Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyinə start verilib

14 Mart 2017
Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başlayıb.

AZƏRTAC xəbər verir ki, yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 2000-2001-ci il təvəllüdlü idmançılar iştirak edirlər.

Çempionatın təşkilində məqsəd ölkəmizdə güləşin təbliğinə və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş gənc pəhləvanları yığma komandalara cəlb etməkdir.

Yarışın birinci günündə 42, 46, 50, 54, 58 və 63 kiloqram çəki dərəcələrində yunan-Roma güləşi üzrə 166 pəhləvan mübarizə aparır.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.

Martın 15-də 69, 76, 85 və 100 kiloqram çəki dərəcələrində yunan-Roma, 42, 46 və 50 kiloqram çəki dərəcələrində isə sərbəst güləşçilər güclərini sınayacaqlar. Yarışların sonuncu günündə isə 54, 58, 63, 69, 76, 85 və 100 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər xalça üzərində çıxacaqlar.