Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlin axır çərşənbəsi: Torpaq

14 Mart 2017
 

Boz aya daxil olan ilin sonuncu Torpaq çərşənbəsi xalq arasında “Axır çərşənbə”, “Yer çərşənbəsi”, “Çərşənbə-suri” və s. adlarla təmtəraqlı şəkildə keçirilir. “Torpaq” ümumtürk mənəvi-əxlaqi dəyərlər sistemində vətən, el-oba, yurd anlayışlarını ehtiva etməklə yanaşı, həm də mifik semantik sakrallığını əks etdirir. Bu çərşənbə Torpağın oyanmasını, dirilməsini şərtləndirir. Erkən təsəvvürlərə görə, dörd mühüm ünsürdən sonuncusunun oyanması nəticəsində Su, Atəş, Yel, Yer üzünü dəyişir, insanları çətinlikdən, sıxıntı və məhrumiyyətlərdən xilas etmək üçün daha da qüvvətlənir. 

Xalq arasında mifik düşüncəni əks etdirən belə nümunələrdən birində deyilir ki, adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Sel, Atəş, Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Torpaq xatunu oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun “Adamları fəlakətə salan özü fəlakətə düşər” deyə yerindən qalxır, Sel, Atəş, Yel və Torpaq xatun əl-ələ verib: “Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi, təzə ömür, təzə məhsul, il gəldi” deyə-deyə işıqlı dünyaya çıxırlar. Deyirlər həmin gün ilin əziz günü olan Axır çərşənbə idi.
Məlumdur ki, Torpaq insanın yaradılışında bilavasitə iştirak edən dörd müqəddəs ünsürdən biridir. Böyük Yaradanın nazil etdiyi müqəddəs kitabların ən fəzilətlisi Qurani-Kərimdə “Fatir (“Yaradan”) surəsinin 11-ci ayəsində belə buyurulur: “Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir”. Əc-Səcdə (“Səcdə”) surəsinin 7-ci ayəsində buyrulur: “Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş”, Ər-Rum (“Rumlular”) surəsinin 20-ci ayəsində isə belə deyilir: “Allahın sizi torpaqdan xəlq etməsi Onun dəlillərindəndir”. Maraq doğuran məsələlərdən biri də İslam dinində torpağın müqəddəsliyini göstərən təyəmmümlə bağlıdır. Təyəmmüm - su olmadıqda, su tapılmayanda torpaqla, qum və ya tozla dəstəmaz almaq deməkdir. Bu barədə Qurani-Kərimdə “Ən-Nisa” (“Qadınlar”) surəsinin 43-cü ayəsində Böyük Yaradan belə buyurur: “Ey iman gətirənlər!.. Su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün!” Deməli, torpaq insanın yaradılışında iştirakdan əlavə, həm də suyu əvəz edir, safdır, müqəddəsdir, insanı pak edə biləcək qüvvəyə malikdir, yaradılış torpaqla bağlıdır. Teoloji düzümdə ilk insanın yaranmasında torpaq ilkin faktor kimi çıxış edir, yəni Ulu Tanrı insanı əvvəlcə torpaqdan, daha sonra istilik və sudan, ən sonda öz nəfəsini üfürməklə yaratmışdır. Novruzun yaranmasında, mərasim folklorunda isə bu düzüm bir qədər fərqlənir, yəni Su, Od, Yel birləşib Torpağı dirildir, oyadır, artıq əkin-biçinə, şumlamaya hazır edir. Rəvayətə görə, bir kişi hər il torpağı şumlar, əkib-biçib bol məhsul götürərmiş. Aylar, illər ötür. Zaman öz işini görür. Kişi qocalıb iş-gücdən qalır. Gözlərinin nurunu itirir. Bir gün o, oğlunu yanına çağırıb deyir ki, bala, şum vaxtıdır. Öküzləri hayla, xışa qoş, torpağımızı şumla. Oğul atasının sözünə əməl edir. Sabahısı gün yenə ata oğula torpağı şumlamağı tapşırır. Bu dəfə də o, öküzü, xışı götürüb torpağı şumlamağa yollanır. Üçüncü gün də ata oğluna torpağı şumlatdırır. Dördüncü dəfə ata oğluna torpağı şumlamağı tapşıranda o, “yaxşı” deyir, amma torpağı şumlamır. Fikirləşir ki, onsuz da atamın gözləri görmür, haradan biləcək mən torpağı üç dəfə, ya dörd dəfə şumlamışam...
