Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tibbi müayinənin əhəmiyyəti böyük imiş...

14 Mart 2017
 

Doğma ata-baba yurdumuzdan didərgin düşəndən bəri min bir əziyyət çəkdik. Dövlətin  diqqəti, himayəsi sayəsində ağrı-acımız bir qədər  səngidi, toxtadıq, gələcəyə ümid və inamla baxmağa başladıq. Sosial-məişət qayğılarımız da əsasən həllini tapıb.

İndi müasir qəsəbədə yaşayırıq. Burada məktəb, uşaq bağçası, poçt, tibb məntəqəsi fəaliyyət göstərir. Bir sözə, normal həyat üçün zəruri şərait yaradılıb.

Dövlət başçısının tapşırığı ilə ölkədə aparılan tibbi müayinə kampaniyası bizi - məcburi köçkün ailələrini də əhatə edib. Gəncənin tibb işçiləri qəsəbəmizə gələrək sakinlərin müayinəsini burada apardılar. Müayinə məntəqəsinə gələ bilməyən sakinlərə evlərində xidmət göstərdilər.

Ara-sıra sinəmdə ağrılar olurdu - düşünürdüm ki, keçib gedər. Nə yaxşı ki, bu tibbi müayinə keçirildi.  Sağ olsunlar, çox diqqətlə müayinə edib müalicə kursu yazdılar. Məlum oldu ki, ürəyimdə müəyyən problemlər yaranmaqdaymış. Vaxtında üzə çıxarıldı. Təyin olunan müalicə sayəsində tezliklə  sağlamlığıma qovuşacağımı bildirdilər.

Hörmətli redaksiya! Qəzetiniz vasitəsilə bizə göstərilən bu qayğıya görə qaçqın və məcburi köçkün ailələri adından dövlət başçısına minnətdarlığımızı bildirmək istəyirik. Biz bu maddi-mənəvi dəstək hesabına həyatda qaldıq, bu qayğı sayəsində də gələcəyə nikbin baxırıq. 

 

Kamal MƏMMƏDOV,

Gəncədə məskunlaşmış Xocalı sakini