Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan ilə Argentina arasında çoxtərəfli platformada yüksək səviyyəli münasibətlər qurulub

17 Mart 2017
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov V Bakı Qlobal Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Argentinanın sabiq vitse-prezidenti Xulio Sezar Kobos və Deputatlar Palatasının beynəlxalq münasibətlər komitəsinin baş direktoru Xuan de Dios Sinkuneqi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Argentina arasında münasibətlərin hazırkı durumundan məmnunluq ifadə edilib, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından perspektiv vəd edən sahələr barədə fikir mübadiləsi aparılıb. Xüsusilə kənd təsərrüfatı, enerji sektoru, alternativ enerji mənbələri və infrastruktur sahələri üzrə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edilib.

Azərbaycan və Argentina arasında çoxtərəfli platformada da yüksək səviyyəli münasibətlər qurulduğu vurğulanaraq, BMT çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.