Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Paytaxtda I sinfə şagird qəbuluna başlanılıb

15 Mart 2017
Martın 15-də 2017-2018-ci tədris ili üçün elektron sistem vasitəsilə Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarının I sinfinə şagird qəbuluna start verilib.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının icrasını təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə aparılır. Martın 15-dən sentyabrın 15-dək olan dövrü əhatə edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin I sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində apellyasiya komissiyaları təşkil olunub.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyada 2017-2018-ci dərs ili üçün birinci sinfə, ilk növbədə həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Digər ərazilərdə yaşayan valideynlərin (qanuni nümayəndələrin) uşaqları qeyd olunan ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər.

BŞTİ tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün 2017-2018-ci tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə videotəlimat hazırlanıb.

Eyni zamanda, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi “Facebook” səhifəsində martın 15-dən 17-dək I sinfə qəbulla bağlı suallara cavab veriləcək.