Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin nümayəndə heyətini qəbul edib

15 Mart 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin rəhbərlik etdikləri, Serbiyanın sabiq Prezidenti Boris Tadiçin, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanovun, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviçin, Rumıniyanın sabiq Prezidenti Emil Konstantineskunun, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdciyanın, Ərəb Liqasının sabiq baş katibi Əmr Musanın və UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin daxil olduqları Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev mühüm beynəlxalq tədbir – V Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə gəldiklərinə görə onlara təşəkkürünü bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan artıq beşinci dəfədir bu Foruma ev sahibliyi edəcək. Prezident İlham Əliyev bu mötəbər tədbirin müzakirələr üçün maraqlı gündəliyinin olduğunu dedi. Forum iştirakçıları arasında çox tanınmış şəxslərin olduğunu və həmin şəxslərin sayının ildən-ilə artdığını deyən dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi.

Nümayəndə heyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü çatdıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa qeyd etdi ki, əsası beş il əvvəl qoyulan Bakı Forumu böyük uğurlar qazanıb. Qonaq dedi ki, Azərbaycan dövlətinin başçısının qeyd etdiyi kimi, Bakı Forumuna maraq ildən-ilə artır. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini dəstəklədiyinə görə dövlətimizin başçısına təşəkkürlərini çatdırdı. “Biz Nizami Gəncəvinin və Azərbaycanın dostlarıyıq, işimizi həvəslə görürük”, - deyən Vayra Vike-Freyberqa bundan sonra da səylərini əsirgəməyəcəklərini söylədi. Mərkəzin həmsədri dünyanın müxtəlif ölkələrini təmsil edən nüfuzlu qonaqların burada iştirak etdiklərini və Forumun səmərəli dialoqa hərtərəfli imkan yaradacağını vurğuladı.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətinin səyləri və təşəbbüslərini yüksək qiymətləndirdi, onların fəaliyyətinin Qlobal Bakı Forumu kimi geniş beynəlxalq toplantının keçirilməsinə imkan yaratdığını qeyd etdi.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.