Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyə Niderlandı beynəlxalq hüququ pozmaqda ittiham edir

16 Mart 2017
Türkiyənin BMT-dəki daimi nümayəndəliyi Niderland hökumətinin beynəlxalq hüququ pozması barədə təşkilatı məlumatlandırmışdır. Bu barədə daimi nümayəndəliyin diplomatik notasına istinadən “Anadolu” agentliyi xəbər verir.

Türkiyə hesab edir ki, Niderland öz hərəkətləri ilə ailə və sosial siyasət naziri Fatma Bətül Sayan Kayaya münasibətdə diplomatik əlaqələr haqqında Vyana konvensiyasını pozmuşdur. Sənəddə deyilir ki, “bu hərəkətlər diplomatik etiketə, habelə adi beynəlxalq hüquq normalarına ziddir”.
Türkiyə həmçinin notanın BMT Baş Assambleyasının diplomatik nümayəndəliklərin müdafiəsi haqqında hesabatına əlavə olunmasını və onun bütün üzv-ölkələrə paylanmasını tələb etmişdir.
Martın 11-də Fatma Bətül Sayan Kaya türk icması qarşısında çıxış etmək niyyəti ilə Almaniyadan Niderlanda gəlmişdi. Sonradan o, Türkiyənin Rotterdamdakı baş konsulluğunun yaxınlığında saxlanmış, “arzu olunmayan əcnəbi” elan edilmiş və geriyə, AFR sərhədinə göndərilmişdir. Həmin gün Niderland hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enməsinə də icazə verməmişdir.
Bu hərəkətlərə cavab olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandı “nasist tör-töküntüsü, faşist” adlandırmışdır. Ankara həmçinin Niderland səfirinin məzuniyyətdən sonra geri qayıtmasını qadağan etmişdir. Bundan əlavə, Niderland baş vermiş hadisələrə görə üzr istəməyənədək bu ölkədən diplomatik aviareyslər qəbul olunmayacaq və Haaqa ilə yüksək səviyyədə bütün təmaslar dayandırılacaq.