Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları başlayıb

16 Mart 2017
Martın 16-da Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku mərhələsi start götürüb. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi kubokda 23 ölkədən, ümumilikdə 85 kişi, 35 qadın idmançısı iştirak edir.

AZƏRTAC xəbər verir ki, turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastları 6, qadın gimnastları isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

2015-ci ildən etibarən Bakıda gimnastikanın bütün Olimpiya növləri üzrə dünya kuboku mərhələlərinin keçirilməsi artıq ənənəyə çevrilib. İrimiqyaslı beynəlxalq tədbirlərin zəngin təcrübəyə əsaslanaraq yüksək səviyyədə təşkili əlbəttə, ölkədə gimnastika növlərinin inkişafına böyük təkan verir və gimnastika sevərlərin sayını ildən- ilə artırır. Bu yolun davamı olaraq növbəti dəfə təşkil edilən kubokda arenaya toplaşan tamaşaçılar tanınmış idman gimnastlarının təqdimatında güc, zəriflik və əzmkarlığı əks etdirən gərgin mübarizənin şahidi olurlar. Yarış boyunca keçiriləcək əyləncəli fləşmoblar, maraqlı müsabiqələr gimnastika sevərlərə fərqli gün yaşadacaq.

Məşhur kişi idmançıları arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiadanın qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alır.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

FIG dünya kuboku mərhələsi martın 19-dək davam edəcək.