Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Təcili və təxirəsalınmaz konsultativ tibbi yardım haqqında yeni qaydalar təsdiqlənib

13 Mart 2017
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən səhiyyə naziri Oqtay Şirəliyev Əmr imzalayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Telesəhiyyə texnologiyaların tətbiqi ilə təcili və təxirəsalınmaz konsultativ tibbi yardımın təşkili barədə” imzalanmış əmrə dair yeni Qaydalar təsdiqlənib.

Təcili və Təxirəsalınmaz Konsultativ Tibbi Yardımın (TTKTY) yerlərdə lazımi müalicə və diaqnostika imkanları almaq imkanının məhdud olduğu tibb müəssisələrində müalicə alan və zərərçəkənlərin həyat və sağlamlığına təhlükə yarandığı şəraitdə həyata keçirilməsi nəzərdə tutulub. Həmin yardımı nazirliyin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tibbi heyəti, xidməti müqavilə əsasında - digər ixtisaslaşdırılmış tibb müəssisələrində və ali tibb təhsil ocaqlarında çalışan alimlər, aparıcı mütəxəssislər və ixtisaslaşmış məsləhətçi həkimlər aparır.

TTKTY-nin təmin edilməsi üçün aviasiya, sanitar avtomobillər və digər nəqliyyat vasitələrindən istifadə edilir.

TTKTY briqadasının çağırılmasına əsas səbəb kimi tibb müəssisələrində müalicə alanların həyatına təhlükə yaranması, yerlərdə ixtisaslı üzrə mütəxəssis çatışmaması və ya xüsusi yardımın göstərilməsi üçün şəraitin yoxluğu, aparılan müalicənin səmərəsizliyi və xəstənin vəziyyətinin getdikcə pisləşməsi, xəstəliyin diaqnostika və müalicə taktikasının müəyyən edilməsi zamanı çətinliklərin olması və xəstənin ixtisaslaşdırılmış tibb müəssisəsinə keçirilməsinə zərurət yaranması qeyd olunur.

Bundan əlavə Qaydalarda müasir telesəhiyyə texnologiyaları, o cümlədən, internet, mobil cihazlar, müxtəlif telekommunikasiya proqramlarından istifadə edilməsi də öz əksini tapıb. Qaydalarda göstərilir ki, onlayn videokonfrans–konsultasiya tələb olunan müəssisənin mütəxəssisləri və məsləhətçi həkimlər arasında internet vasitəsilə canlı videodialoqların aparılması, onlayn yazışma (çat) – konsultasiya tələb olunan müəssisənin mütəxəssisləri və məsləhətçi həkimlər arasında internet vasitəsilə mesajlarla fikir mübadiləsi, tibbi görüntülər, o cümlədən rəqəmsal rentgen, ultrasəs, EKQ, KT, MRT və s. müayinələrin nəticələrinə canlı olaraq baxılması qeyd olunur.

Qəbul edilən Qaydalarda, həmçinin məsləhətçi həkim gələnə qədər xəstənin lazım olan bütün zəruri instrumental və laborator müayinələrdən keçirilməsi, ona tibbi baxış zamanı xəstənin müalicə həkimi, şöbə müdiri və onu dəvət edən tibb müəssisə rəhbərliyinin nümayəndəsinin iştirakı barədə tələblər də qeyd olunub.

Xəstənin sağlamlıq vəziyyətindən asılı olaraq, vaxt itkisinə yol verməmək üçün tibbi təxliyə haqqında qərarı ixtisaslı mütəxəssisin telesəhiyyə texnologiyalarından istifadə edərək məsafədən verməsinin və xəstənin daşınmasının TTKTY-nin xüsusiləşdirilmiş briqadası və ya yerli mütəxəssisin iştirakı ilə həyata keçirilməsinin mümkünlüyü də bildirilir.