Oğlan torpağı əkib-becərir. Biçin vaxtı yetişir. O, kəhrəba kimi sarı buğdanı biçib dərzləyir. Bu vaxt ata oğluna deyir ki, bala, məni tarlaya apar. Oğlan atasının əlindən tutub dərzlərin yanına gətirir. Ata əlindəki əsasını qarşıya uzadır. Əsa dərzə dəyir, sol tərəfə uzadır, yenə də dərzə dəyir. Əsa sağda da dərzə toxunur. Kişi əsası ilə arxasını nə qədər axtarsa da, görür ki, boşdur. Deyir ki, ay oğul, nə üçün torpağı dörd yox, üç dəfə şumlamısan? Əgər bu işi dörd dəfə görsəydin, indi dərzlərin də sayı üç yox, dörd olardı”.
Göründüyü kimi, torpağı qaydasında əkib-becərmək, şumlamaq çox əhəmiyyətlidir. Torpaq bolluq, bərəkət, bir sözlə, əmin-amanlıq, xoşbəxtlik, firavanlıq gətirir.
Rəvayətə görə, Axır çərşənbədə Xızırın qardaşı, dağ-təpə, yer sahibi Zinda öküzünü itirir, meşəyə onu axtarmağa gedir. Öküzü tapa bilmir, elə meşədə yatır, qar yağdığına görə qarın altında qalır. Elə həmin gecə Bozatlı Xızır göyün doqquzuncu qatından yerə enib qardaşını axtarmağa başlayır. Qardaşını qarın altından tapır, onu nəfəsilə qızdırır. Zinda qarın altından çıxır, öküzünü axtarıb tapır, hamı Zindanın evinə gəlir. Axşam Xızır qızıldan tökülmüş kotan və boyunduruğu qardaşına verir, çərşənbələşdikdən sonra Xızırzinda adı ilə bayram keçirib torpağı oyatmağa çalışırlar.
İnanca görə, Axır çərşənbədə Xızırzinda insanlara bərəkət paylayır. Ona görə də bütün evlərdə un çuvallarının ağzını açardılar ki, paylanan bərəkətdən onlara da pay düşsün. Çərşənbə gününün özünəməxsus adətləri vardır. Ev sahibləri heç kimlə kəlmə kəsmədən əllərini una vurub evin divarlarına, həyətdəki meyvə ağaclarının kötüyünə yavaşca balta ilə toxunar və deyərdilər: “Nə yatmısan, oyan, bərəkət payını götür”. Bağçadakı bar verməyən ağaca isə “kəsəcəyəm” deyərək hədə-qorxu gəlirdilər, bu zaman bir başqa adam sanki Xızırzindanın dilindən belə deyirdi ki, “kəsmə, bu ağac təzə ildə bar verəcək, buna mən zamin...”
Səməni Novruzun əsas atributlarından biridir. Səməni bolluq-bərəkət, ruzi, yaşıllıq və yazın gəlişinin rəmzidir. Erkən dövrlərdən evlərdə səməni qoymaq adəti olmuşdur. Bu adətə görə, buğda, arpa, mərci, noxud və s. islağa qoyulub cücərəndən sonra sini və ya boşqaba sərib üzərini tənziflə örtərək, su çiləyərdi. Müasir dövrümüzdə də səməni qoymaq adəti nənələrimiz, analarımız tərəfindən davam etdirilir.
Yunan filosofu Plutarx (miladın təqribən 46-127-ci illəri) Midiyada - qədim Azərbaycanda taxılı müqəddəs bitki saymaq adətinin olduğunu göstərmişdir. Bu adət hər ilin əvvəlində, yəni yazda icra edilərdi. Çox maraqlıdır ki, bu adət səməni göyərtmək şəklində bizim günlərə qədər gəlib çıxmışdır. Səməni insanların arzu-istəklərini həyata keçirən bir nemət kimi xalq təfəkkürünə daxil olmuşdur:

Səməni, ay səməni,
Göyərdərəm mən səni.
Sən gələndə yaz olur,
Yaz olur, avaz olur.

Səməni cücərdib qohum-əqrəbaya, qonum-qonşuya paylamaq adəti olmuşdur, hətta inanca görə, əgər səməni sıx, düz bitərsə, təzə il bolluq-bərəkət ili olar, əksinə, bir az seyrək bitərsə, bu, həmin ildə çətinliklərin olacağına işarə kimi qəbul edilirdi.
