Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rövnəq Abdullayev: IV İslam Həmrəyliyi Oyunlarında futbolçularımız gözəl oyun nümayiş etdirməlidirlər

15 Mart 2017
Qarşımıza məqsəd qoymuşuq ki, 2017-2018-ci il mövsümündə ölkə çempionatında 10 komanda mübarizə aparsın. Bu istiqamətdə işlər görülür. Buna görə də klublar lisenziya məsələlərini həll etməlidirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev martın 15-də təşkil etdiyi mətbuat konfransında deyib.

AFFA prezidenti bildirib ki, birinci diviziondan istənilən komanda Premyer Liqaya yüksələ bilər. Bunun üçün onlar lisenziya məsələsini qaydaya qoymalı və lazımi bazaya malik olmalıdırlar. Bilirsiniz ki, AFFA birinci divizion klublarına kömək edir. İstəyirik ki, regionlarda da futbol inkişaf etsin və bölgələri təmsil edən klublarımızın sayı çox olsun.

IV İslam Həmrəyliyi Oyunlarında milli komandamızdan baxımlı oyun tələb olunacağını diqqətə çatdıran R.Abdullayev deyib: “Hər bir idmançının arzusu çempion olmaqdır. Yığmamız da uğurla çıxış etməlidir ki, azarkeşləri sevindirsin. IV İslam Həmrəyliyi Oyunlarında azarkeşləri stadionlara çağırıram. Çünki bu onlara gözəl oyun nümayiş etdirməkdə kömək olacaq. Azarkeşlər çox olanda idmançının məsuliyyəti də artır”.