Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yuxu qaçaq düşübsə…

17 Mart 2017
Yuxu orqanizmin çox vacib fizioloji vəziyyətidir. Yuxuda bütün orqanizmin, o cümlədən mərkəzi sinir sisteminin iş qabiliyyətini bərpa etmək üçün yaxşı şərait yaranır. Yaşadığımız ömrün təxminən üçdəbiri yuxuya sərf olunur.

Yuxusuzluq əsəb sisteminin və qan dövranının pozulması ilə nəticələnən bir sıra xəstəliklərin – nevroz və psixoz xəstəlikləri, xüsusilə beyin damarlarının aterosklerozu, daxili orqanların, endokrin vəzilərinin, baş- beyin üzvi xəstəliklərinin təsiri nəticəsində əmələ gəlir. Hədsiz yorğunluq və ya psixi pozğunluq zamanı da yuxusuzluq baş verə bilər.

Xalq təbabətində yuxusuzluğun qarşısını almaq və yuxunu bərpa etmək üçün müxtəlif vasitələrdən istifadə olunur.

Yuxudan əvvəl gicgah nahiyəsinə lavanda yağı sürtmək və ya onu qəndin üzərinə 3-5 damcı damızdırıb sormaq lazımdır.

2 xörək qaşığı qurudulub xırdalanmış yemişan meyvəsi üzərinə 1,5 stəkan qaynar su əlavə edilib dəmlənilir, alınan dəmləmə gündə üç dəfə yeməkdən əvvəl içilir.

1 xörək qaşığı vələmir dəni və ya yarması üzərinə 2 stəkan su əlavə edilərək uzun müddət bişirilir və çay kimi içilir, yaxud vələmir dəni və ya yarması üzərinə 5 stəkan su əlavə edilir, suyun yarısı qalana qədər bişirilir, süzülür, üzərinə 4 çay qaşığı bal əlavə edilərək yenidən bişirilir, alınan içki gün ərzində 2-3 dəfəyə qəbul edilir.

1 xörək qaşığı xırdalanmış südləyənin təzə yarpaqları üzərinə 1 stəkan qaynar su əlavə edilir, 1-2 saat dəmləniləndən sonra süzülür, gün ərzində iki dəfə və hər dəfə yarım stəkan içilir.

2 çay qaşığı xırdalanmış pişikotu kökləri 1 stəkan qaynar suda dəmlənir, gün ərzində 3-4 dəfə və hər dəfə 1 xörək qaşığı isti halda qəbul edilir. Yüksək oyanıqlıq zamanı pişikotu dəmləməsi gündə 2-3 dəfə, hər dəfə təxminən yarım stəkan, yuxusuzluq zamanı isə yatmazdan qabaq yarım stəkan qəbul edilir.

1 xörək qaşığı cəbrayılotu kökümsovu və kökü 1 stəkan qaynar suda dəmlənilib süzülür və gündə 3-4 dəfə hər dəfə yarım stəkan qəbul edilir.

Sakitləşdirici və yuxugətirici vasitə kimi 2 xörək qaşığı xırdalanmış ballınanə 2 stəkan qaynar suda dəmlənilir, soyuyandan sonra süzülüb qəbul edilir. Həmçinin hərəsindən 4 hissə pişikotu kökü, xəşəmbül, hərəsindən 5 hissə qaraqınıq, kəklikotu və damotu yığıntısından 2 xörək qaşığı yarım stəkan qaynar suda dəmlənilir, gündə üç dəfə yeməkdən əvvəl hər dəfə 100 ml qəbul edilir.