Torpaq çərşənbəsində həmçinin buğdadan “səməni mayası” da hazırlanardı. Buna səməni həlimi, yaxud maya səməni də deyərdilər ki, məhəllə üzvləri olan qadınlar onu birlikdə hazırlayardılar. Bu həlim çəmənlikdə, yaxud müqəddəs ocaq, pir və məscidlərin yanında bişirilərdi. Mənbələrə görə, bu çərşənbə axşamı gecədən sübhə qədər insanlar cəmlənər, “səməni toyu” keçirərdilər. Ağbirçək qadınlar səməni mayası bişən qablara yaxınlaşıb pul, nəmər, yumurta qoyub təzim edər, sağ əllərini üç dəfə qazanlara, sonra dodaq və alınlarına çəkərdilər ki, bu adətə “qazan ziyarəti” deyilərdi. İnanca görə, Xızırzinda gəlib səməni mayasını qəbul edəcək. Ona görə də qazanların üstünə sinidə un qoyardılar ki, Xızırzindanın əlinin izi üzərində görünsün. Səməni mayası sübh tezdən yeyilərdi. Səməni mayası əvvəlcə övladı olmayan gəlinlərə və xəstə uşaqlara verilərdi. İnanca görə, səməni mayası şirin, dadlı olurdusa, Xızırzinda tərəfindən qəbul edilmiş, əksinə, dadsız olurdusa, niyyətin qəbul olunmadığını güman edirdilər. Torpağın və Xızırzindanın insanlara ərməğan etdiyi səməni mayası ömrü uzadan, sağlamlığı möhkəmləndirən əhəmiyyətli təam olduğu üçün ona “Xızırzinda çiçəyi” də deyilirdi.
Novruz və Axır çərşənbə süfrəsinin digər bir atributu isə yumurtadır. Hələ erkən mifik düşüncədə yumurta yaradılış, həyat funksiyası ilə bağlıdır. Şərq xalqlarının, o cümlədən türk mifoloji təsəvvüründə dünyanın yaranması yumurtadan çıxmış quşla əlaqələndirilir. Bu quş Altay xalqlarında müqəddəs hesab olunub qaz adlandırılır. Türkdilli xalqlar arasında qartal quşların xaqanı sayılırdı. Yakutlar isə hesab edirlər ki, şamanlar qartal yumurtasından törəyib, ona görə də qartalı tanrı hesab edirlər.
Zərdüştilərin müqəddəs hesab etdikləri “Avesta”da “dünya yumurtası” anlayışı mövcuddur. Yumurta, onun quruluşu dörd müqəddəs ünsürü özündə daşıyır, ilkin təsəvvürləri əks etdirir. Yumurtanın forması və qabığı Torpağın, qabığın altındakı nazik pərdəsi - Havanın, ağı - Suyun, nəhayət sarısı isə Odun başlıca göstəricisidir. Demək, Novruz süfrəsini bəzəyən boyanmış yumurtalar da hər biri müvafiq mənanı ifadə edir, qırmızı rəng günəşin, göy-yaşıl rəng yazın, baharın, sarı rəng payızın rəmzini bildirir. Bütün bunlar göstərir ki, Novruz ilkinlik, başlanğıc bayramıdır, dünyanın yaranması ilə bağlı ayin, etiqad və mərasimləri bütün dünyada tanıtmağa imkan verir. Təsadüfi deyildir ki, keçən əsrin 80-ci illərində antropoloq alim Tur Heyerdal Azərbaycana səfər edərkən ona Qobustanda Novruz xonçası təqdim ediləndə o öz heyrətini gizlədə bilməmiş və xonçanın önündə diz çöküb bu sözləri söyləmişdir: “Əcəba, bu, dünyanın bəzədilmiş simvoludur, siz nə qədim xalqsınız!”
İnanca görə, Torpaq çərşənbəsində yerin altından “çilif”, yaxud “çilləxana” adlı iki tərəfi açıq və dərin olan dar yol açılır, səhər tezdən “ağırlığımı yer götürsün, mətləbimi Allah versin” deyərək həmin yeraltı yoldan keçəndən sonra üç ədəd alma, yaxud başqa meyvə yeyilməliydi.
Bu inancla insanlar öz müşküllərini sanki torpağa tapşırıb “ölüb, yenidən dirilirdilər”. Bu adət sonralar da böyüklər tərəfindən icra olunardı, xüsusən el arasında yanlışlıqlara yol verənləri, yolunu azanları torpaqdan halallıq almaq və islah olunmaq məqsədilə həmin çilləxanalardan keçirərdilər.
