Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Macar şairi İmre Madaçın əsərinin Azərbaycan dilində nəşri ədəbi-mədəni əlaqələrin inkişafına töhfədir

16 Mart 2017
Bakıda “Macarıstan günləri” keçirilir. Tədbir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi, Macarıstan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycanın Macarıstandakı səfirliyi, bu ölkənin Azərbaycandakı səfirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə birgə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, martın 16-da “Macarıstan günləri” çərçivəsində MEK-də macar yazıçısı İmre Madaçın “İnsanın faciəsi” əsərinin Azərbaycan dilində nəşrinin təqdimatı olub.

Tədbirdə Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotski Azərbaycanda “Macarıstan günləri”nin təşkilinə görə təşəkkürünü bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-Macarıstan ədəbi əlaqələrindən danışıb. Qeyd olunub ki, iki ölkə arasında ədəbi əlaqələr XX əsr boyu və müstəqillik illərində geniş inkişaf edib. Macar ədəbiyyatının görkəmli klassiki İmre Madaçın “İnsanın faciəsi” əsərinin Azərbaycan dilinə tərcüməsi və Bakıda yüksək poliqrafik səviyyədə nəşri müasir dövrdə ədəbi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə böyük töhfədir.

Tədbir musiqi proqramı ilə davam edib.