Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisdə AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib

15 Mart 2017
Martın 15-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, təşkilatın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova tədbiri giriş sözü ilə açaraq gündəlik və iştirakçılar barədə məlumat verdi. Bildirildi ki, Azərbaycan bu gün bölgədə böyük nüfuz sahibi olan, beynəlxalq məsələlərin həllində fəal iştirak edən, bərabərhüquqlu əməkdaşlığa önəm verən güclü dövlətdir. Bu gün miqrasiya qlobal bir problem olaraq bir çox dünya ölkələrini narahat edir. Bu problemin həllinin doğru yolunu tapmaq üçün müzakirələr aparılmalı və birgə səylər göstərilməlidir. Sahibə Qafarova qaçqın və miqrant problemləri ilə bağlı AŞPA çərçivəsində görülən işlərin əhəmiyyətli olduğunu vurğuladı.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirdi ki, AŞPA-dan Bakıya böyük nümayəndə heyətinin gəlməsi və bu iclasın keçirilməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd edildi ki, Azərbaycan 17 ildir AŞPA-nın tamhüquqlu üzvüdür və qurumla sıx əməkdaşlıq edir. Biz bundan sonra da münasibətlərin hərtərəfli inkişafında maraqlıyıq. Vitse-spiker əlaqələrin qarşılıqlı hörmət və hər iki tərəfin maraqlarına uyğun qurulmasının önəmli olduğunu söylədi.

Diqqətə çatdırıldı ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qaçqın və məcburi köçkün problemləri ilə qarşılaşıb. Torpaqlarımızın 20 faizi işğal altındadır, 10 milyon əhalisi olan ölkəmizdə 1 milyon qaçqın və məcburi köçkün var. Bu gün Avropa Suriya, İraq və digər ölkələrdən olan qaçqınların probleminin həllində çətinlik çəkir. Azərbaycan dövləti isə təkbaşına bu məsələnin həlli ilə bağlı tədbirlər həyata keçirir. Ölkəmizdə yaranan bu problemin səbəbi Ermənistan tərəfindən aparılan işğalçılıq siyasəti, dinc əhalinin etnik təmizləməyə məruz qalması və beynəlxalq ictimaiyyətin ikili münasibətidir. Beynəlxalq səviyyədə bu məsələyə ədalətli yanaşma olsaydı, digər postsovet ölkələrində belə problemlər yaranmazdı.

Valeh Ələsgərov bildirdi ki, qaçqın və məcburi köçkün probleminin həllində AŞPA-nın aidiyyəti komitəsinin üzərinə böyük məsuliyyət düşür. O, komitə üzvlərinə bu istiqamətdəki fəaliyyətlərində uğurlar arzuladı.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxışında bu iclasın qaçqın və məcburi köçkün probleminin həllinə layiqli töhfə verəcəyinə inamını ifadə etdi. Bildirildi ki, bu gün Avropa Şurasının üzvü olan 47 ölkənin 8-nin ərazisində münaqişələr mövcuddur. Bu, Avropada problemlərin və böhranlı vəziyyətin olmasından xəbər verir. Hazırda Türkiyə və Azərbaycanda 4 milyondan çox qaçqın və məcburi köçkün var. Eyni zamanda, Yunanıstanda və İtaliyada olan qaçqın problemi durumun ciddiliyini göstərir. Komitə sədri bu məsələlərin həlli zamanı insanların hüquqlarının qorunmasının zəruriliyini söylədi və bu gün bununla bağlı aparılacaq müzakirələrin önəmli olduğunu vurğuladı. O, habelə Rusiya ilə bağlı vəziyyət, son vaxtlar Türkiyə ətrafında baş verən hadisələrə münasibət bildirdi.

Təhsil naziri Mikayıl Cabbarov dedi ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalı və çoxlu sayda insanın öz doğma yurdundan didərgin düşməsi təhsil sahəsinə də təsirsiz ötüşməyib. İşğal olunmuş ərazilərdə 700-ə qədər təhsil müəssisəsi dağıdılıb. Mütəmadi olaraq atəşkəsin pozulması nəticəsində məktəb və şagirdlər məqsədyönlü şəkildə hədəfə alınır. Məcburi köçkün və qaçqınların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən müvafiq tədbirlər həyata keçirilir, yeni yaşayış kompleksləri salınır, insanlar işlə təmin olunurlar. Ölkə başçısının Sərəncamına əsasən, ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkün və qaçqınların təhsil xərcləri dövlət büdcəsindən ödənilir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 100-dən çox məcburi köçkün gəncin dünyanın aparıcı tədris müəssisələrində təhsili maliyyələşdirilib. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yaşayış evləri ilə yanaşı, məktəb binasının inşası da nəzərdə tutulub.

