Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şəhərdə sahibsiz küçə itləri gündən-günə artır

14 Mart 2017
 

Son vaxtlar Gəncə şəhərinin küçələrində sahibsiz itlərin çoxalması sakinləri narahat edir. Heyvanlar günün müxtəlif vaxtlarında sürü ilə insanların qarşısına çıxır, əhali arasında vahimə yaradırlar. Sürü halında bəzən insanlara hücum etməkdən belə çəkinmirlər.

Təhlükə ciddidir: uşaqlar, qadınlar, qocalar yollarda, meydan və xiyabanlarda bu itlərlə qəfil qarşılaşanda həyəcanlanır, stress keçirirlər. Belə hallarda ürək-damar, əsəb xəstəliyi olan şəxslərin hansı vəziyyətə düşdüyünü təsəvvür etmək də çətin deyil. Sahibsiz, baxımsız küçə heyvanları vasitəsilə yoluxucu xəstəliklərin daha sürətlə yayıldığını da nəzərə alsaq, təhlükənin ciddiliyi anlaşılar. Sahibsiz heyvanlar, o cümlədən itlər qidalanmaq üçün zibil qutularının qoyulduğu ərazilərdə daha çox toplanır. Bunun bir səbəbkarı da elə sakinlərin özləridir: onların bəziləri məişət tullantılarını zibil qutularına deyil, ətrafına atırlar. Heyvanlar qida tapmaq üçün bu zibilləri ətrafa dağıdır, yaxınlıqdan keçən insanları qorxudurlar.      

Şübhəsiz, şəhərin təmizliyinə, ümumiyyətlə, sağlamlıq naminə sanitar-gigiyena qaydalarına hamı əməl etməlidir: məişət tullantıları müvafiq konteynerlərə yığılmalı, ətrafa səpələnmədən yığışdırılıb utilizasiyaya göndərilməlidir. Amma küçə heyvanlarının qida mənbələrini ləğv etməklə onlardan xilas olmaq mümkün deyil. Əksinə, bu, heyvanları daha da təhlükəli edə bilər. Odur ki, ilk növbədə heyvan saxlayanlar onlardan imtina edib küçəyə atmamalıdırlar. Unutmaq olmaz ki, onlar da canlıdır və yaşamaq istəyir. Heyvanlara əyləncə vasitəsi kimi baxmaq, bu məqsədlə saxlamaq, çətinliyə düşəndə onlardan imtina etmək də düzgün deyil.

Fikrimizcə, şəhərin müvafiq təsərrüfat işçiləri bu məsələyə ciddi yanaşmalı, sahibsiz heyvanların küçələrdən yığışdırılıb sığınacaqlarda yerləşdirilməsinə çalışmalıdırlar. Bunu nə qədər tez etsələr, sakinlər üçün bir o qədər yaxşıdır.

 

Kəmalə RƏHİMOVA,

Gəncə şəhər sakini