Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

17 Mart 2017
Martın 17-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Eldar İbrahimov əvvəlcə gündəliklə bağlı məlumat verib. Bildirib ki, gündəliyə “Fitosanitar nəzarəti haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Çayçılıq haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Taxıl haqqında” , “Yeyinti məhsulları haqqında”, “Toxumçuluq haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri daxil edilib.

Dəyişikliklər barədə məlumat verən Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini Vilayət Əlizadə diqqətə çatdırıb ki, bu qanunlar 2014-cü il mayın 30-da qəbul olunmuş “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna uyğunlaşdırmaq məqsədi ilə hazırlanıb. Bildiyiniz kimi, iqtisadiyyatın bütün sahələrində istehsal edilən malın, xidmətin, işin, prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartlarda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğu olmalı və bu uyğunluğun qiymətləndirilməsi təmin edilməlidir. Uyğunluğun qiymətləndirilməsini aidiyyəti təşkilatlar həyata keçirirlər. Həmin təşkilatlar uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərmək üçün özləri akkreditasiyadan keçməlidirlər. Məhz “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanun ölkədə uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən qurumların akkreditasiyasının hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Eldar İbrahimov qeyd edib ki, “Fitosanitar nəzarəti haqqında” qanun layihəsinin zəhərli kimyəvi maddələrin istehsalı, satışı və tətbiqi maddəsində təklif olunan redaksiyaya əsasən pestisidlərin və bioloji preparatların sertifikatlaşdırılmasını müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar həyata keçirirlər.

Müzakirələrdən sonra yeddi qanunun hər birinə təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.