Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

25 illik tarixə əsaslanan dostluq əlaqələri

14 Mart 2017
 

Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini təsdiqlədi

 

Azərbaycanın Avropanın ən böyük və nüfuzlu dövlətlərindən biri olan Fransa ilə əməkdaşlıq əlaqələri qurmasından 25 il ötür. Fransa ilə bütün strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birini təşkil edir. Ölkəmizlə Fransa arasında tarixi hələ orta əsrlərə təsadüf edən əməkdaşlıq əlaqələri mövcud olsa da, bu əlaqələr yalnız respublikamızın müstəqillik qazanmasından sonra dinamik inkişaf etməyə başlamışdır.
Qədim tarixi, zəngin mədəniyyəti olan Fransa xalqı dünya sivilizasiyasına böyük töhfələr vermiş, insan hüquq və azadlıqlarına dair ilk təkmil nəzəriyyələr, cərəyanlar məhz bu ölkədə formalaşmışdır. Ölkələrimiz arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri Fransanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olmasıdır. Rəsmi Parisin 1991-ci ilin dekabrında belə bir qərar qəbul etməsi dövlət müstəqilliyini yenicə bəyan etmiş Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyırdı. Bu qərar həm də Azərbaycanın Cənubi Qafqazdakı yerini və rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən Fransanın perspektivdə ölkəmizlə sıx əməkdaşlıq etmək niyyətindən xəbər verirdi. 1992-ci ildə Bakıda səfirliyini açan Fransa bu niyyətini bir daha qabarıq şəkildə göstərdi.
Ulu öndər Heydər Əliyev Fransa ilə münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdi. Bu ölkənin Avropa siyasi arenasına təsir imkanlarını və orada güclü erməni diasporunun olduğunu nəzərə alan ulu öndərin ilk xarici səfərini 1993-cü ilin dekabrında məhz Fransaya etməsi ölkəmizlə bağlı əsl həqiqətlərin çatdırılması baxımından əhəmiyyətli olmuşdur. Bu siyasi kursu inamla davam etdirən Prezident İlham Əliyev ötən müddətdə Fransa ilə əlaqələrin inkişafına xüsusi diqqətlə yanaşmışdır. Dövlət başçısının eynilə ulu öndər Heydər Əliyev kimi ilk xarici səfərə məhz Fransadan başlaması da bunun əyani təsdiqidir. Ümumiyyətlə, cənab İlham Əliyevin prezidentliyi dövründə Fransa-Azərbaycan əlaqələri daha da inkişaf etmiş, ikitərəfli münasibətlərdə qarşılıqlı inam və etimad güclənmişdir.
Fransa Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində oynayacağı rolu müsbət qiymətləndirərək energetika sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bəyan edib. Qloballaşan dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri kimi çıxış edən Fransa əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir. Bundan başqa, respublikamızın Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm geosiyasi əhəmiyyət kəsb edən proses olaraq Fransa üçün də vacib önəm daşıyır.
Azərbaycan Fransanın Cənubi Qafqazda birinci ticarət tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi 2 milyard dollara yaxınlaşır. Əldə edilmiş razılaşmalar və imzalananan müqavilələr nəticəsində bu rəqəmin daha da artacağı proqnozlaşdırılır. Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir ki, həmin şirkətlər tərəfindən icra edilmiş layihələr də ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət edir. Fransanın “Total” və “GDF-Suez” kimi şirkətləri ilə uğurlu əməkdaşlıq buna əyani misaldır.
Ölkə başçılarının qarşılıqlı səfərləri bütün sahələrdə münasibətlərin inkişafına ciddi təkan verir. Fransa prezidentləri Nikola Sarkozi və Fransua Ollandın Azərbaycana, Prezident
İlham Əliyevin isə adıçəkilən ölkəyə rəsmi səfərləri iki ölkə arasında əlaqələrin uğurla inkişafına müsbət təsir göstərib. Prezident İlham Əliyevin Fransaya davam edən rəsmi səfəri də iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini bir daha sübuta yetirdi. Bu səfər Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişafına öz müsbət təsirini göstərəcək.
Prezident İlham Əliyev Fransaya rəsmi səfəri zamanı mühüm görüşlər keçirib. “Vivaction” şirkətinin prezidenti Rişar Mari, “SUEZ” qrupun baş direktorunun müavini, həmçinin MEDEF-in vitse-prezidenti xanım Marie-Ange Debon, DCNS şirkətinin prezidenti Erve Qiyu ilə görüş zamanı ikitərəfli əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Ölkə başçısının “Credit Agricole SA” şirkətinin baş direktoru Ksavye Musca ilə görüşü də maraqlı olub. Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə olunub. Azərbaycan ilə “Credit Agricole SA” şirkəti arasında müxtəlif layihələrin uğurla maliyyələşdirildiyi qeyd edilib. Bir çox layihələrin artıq icra olunduğu, “Credit Agricole SA” şirkətinin “Cənub qaz dəhlizi” layihəsinin maliyyələşdirilməsində iştirak etdiyi, bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə çox yaxşı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Söhbət zamanı Azərbaycan ilə “Credit Agricole SA” şirkəti arasında əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyi bildirilib, qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində müxtəlif layihələrin reallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Ölkə başçısı “Airbus” şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti Nikolya Şamosi ilə görüşündə Azərbaycan ilə “Airbus” şirkəti arasında bir neçə ildir uğurlu əməkdaşlığın həyata keçirildiyi, yaxşı perspektivlərin olduğu bildirilib. Kosmik sahədə, xüsusilə yeni təyinatlı, daha yüksək nəticələr əldə etməyə imkan verən peyklərin hazırlanması ilə bağlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan və Fransa arasında çoxsaylı humanitar tədbirlər də həyata keçirilir. Prezident İlham Əliyev 2012-ci ilin sentyabr ayında Luvr Muzeyində İslam incəsənəti bölməsinin açılışında iştirak edib. Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzi ölkəmizin dünya mədəniyyətinin paytaxtında təbliğ olunması istiqamətində atılan ən mühüm addımlardan biridir.
Xüsusi əhəmiyyəti ilə seçilən bu mədəniyyət hadisəsi dünya gündəminə mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platformasının aparıcı qüvvəsi kimi daxil olan Azərbaycanın ən yüksək səviyyədə tanıdılmasına xidmət edir. Ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatların təqdim edildiyi mərkəz Parisin mədəni həyatında fəallığı ilə seçilən Azərbaycanın bu sahədə həyata keçirdiyi fəaliyyətin rəsmiləşdirilməsinə böyük imkanlar açır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizin xaricdə tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin mühüm hissəsi Parisin mədəni həyatı ilə bağlıdır. Yeni mədəniyyət ocağı isə bu sahədə işlərin daha da gücləndirilməsinə, vahid mərkəzdən idarə olunmasına və daha səmərəli fəaliyyətin qurulmasına geniş imkanlar yaradır.
Azərbaycan və Fransa arasında əməkdaşlıq münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərir. Prezident İlham Əliyevin Fransaya budəfəki səfəri də ikitərəfli əlaqələrin inkişafında yeni imkanlar açacaq.

Elnur HACALIYEV,
“Azərbaycan”