər.