Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Paytaxt məktəblilərinə “Ölkəmizi tanıyaq” tur-aksiyası barədə məlumat verilib

16 Mart 2017
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Bakının ümumi təhsil məktəblərinin şagirdləri ilə görüşlər keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə Prezident İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən tur-aksiyalar barədə şagirdlərə məlumat verilib.

Qeyd edilib ki, “Ölkəmizi tanıyaq” devizi altında ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdlərinin ölkəmizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları artıq dörd ildir təşkil olunur. Məqsəd şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Nəzərə çatdırılıb ki, tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitmir. Aksiyanın hər iki mərhələsində məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları keçiriləcək, qaliblərə xatirə hədiyyələri təqdim ediləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil olunacaq.