Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Baş nazir: Ötən il təhsil, səhiyyə və mədəniyyət sahələrində maddi-texniki bazanın möhkəmləndirilməsi davam etdirilib

17 Mart 2017
Ötən il ərzində 29 yeni məktəb tikilib, 485 təhsil müəssisəsində cari və əsaslı təmir işləri aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə martın 17-də Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatını təqdim edən Baş nazir Artur Rasi-zadə məlumat verib.

Hesabat ilində təhsil, səhiyyə və mədəniyyət sahələrində maddi-texniki bazanın möhkəmləndirilməsinin davam etdirildiyini deyən Baş nazir bildirib ki, dövlət büdcəsinin vəsaiti hesabına ölkənin bütün ümumtəhsil məktəblərində hazırlıq qrupları yaradılıb. Müsabiqə yolu ilə işə qəbul olunmuş 2400-dən çox müəllimin 70 faizdən çoxu kənd məktəblərinə göndərilib. İlk peşə ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyinin artırılması və yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə 32 peşə təhsili müəssisəsinin bazasında 13 peşə təhsili mərkəzi yaradılıb. İl ərzində 29 yeni məktəb tikilib, 485 təhsil müəssisəsində cari və əsaslı təmir işləri aparılıb.

Baş nazir qeyd edib ki, səhiyyə sisteminin müasir avadanlıqla təmin edilməsi yaxın keçmişdə aparılması mümkün olmayan bir sıra cərrahiyyə əməliyyatlarının bu gün uğurla həyata keçirilməsini mümkün edib. Ötən il icbari tibbi sığortanın tətbiq edilməsi məqsədilə müvafiq dövlət agentliyi yaradılıb və cari ilin əvvəlindən Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihələrin icrasına başlanılıb.

Vurğulanıb ki, ötən il Yay Olimpiya Oyunlarında qazanılan yüksək nəticələr, Bakı şərində keçirilən Formula-1 yarışları və Ümumdünya Şahmat Olimpiadası Azərbaycanın dünyada idman ölkəsi imicini daha da möhkəmləndirib.