Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Magistratura və rezidenturaya sənəd qəbulunun vaxtı martın 28-də başa çatacaq

17 Mart 2017
Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulunun vaxtı martın 28-i saat 12:00-da başa çatacaq.

AZƏRTAC xəbər verir ki, bunu 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə qəbulunun başlanması ilə əlaqədar Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə martın 17-də keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əvvəlcədən müəyyən edilən vaxta əsasən sənəd qəbulu martın 17-də başa çatmalı idi. Aparılan müəyyən analizlər nəticəsində məlum olub ki, magistratura üzrə 2111, rezidenturada isə 900 nəfər hələ də sənədlərini təsdiqləməyib. Bu gecə isə hökumət ödəniş portalında müəyyən problemlər olub. Bütün bunları nəzərə alaraq sənəd qəbulunun vaxtı martın 28-dək uzadılıb.

M.Abbaszadə bildirib ki, bayram günlərində də sənəd vermək və təsdiq etmək mümkündür. Bəzi insanların adları və ya soyadları ilə bağlı müəyyən problemləri olur ki, onlar sənəd qəbulu komissiyalarına müraciət etməlidirlər. Sənəd qəbulu komissiyaları bayramlarda işləməyəcək. Lakin bayramdan sonra komissiyalar iki gün ərzində fəaliyyət göstərəcək və problemləri həll etmək mümkün olacaq. Martın 29-dan artıq magistratura və ya rezidenturaya sənəd vermək mümkün olmayacaq.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, I-IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsində iştirak edəcək abituriyentlər aprelin 10-dək internet vasitəsilə qeydiyyatdan keçməlidirlər. Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili imtahanı aprelin 9-da keçiriləcək.

M.Abbaszadə əlavə edib ki, ali məktəblərə qəbul qaydaları, müsabiqə şərtləri və digər məlumatların əks olunduğu “Abituriyent” jurnalının növbəti sayı bayram günlərindən sonra işıq üzü görəcək.

Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi aprel-may, ikinci mərhələsi isə iyul ayında keçirilməsi nəzərdə tutulur.