Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BMT-nin başçısı: Kişilərin şovinizmi gender bərabərliyinə mane olur

14 Mart 2017
Qadınlar məşğulluq sahəsində hələ də kişilərlə bərabər imkanlardan məhrumdurlar. Onlar kişilərlə bərabər əməyə görə daha az haqq alır və yüksək rəhbər vəzifələrdə layiqincə təmsil olunmayıblar. Qadınların çoxu ayrı-seçkiliklə yanaşı, gender zəminində zorakılığa da məruz qalır. Qadınların Vəziyyətinə dair Komissiyanın BMT-nin Nyu-Yorkdakı iqamətgahında start götürən 61-ci sessiyasının nümayəndələri bu və digər problemləri müzakirə edirlər.

AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, qurumun baş katibi Antoniu Quterriş sessiyada iştirak edən hökumət ekspertlərinə, siyasətçilərə və vətəndaş cəmiyyətlərinin nümayəndələrinə müraciət edərək, onları qadınlara münasibətdə ədalətsizliyə qarşı mübarizə səylərini fəallaşdırmağa çağırıb. O bildirib ki, köhnəlmiş təsəvvürlərə və kişilərin möhkəmlənmiş şovinizminə görə gender zəminində ayrı-seçkilik artır.

BMT-nin başçısı bildirib: “Kişilərin hakim mövqe tutduğu dünyada qadınların hüquq və imkanlarının genişləndirilməsi uğrunda mübarizə əsas prioritet olmalıdır”. O vurğulayıb ki, qadınlar müvəffəqiyyət qazanmaq üçün bütün keyfiyyətlərə malikdirlər, lakin kişilərin şovinizmi onların inkişafına maneə olur.
Antoniu Quterriş deyib: “Hətta özünü mütərəqqi hesab edən ölkələrdə də əvvəlki kimi kişilər hakimdirlər. Kişilərin şovinizmi qadınların inkişafının qarşısını alır və nəticədə bundan hamı zərər çəkir”.


BMT-nin başçısı bu tarixi ədalətsizliyi aradan qaldırmağa və bütün fəaliyyət sahələrində - siniflərdə və iclas salonlarında, silahlı qüvvələrdə və sülh danışıqlarında qadınların vəziyyətinin yaxşılaşdırılmasına, imkanlarının genişləndirilməsinə nail olmağa çağırıb.
Martın 24-dək davam edəcək sessiya çərçivəsində 18 rəsmi iclas keçiriləcək, nazirlərin “dəyirmi masa” arxasında görüşləri olacaq. Sessiyada 200 tədbirin, paralel olaraq 400-ə yaxın görüşün keçirilməsi nəzərdə tutulur.