Bildirildi ki, Azərbaycan öz təhsil sistemində tolerantlıq, multikulturalizm, digər millətlər və dinlər ilə birgə yaşayış kimi dəyərlərə böyük önəm verir. Gənclərin çoxdilli mühitdə təhsil alması müxtəlif mədəniyyətləri öyrənmək, onlara hörmətlə yanaşmaq baxımından əhəmiyyətlidir və ümumilikdə cəmiyyətin güclənməsinə mühüm töhfə verəcək.

Xarici işlər nazirinin müavini Xələf Xələfov çıxışında bildirdi ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial durumunun yaxşılaşdırılması istiqamətində təqdirəlayiq işlər həyata keçirilir. Dövlətimiz tərəfindən bununla bağlı Böyük Qayıdış Proqramı hazırlanıb və bu prosesə Cocuq Mərcanlı kəndinə insanların qayıtması və burada aparılan quruculuq işləri ilə başlanılıb.

Nazir müavini qeyd etdi ki, AŞPA-nın qətnamələrində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Bu gün Azərbaycanın işğal olunmuş ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi və silah alveri aparılır. Ermənistan Dağlıq Qarabağda məqsədli məskunlaşma siyasəti həyata keçirir, Suriya və Livandan olan ermənilər işğal olunmuş ərazilərimizə köçürülür. Məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına mane olmağa çalışırlar. Beynəlxalq ictimaiyyət buna öz münasibətini bildirməli və bu məsələdə Azərbaycanı dəstəkləməlidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məruzəsində söyləyib ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdən biridir. Ötən müddət ərzində onlarla yeni qəsəbə salınıb, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, mədəniyyət mərkəzləri inşa edilib, müasir tələblər əsasında infrastruktur yaradılıb. Azərbaycanın Birinci vitse-prezidenti kimi xanım Mehriban Əliyevanın keçirdiyi ilk müşavirə də qaçqın və məcburi köçkün ailələrin mənzillə təmin edilməsinə həsr olunub. Birinci vitse-prezident bildirib ki, Dövlət Proqramına uyğun olaraq qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatı üçün lazımi tədbirlər mərhələlərlə həyata keçirilir.

Vurğulandı ki, dünyanın bir sıra aparıcı beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğını yüksək qiymətləndirir və bir çox hallarda bizi bu sahədə nümunəvi ölkə adlandırırlar.

Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev çıxışında dedi ki, ölkəmizdə məskunlaşmış qaçqın və məcburi köçkünlər məcburi miqrasiyanın başlıca subyekti kimi Azərbaycan hökumətinin hərtərəfli diqqət və qayğısı ilə əhatə edilib. Bu insanların məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar tədbirlər həyata keçirilir. Ölkəmizin milli qanunvericiliyi bu təbəqədən olan insanlarla bağlı tərəfdar çıxdığı beynəlxalq razılaşmalara tamamilə uyğunlaşdırılıb. Nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə qeyd edilib ki, qaçqın və məcburi köçkünlərə olan dövlət qayğısı və problemin vahid mərkəzdən idarə olunması ilə bağlı Azərbaycanın təcrübəsi model kimi digər ölkələrdə də istifadə oluna bilər.

Qeyd edildi ki, ölkəmizdə tolerantlığın yüksək səviyyədə olması miqrasiya proseslərinə təsir edən əsas amillərdəndir. Bu günə qədər miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntuları müşahidə olunmayıb. Miqrasiya sahəsində qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılması, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə daxilində statuslarının müəyyənləşdirilməsi ilə bağlı prosedurların daha da sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi qəbul edilib.

Sonra gündəlikdəki məsələlər ətrafında müzakirələr başlandı. Çıxışlarda dünyanın ayrı-ayrı ölkələrində mövcud olan münaqişələrin, terror aktlarının insanların həyatına göstərdiyi mənfi təsir, bu problemlər səbəbindən qaçqınların sayının artması, miqrantların qarşılaşdığı çətinliklər, onların hüquqlarının qorunması və digər məsələlər haqqında danışıldı.