Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Trablisdə hökumət qoşunları ilə müxalifət arasında döyüş gedir

16 Mart 2017
Liviyada qarşıduran qruplaşmalar arasında münaqişə qızışır. Ölkənin paytaxtı Trablisdə beynəlxalq ictimaiyyət tərəfindən tanınmış milli birlik hökumətin qoşunları ilə islamçıların silahlı dəstələri arasında döyüş gedir. Hakimiyyət orqanları paytaxtdakı bütün məktəbləri bağlamışdır. Təhsil müəssisələri vəziyyət sabitləşdikdən sonra açılacaq. Bu barədə “Röyter” agentliyi xəbər verir.

Trablisdə zirehli texnikadan istifadə etməklə silahlı toqquşmalar hələ martın 14-də başlamışdır. Şəhərin cənubunda milli birlik hökumətinin hərbi birləşmələri islamçıların yaratdıqları alternativ hökumətin dəstələrini sıxışdırmağa cəhd etmişdi. Tezliklə döyüş digər rayonlara da yayılmışdır. DPA agentliyinin xəbərinə görə, Liviya paytaxtının sakinləri atəşə məruz qalan evlərində gizlənirlər.

Xatırladaq ki, Liviyada milli birlik hökuməti BMT-nin dəstəyi ilə 2015-ci ilin axırlarında yaradılmış və ötən ilin yanvarına işə başlamışdır. Beynəlxalq ictimaiyyətin tanıdığı Faiz Sərrac hökuməti indiyədək bütün ölkəni nəzarət altına ala bilməmişdir.

Liviyada həmçinin iki qondarma hökumət fəaliyyət göstərir. Bunlar Trablisdəki islamçı milli qurtuluş hökuməti və ölkənin şərqində yaradılmış dünyəvi hökumətdir.