Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Erkən nikahlara “yox” deyək dərsi

17 Mart 2017
 

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi və Nardaran Bilik Evinin təşkilatçılığı ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisləri Aysel Əkbərzadə və Cəmilə Kərimova Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbdə “Erkən nikahlar və onların fəsadları” mövzusunda maarifləndirici söhbətlər aparıblar.

Yuxarı sinif şagirdlərinin iştirak etdikləri tədbirdə erkən nikahların həm sosial, həm mənəvi, həm də sağlamlıq baxımından ziyanlı təsirlərindən danışılıb.     

İSİM-in əməkdaşı bildirib ki, yeniyetmə yaşında ailə quran öz həyat ritmini pozur. Orta məktəbi bitirib ali məktəbə qəbul olmaq, mütəxəssis kimi yetişmək, bilik və bacarıqları cəmiyyətin inkişafı istiqamətində yönəltmək hər bir gəncin məqsədi  olmalıdır. Erkən nikahlar bu məqsədə çatmaqda ən böyük maneədir.

A.Əkbərzadə məktəblilərə uşaq hüquqları haqqında beynəlxalq konvensiyalar  və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında da ətraflı məlumat verərək deyib ki, erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərməklə yanaşı, ailədaxili zorakılıq hallarına gətirib çıxarır.

İSİM-in mütəxəssisi Cəmilə Kərimova erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin problemlərindən, ana və uşaq ölümlərindən danışıb. O qeyd edib ki, gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda verə bilir.

İnteraktiv formada keçirilən tədbirin sonunda mövzu ilə bağlı slayd nümayiş olunub, iştirakçılara maarifləndirici materiallar paylanılıb.

 

“Azərbaycan”