Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Şahdəniz-2” platformalarının ikinci dayaq bloku dənizə yola salındı

17 Mart 2017
 

“Şahdəniz-2” layihəsi çərçivəsində Xəzərdə quraşdırılacaq Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının dayaq bloku dənizə yola salınıb. Qurğu Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan (BDÖZ) Xəzərdəki daimi yerinə nəzərdə tutulduğu vaxtdan əvvəl göndərilib.  Bu barədə “Şahdəniz” konsorsiumu məlumat verib.

Xatırladaq ki, YBTT “Şahdəniz-2”də quraşdırılacaq iki platformadan biridir. Digər platformanın dayaq bloku keçən il sentyabrın 1-də dənizə Prezident İlham Əliyevin iştirakı ilə yola salınıb.

Bu günlərdə BDÖZ-dən yola salınan ikinci dayaq blokunun daşınması, suya endirilməsi, yerləşdirilməsi, dayaqların üzərinə quraşdırılması və yekun tamamlanma işlərinin hava şəraitindən asılı olaraq təxminən 75 gün davam edəcəyi gözlənilir. Dayaq blokunun tikintisi keçən ay uğurla tamamlanmış və qurğu BDÖZ-dəki yanalma körpüsündə “STB-1” daşıma barjına yüklənmişdi.

Dayaq bloku “BOS Shelf”, “Star Gulf” və “Saipem” konsorsiumu tərəfindən inşa edilib. İnşaat işləri yerli tikinti-quraşdırma infrastrukturundan və qurğularından istifadə olunmaqla bütövlüklə ölkə daxilində - BDÖZ-də həyata keçirilib. Tikintiyə subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla 2000 nəfər cəlb edilmişdi. Bu işçi qüvvəsinin təxminən 90 faizi Azərbaycan vətəndaşıdır.

BP-nin “Şahdəniz-2” layihələri üzrə vitse-prezidenti Yuan Dramond demişdir: “İkinci dayaq blokunun dənizə yola salınması bu ilə planlaşdırılmış ilk mühüm işimizdir və qrafiki qabaqlamaqla buna nail olmağımızdan çox məmnunuq. Nəhəng layihənin irəliləyişinə göstərdikləri dəstəyə və əməkdaşlığa görə SOCAR-a və tərəfdaşlarımıza dərin minnətdarlığımızı bildiririk. Eləcə də bu mərhələnin qrafikdən öncə tamamlanmasına nail olmaq üçün öz zəhmətini əsirgəməmiş BP-nin, podratçıların və subpodratçıların bütün əməkdaşlarına minnətdarıq. Qurğunun 22 aylıq tikinti müddətində şirkətimizin texniki təhlükəsizlik standartlarına tam əməl etdiklərinə görə “BOS Shelf”, “Star Gulf” və “Saipem” konsorsiumuna təşəkkür etmək istəyirəm. Bu, əməyin təhlükəsizliyi baxımından böyük nailiyyətdir və əminik ki, dənizdəki quraşdırma işləri də əməyin təhlükəsizliyinə və keyfiyyətə eyni dərəcədə əməl edilməklə həyata keçiriləcək”.

İkinci dayaq blokunun çəkisi təxminən 12084 ton, hündürlüyü 105 metrdir. Qurğu suyun 95 metr dərinliyində quraşdırılacaq.

 

“Azərbaycan”