Vaxtilə Torpaq çərşənbəsində “Cütçü şumu”, yaxud “Əkin toyu”, “Səpin toyu”, “Torpaqbasdı”, “Xış-kotan bayramı” adlanan böyük bir mərasim keçirilərdi. Mərasimin baş qəhrəmanı Cütçü baba, yaxud “Gilbaba”, “Turab baba” olmuşdur. Rəvayətə görə, Cütçü baba ilk dəfə insanlara taxıl əkib-biçməyi öyrətmiş övliya, müqəddəs adam hesab olunmuşdur. Bu mərasimdə Cütçü baba vəzifəsini icra etmək üçün elin hörmətli, uzunömürlü ağsaqqalı seçilərdi. Səhər-səhər “Cütçü baba” mərasimi başlamazdan əvvəl hamı el şənliyinə hazırlaşardı. Adətə görə, bir mismarın işlənmədiyi, iydə, ərik ağacından düzəldilən bir cütü, qarakotanı günün altında qoyurdular və onu güzgü qırıntıları, qırmızı parça və s. ilə bəzəyirdilər. Mərasimdə “Cüt gözəlləməsi” oxunardı ki, burada şum aləti vəsf olunardı. Sonra meydana bir cüt Ağ öküz gətirilərdi, onların ayaqlarını qırmızı parçalarla bəzəyib kotana qoşardılar. Bundan sonra meydana Cütçü baba, yaxud Xızırzinda gəlir, bu zaman “Budur gəldi Yer sahibi, Baba, xoş gördük, xoş gördük” deyərək onu salamlayırdılar.
Torpağın oyanmasını əks etdirən Axır çərşənbə Azərbaycanın bəzi bölgələrində Novruz bayramı ilə eyni təmtəraqla keçirilir, yəni İlaxır çərşənbə zəngin mərasim, oyun, tamaşa sistemi daxilində icra edilir. Axır çərşənbə axşamı digər çərşənbələrdən daha çox ayin, etiqad, adət və ənənələr keçirilir, tonqallar qalanır, kütləvi şənlik məclisləri qurulur. Ən əsası, Axır çərşənbə süfrəsi və çərşənbə xonçası bəzədilir. Məlumdur ki, Novruzun əsas şirniyyatları şəkərbura, paxlava, qoğal, şəkərçörəyi və s.-dir. Novruz şirniyyatlarının hər birinin öz mənası var, şəkərbura - Ay, qoğal - Günəş, paxlava ulduz rəmzidir. Bunlar arasında ən çox növü olan paxlavadır: Bakı paxlavası, Quba paxlavası, Şəki paxlavası, Gəncə paxlavası, riştə paxlavası və s. İlaxır çərşənbə və Novruz süfrəsində mütləq bayram plovu bişməlidir.
Axır çərşənbədə bir çox adətlər, rituallar icra edilərdi ki, bunların bir qismi bu gün də xalq arasında sevə-sevə qorunub saxlanmışdır. Qulaq falı, qapı pusmaq, şal sallamaq və s. belə adətlərdəndir. Axır çərşənbə axşamı küsülülər barışar. Axır çərşənbə gecəsində təbiətdə nə varsa, hamısı təzələnir.
Axır çərşənbə günündə bir yerə yumurta, bir yerə cövhər, bir yerə kömür basdırar və niyyət edərlər. Yumurta kömür ilə yazılarsa, niyyət yaxşı gələr. Sonra onları yerdən çıxarıb ərik ağacının dibində basdırarlar. Axır çərşənbə günü, qaş qaralandan sonra dayanıb qonşunun qapısını pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, “söndü”, “viran qalsın” və bu kimi sözlər eşidəndə pis tərəfə yozulur. Axır çərşənbə axşamı gec yatırlar. Yatmazdan qabaq duzlu kökə yeyir, su içmirlər. Gecə yuxuda kökə yeyənə su verirlər. Həmin su verən adam yuxu görənin qismətidir. Axır çərşənbə otuzluq lampanın altına qıfıl bağlayıb qoyurlar. Niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun birinci sözünü niyyətə görə yozurlar. Novruzda axırıncı çərşənbə günü “iynə süzdürüb”, “çillə çıxarırlar”. Hamı deyib-gülür, şənlənir. Hər kim yatdı, onu yatdığı yerə tikirlər. Sonra da üstünə su töküb ayıldırlar... və s.
Novruz bayramı həm də təmizlik, səliqə-sahman, paklıq, aydınlıq bayramıdır. Bu bayram öz gəlişi ilə ürəklərə istilik, sevinc, sevgi, mərhəmətlə yanaşı, bütün evlərə yeni nəfəs, təravət gətirir, evlər, həyət-bacalar təmizlənir, yuyulur, sanki insanlar yeni həyata qədəm qoymağı, yeni arzu-istəklərə nail olmağı, səadətə, xoşbəxtliyə qovuşmağı niyyət edirlər.

Ülkər NƏBİYEVA,
Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, filologiya elmləri doktoru