Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Suyu sovulmuş dəyirman

14 Mart 2017
 

Lerik rayonunda, dağlar qoynunda Hamarat adında bir kənd var. Təbiəti füsunkardır, görənləri valeh edir. Kəndin həyatına bərəkət qatan mənbələrdən biri də qayalardan süzülüb gələn bulaqların yaratdığı Ləkər çayıdır. Bu çay kəndin yanından axıb gedir. Vaxtilə çayın kənarında kəndin öz dəyirmanı olub. Ağsaqqalların dediyinə görə, İkinci Dünya müharibəsi dövründə hamaratlılarla bərabər Lənkəran, Astara camaatı da əsasən o dəyirman hesabına dolanıb...

Sonralar dəyirman unudulub. Amma 1985-ci ildə yenidən bərpa olunub və hər gün təsərrüfatların çuval-çuval taxılı üyüdülüb bu dəyirmanda. Un da Hamarat, Daster, Dzdipok və Bradi kənd sakinlərinə - təsərrüfat üzvlərinə paylanılıb. Dəyirmanın gecə-gündüz işləməsi sayəsində kəndli un sarıdan korluq çəkməyib. Beləcə, Allahın suyu və torpağı, kəndlinin də zəhməti hesabına dəyirman 2003-cü ilə kimi işləyib...

Kəndli indi də taxılı istehsal edir. Özü də məhsul bol olur. Ancaq dəyirman dağılıb, yerində yalnız qalıqları gözə dəyir. Halbuki indiki dövrdə də su dəyirmanına ehtiyac var. Hamaratda, eləcə də ətraf dağ kəndlərində hər kəs öz pay torpağında taxıl əkir. Yığılan məhsulu, taxılı üyütmək üçün insanlar 50 kilometr yol qət etməli olurlar. Bu, təbii ki, əlavə xərc, əziyyət deməkdir. Həm də nəzərə almaq lazımdır ki, boranda-qarda, yağışlı havada dağ yolları ilə yük daşımaq daha da çətinləşir. Belə olan təqdirdə kəndin su dəyirmanının bərpası yaxşı olmazmı? 

 

Zəfər ƏLİYEV,

Lerik rayonu Bradi kənd sakini