Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Qəbələ” və “Ronaldinho Soccer Academy” arasında 3 illik müqavilə imzalanıb

16 Mart 2017
“Qəbələ” idman klubu ilə braziliyalı futbol əfsanəsi Ronaldinyonun adını daşıyan akademiya arasında müqavilə imzalanıb.

AZƏRTAC “Qəbələ”yə istinadla xəbər verir ki, mərasim Dubayda təşkil olunub.

Əvvəlcə “Qəbələ”nin kommersiya direktoru Mustafa Aztopal təqdimatında tədbir iştirakçılarına Azərbaycan futbolu, o cümlədən ölkəmizdəki idman hərəkatı haqqında məlumat verib.

Sonra 2016-cı ilin oktyabrında Bakıda memorandum imzalayan tərəflər bu dəfə 3 illik anlaşmanı rəsmiləşdiriblər. Müqaviləyə “Qəbələ” tərəfdən klubun vitse-prezidenti Fariz Nəcəfov, “Ronaldinho Soccer Academy” tərəfdən isə Ronaldinyo imza atıb.

Tədbirdə çıxış edən Fariz Nəcəfov layihənin ölkəmizdə futbolun inkişafına və kütləviləşməsinə verəcəyi təkandan bəhs edib. Lisenziya xarakteri daşıyan bu müqavilə ilə “Qəbələ” əfsanəvi futbolçunun adını daşıyan akademiyanın Azərbaycandakı eksklüziv hüquqlarına yiyələnib. Müqaviləyə əsasən klubumuzun üzərinə məktəbin fəaliyyəti üçün baza, təsislər təqdim etmək, şirkətin marka dəyərini qorumaq vəzifələri düşür. “Ronaldinho Soccer Academy” isə eksklüziv ad hüququnu verəcək və lazım olan dəstəyi göstərəcək.

“Qəbələ” və “Ronaldinho Soccer Academy” arasında müqavilənin sentyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub. Qarşıdakı 1 il ərzində yeni akademiyanın bazasının hazır vəziyyətə gətirilməsi planlaşdırılır.