Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qusarda pulsuz tibbi müayinədən keçən 41 nəfər müalicə üçün ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib

13 Mart 2017
Qusarda əhalinin kütləvi pulsuz tibbi müayinələri zamanı daha çox şəkərli diabet, qan-damar, tənəffüs yolları və ağciyər xəstəliklərindən şikayət edən vətəndaşlar müəyyənləşdirilib. 41 nəfər müalicə üçün Bakı şəhərinin ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.

Bu barədə AZƏRTAC-a müsahibəsində Qusar Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Aybəniz Əliyeva məlumat verib.

A.Əliyeva bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq həyata keçirilən əhalinin kütləvi pulsuz tibbi dispanserizasiyası çərçivəsində Qusar rayonunda fevralın 15-dən bu günədək 17 min 742 sakin müayinə olunub. Müayinə olunan sakinlərin 4621-də müxtəlif xəstəliklər aşkarlanıb, 4435 nəfər ambulator, 186 nəfəri isə stasionar qaydada müalicəyə cəlb olunub.

Humanist aksiya çərçivəsində tibbi yoxlamadan keçənlər ehtiyac yarandıqda rentgen, laborator, ultrasəs və elektrokardioqram müayinələrinə cəlb edilirlər.

Aybəniz Əliyeva bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkə vətəndaşlarının kütləvi pulsuz tibbi müayinəyə cəlb edilməsi xəstəliklərin erkən aşkar olunmasına və vaxtında müalicəsinə, əhalinin sağlamlığının, xalqımızın genefondunun qorunmasına yönəlib.

Aksiyanın mütəşəkkil keçirilməsi üçün əvvəlcədən ciddi hazırlıq işləri görülüb, lazımi şərait yaradılıb. Həmçinin xüsusi tədbirlər planı hazırlanaraq, qrafik tərtib edilib. Tibb müəssisəsi bütün lazımi tibbi avadanlıqlarla təmin olunub və rayonun səhiyyə işçiləri aksiyada fəal iştirak edirlər.

Mayın 15-dək davam edəcək tibbi müayinələrə rayonun bütün sakinlərinin cəlb olunması nəzərdə tutulur.