Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sualım var

14 Mart 2017
 

* Rusiya vətəndaşıyam. Novruz  bayramında  Azərbaycana şəxsi avtomobilimdə gəlmək istəyirəm.  Amma bir məsələdən narahatam: avtomobilin arxa yan şüşələri tündləşdirilib. Rusiyada buna qadağa yoxdur. Deyirlər, Azərbaycanda icazə verilmir. Bilmək istəyirəm: belə hal qanunla necə nizamlanır: yəni mən bu avtomobildə şüşələri dəyişmədən Azərbaycana gəlib-gedə bilərəmmi? Avtomobilim Rusiya qeydiyyatındadır. Səfərim də qısamüddətli olacaq.

 

Əli MƏMMƏDOV,

Rusiya, Moskva şəhəri

 

Hazırda ölkəmizdə qüvvədə olan AZS 122-2004 standartının 3.2.4-cü bəndinə əsasən, minik avtomobilinin arxa yan şüşələrində işıqburaxma qabiliyyəti 60 faizdən az olmamalıdır. Lakin bu norma sizin dediyiniz hal üçün tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 151-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

“Yol hərəkəti haqqında” Konvensiyaya 5 saylı Əlavənin 1-ci bəndində deyilir ki, beynəlxalq hərəkətdə olan bütün nəqliyyat vasitələri ilk dəfə istismara verildiyi anda qeydə alındıqları ölkədə qüvvədə olmuş texniki tələblərə cavab verməlidir. Rusiya Federasiyasında isə beynəlxalq standartlara uyğun olaraq avtomobilin arxa yan şüşələri istənilən dərəcədə tündləşdirilə bilər, həmin şüşələrə pərdə və plonka çəkmək olar. Deməli, beynəlxalq yol hərəkətində iştirakı ilə əlaqədar ölkəmizə müvəqqəti gələn (ölkəmizin ərazisindən tranzit olaraq keçən) arxa yan şüşələri tündləşdirilmiş nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməlidir. Belə nəqliyyat vasitələri ölkəmizdə dövlət qeydiyyatına alınmır. Bu nəqliyyat vasitələrinin sürücüləri buna görə hər hansı məsuliyyətə cəlb edilə bilməzlər.

 

Ərşad HÜSEYNOV,

“Digesta” Hüquq Mərkəzinin direktoru